Əsas səhifəNəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə TƏLİMAT
PAYLAŞ

Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə TƏLİMAT

T Ə L İ M A T

1. Ümumi müddəalar

1.1. Bu Təlimat Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında”, “Polis haqqında”, “Nəqliyyat haqqında” və digər qanunlarına, Nazirlər Kabinetinin 15.03.99-cu il tarixli 40 №-li, 30.06.2000-ci il tarixli 110 №-li Qərarlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsilə bağlı digər normativ hüquqi aktlara uyğun hazırlanaraq Dövlət Yol Polisi (bundan sonra DYP) tərəfindən mexaniki nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət fəaliyyətini tənzimləyir.
1.2. Bu Təlimatda “mexaniki nəqliyyat vasitəsi” (bundan sonra – nəqliyyat vasitəsi) dedikdə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulan mexaniki nəqliyyat vasitələri başa düşülür.
1.3. DYP-nin texniki nəzarət üzrə əsas vəzifəsi yol hərəkəti təhlükəsizliyinin və nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə istismar olunmasının təmin edilməsidir.
1.4. Hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş texniki tələblərə və bu tələblərin icrası üzrə DYP-nin göstərişlərinə riayət etməlidirlər.

2. Dövlət texniki baxışının keçirilməsinin məqsədləri

2.1. Nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkət təhlükəsizliyi qaydalarının, normativlərinin və standartlarının tələblərinə müvafiq olmasına nəzarət etmək;
2.2. Nəqliyyat vasitələrinin mənsubiyyətini, sayını və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək;
2.3. Nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati xətaların qarşısını almaq;
2.4. Qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə: müvafiq kateqoriyalı və etibarlılıq müddətli sürücülük vəsiqəsinin, qeydiyyat şəhadətnaməsinin, «Dövlət rüsumu haqqında»  Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədin, həmçinin nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsinin olmasına nəzarəti təmin etmək.

3. Dövlət texniki baxışının təşkili üzrə tədbirlər

3.1. Nəqliyyat vasitələrinə və qoşqulara dövlət texniki baxışı Azərbaycan Respublikası DİN BDYPİ-nin ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbələri, müayinə mərkəzləri tərəfindən keçirilir. Texniki baxışın keçirilməsində vətəndaşların rahatlığının təmin olunması məqsədi ilə nəqliyyat vasitəsi qeydiyyat yerindən asılı olmayaraq vətəndaşın müraciətinə əsasən istənilən regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində və ya BDYPİ-nin Müayinə Mərkəzində texniki baxışa təqdim oluna bilər.
3.2. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:
3.2.1. texniki baxışın keçirilməsi üçün İnternet vasitəsilə elektron formada müraciət etmə və münasib vaxtı seçmək imkanının yaradılması, habelə nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi barədə vaxtı və tarixi göstərilməklə müraciət edən şəxsə məlumatın verilməsi;
3.2.2. texniki baxışın iş vaxtı ərzində fasiləsiz olaraq keçirilməsi;
3.2.3. texniki baxışın növbələrin yaranmasını istisna edən şəraitdə, xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirilməsi;
3.2.4. dövlət rüsumunun, verginin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməsi;
3.2.5. növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi.
3.3. Nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri yol hərəkətinə buraxılmırlar.
3.4. (çıxarılıb)
3.5. DYP kütləvi informasiya vasitələri ilə əhaliyə nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim edilməsi qaydaları haqqında qabaqcadan məlumat verir.
3.6. Müəssisənin rəhbərliyi dövlət texniki baxış aktı blanklarında (Təlimata 7 və 8 nömrəli əlavələr) tələb olunan məlumatları (texniki vəziyyət haqqında rəy istisna olmaqla) doldurur və tələb olunan digər sənədlərlə birlikdə (nəqliyyat vasitələrinin sayı, dövlət texniki baxışının keçirilməsi üçün dövlət rüsumunun tutulması ödənilməsi barədə sənəd) baxışın keçirilməsinə 10 gün qalmış ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə təqdim edir.

4. Nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim olunması

4.1. Nəqliyyat vasitələrinin sahibləri, sərəncam vermək hüququ olan səlahiyyətli şəxslər onlara məxsus nəqliyyat vasitələrini Daxili İşlər Nazirliyi tərəfindən markalara görə aylar üzrə təyin edilmiş bölgü əsasında yanvar ayının  1-dən oktyabr ayının 31-dək olan müddətdə aşağıdakı qaydada texniki baxışa saz vəziyyətdə təqdim etməyə borcludurlar:
1) Avtobusları, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrini, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrini – ildə bir dəfə;
2) Digər nəqliyyat vasitələrini (1-ci yarımbənddə göstərilənlər istisna olmaqla): istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə;
İstehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə.
Qeyd: Nəqliyyat vasitələri bu bəndin 1-ci və 2-ci yarımbəndlərində nəzərdə tutulmuş müddətlər bitdikdən sonra növbəti il ərzində aylar üzrə müəyyənləşdirilmiş müddətlərdə dövlət texniki baxışına təqdim edilməlidir.
4.2. Nəqliyyat vasitələrinə dövlət texniki baxışı nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:
4.2.1. nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd (sürücülük vəsiqəsi);
4.2.2. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
4.2.3. nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki-təmir sahəsinin və ya stansiyasının sənədini (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə).
4.2.4. fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş illik yol vergisinin və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar sənədləri və ya elektron məlumatları.
4.2.5. nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi.
4.3. Nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan digər şəxs texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət edə və münasib vaxtı seçə bilər. Həmin şəxsə texniki baxışın keçirilməsi vaxtı və tarixi barədə məlumat verilir.
4.4. DYP rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində texniki baxışın keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısını və müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsini, habelə sənədlərin elektron formada qəbul edilməsini təmin edir. Müraciət edən şəxs müəyyən edilmiş qaydada doldurulmuş ərizəni və bu Təlimatın 4.2-ci bəndində göstərilən digər sənədlərin skan edilmiş surətlərini elektron formada dövlət texniki baxışını həyata keçirən orqana təqdim edə bilər. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyini dövlət texniki-baxışını keçirən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarında istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.
4.5. Aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur:
1) Avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri: - istehsal olunduğu vaxtdan bir il müddətində;
2) Digər nəqliyyat vasitələri (1-ci yarımbənddə göstərilənlər istisna olmaqla): - istehsal olunduğu vaxtdan dörd il müddətində.
Qeyd: Nəqliyyat vasitələri bu bəndin 1-ci və 2-ci yarımbəndlərində nəzərdə tutulmuş müddətlərin qurtardığı il də daxil olmaqla texniki baxışa təqdim olunmurlar.
İstehsal olunduğu vaxtdan dörd il müddəti ötməmiş nəqliyyat vasitələri ilkin qeydiyyata alınarkən nəqliyyat şəxslərə məxsus nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində Dövlət Yol Polisi tərəfindən aşağıdakı müddətlərə riayət edilməsi təmin olunmalıdır:
- «VAZ», «QAZ», «Moskviç», «ZAZ», «UAZ» və MDB istehsalı olan digər minik avtomobilləri üçün: yanvar, fevral, mart, aprel ayları;
- Xarici ölkələrdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: may, iyun, iyul ayları;
- Yük avtomobilləri və avtobuslar üçün: avqust, sentyabr, oktyabr ayları.
Nəqliyyat vasitələri müəyyən edilmiş müddətdən əvvəl texniki baxışa təqdim edilə bilərlər.
4.6. (çıxarılıb)
4.7. (çıxarılıb)
4.8. (çıxarılıb)
4.9. Nəqliyyat vasitələrini dövlət texniki baxışının keçirildiyi yerə təqdim etmək mümkün olmadıqda (texniki nasazlıqla bağlı olaraq və s.) müəyyən edilmiş müddət ərzində onun sahibi və ya texniki vəziyyətinə cavabdeh şəxs DYP-yə yazılı və ya elektron qaydada ərizə ilə müraciət etməlidir. Nəqliyyat vasitəsinə həmin orqan tərəfindən nəqliyyatın dayanacaq yerində baxış keçirilir və nasazlıq aradan qaldırılana qədər nəqliyyatın istismarı bu Təlimata uyğun olaraq qadağan edilir. 

5. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edilməsində DYP-nin əsas vəzifələri

 5.1. Nəqliyyat vasitələrinin konstruksiyalarının zavod üsulu ilə beynəlxalq standartlara uyğun bir model çərçivəsində ban və ban hissələrinin hazırlanması və yenidən quraşdırılması, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə icazə vermək, nəqliyyat vasitələrinin yol hərəkəti təhlükəsizliyinin tələblərinə, dövlət standartlarına, normativ sənədlərə uyğun olmasına nəzarət etmək;
5.2. Mürəkkəb quruluşlu avadanlıqlaşdırma aparılan nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi ilə bağlı tələblərə uyğunluğu baxımından onların texniki layihə sənədlərinə və texniki vəziyyətinə dair rəy vermək, nəqliyyat vasitələrinin sınaqdan keçirilməsində iştirak etmək, normativ tələblərə cavab verməyən nümunələrin (məmulatın) istehsalını dayandırmaq barədə müvafiq orqanlara təqdimatlar göndərmək;
5.3. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərə, müəyyən olunmuş standartlara uyğun gəlməyən, habelə konstruksiyalarında özbaşına dəyişiklik aparılmış və icazəsiz yenidən quraşdırılmış nəqliyyat vasitələrinin istismarını qadağan etmək;
5.4. Nəqliyyat vasitələrinin zərərli tullantılarından ətraf mühitin qorunması sahəsində qüvvədə olan qaydaların, normativlərin, standartların tələblərinə riayət edilməsinə nəzarəti həyata keçirmək;
5.5. Təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, idarələr, təşkilatlar və fiziki şəxslər tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması sahəsində qüvvədə olan qaydaların, normativlərin və standartların tələblərinə riayət edilməsinə nəzarət etmək;
5.6. Nəqliyyat vasitələrində reklamın yayılması qaydalarına nəzarət etmək.

6. Dövlət Yol Polisinin hissələri arasında texniki nəzarət üzrə vəzifələrin bölgüsü

6.1. AR DİN Baş DYP idarəsinin Avtotexniki müfəttişlik şöbəsi iş fəaliyyəti ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir:
6.1.1. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yeni istehsal olunan nəqliyyat vasitələrinə, habelə nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və ya yenidən avadanlıqlaşdırılmasına, aqreqat və ban hissələrinin dəyişdirilməsinə, layihə sənədləri tələb olunan hallarda hərəkət təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından rəy verir, onların sınaqlarında iştirak edir, tələblərə cavab verməyən nümunələrin istehsaldan çıxardılması barədə təqdimat verir;
6.1.2. layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılıq verir;
6.1.3. nəqliyyat vasitələrinin mühərriklərindən ətraf mühitə atılan zərərli maddələrin miqdarının normativ standartların tələbləri səviyyəsində olması istiqamətində tədbirlər görür;
6.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət orqanlarının və digər təşkilatların yol hərəkətinin təhlükəsizliyi üzrə işinin təşkilini öyrənir;
6.1.5. normativ sənədlərin, dövlət standartlarının hazırlanmasında digər icra orqanları ilə birlikdə fəaliyyət göstərir;
6.1.6. regional qeydiyyat-imtahan və texniki baxış şöbələrinin, eləcə də avtomobillərin müayinə məntəqələrinin, şəhər-rayon polis idarə və şöbələri DYP hissələrinin texniki nəzarət üzrə işinə əməli köməklik göstərir, onlardan müvafiq hesabatları tələb edir və fəaliyyətlərini yoxlayır.
6.1.7. nəqliyyat vasitələrində reklam yayımına nəzarət edir;
6.1.8. nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi müddətinə və qaydalarına riayət olunmasına nəzarət edir;
6.1.9. görülmüş işlər barədə regional qeydiyyat-imtahan və texniki baxış şöbələrindən, müayinə mərkəzlərindən daxil olmuş məlumatları yekunlaşdırır;
6.1.10. texniki baxışın nəticələrini təhlil edir, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməməsinin səbəblərini araşdıraraq onların sayını müəyyən edir, növbəti ildə texniki baxışa cəlb olunmaları üçün müvafiq tədbirlər planı işləyib hazırlayır.
6.2. Ərazi DYP şöbələri (bölmələri) iş fəaliyyəti ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir:
6.2.1. ərazi DYP şöbə və bölmələrinin dövlət avtomobil müfəttişləri yol hərəkətinin təşkili üzrə fəaliyyəti həyata keçirir, xidməti ərazidə nəqliyyat vasitələrinin təhlükəsiz və maneəsiz hərəkətini təmin edir;
6.2.2. avtomobillərin, avtobusların, motosikllərin, motorollerlərin və qoşquların (yarımqoşquların) dövlət texniki baxışına təqdim edilməsi istiqamətində tədbirləri həyata keçirir;
6.2.3. yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin zərərli təsirdən mühafizəsi üçün nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanmasına, ekoloji norma və tələblərə uyğunluğuna nəzarət edir;
6.2.4. xidməti ərazilərdə hüquqi və fiziki şəxslərə məxsus təhlükəli yük daşıyan nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarəti təmin edir;
6.2.5. texniki nəzarət üzrə görülmüş işlər barədə rübdə bir dəfə Baş DYP İdarəsinə arayış təqdim edir;
6.2.6. avtomotonəqliyyat vasitələrinin texniki vəziyyətinə və düzgün istismarına avtomobil təsərrüfatlarında və avtomobil yollarında nəzarət edir, nasaz nəqliyyat vasitələrinin istismarını qadağan edir, inzibati xəta törətmiş şəxslər inzibati məsuliyyətə cəlb edir;
6.2.7. yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsindəki nöqsanlar, həmçinin avtomobil təsərrüfatlarında yol-nəqliyyat hadisələrinin vəziyyəti və sürücü heyətinin nizam-intizamı barədə təqdimatlar tərtib edir;
6.2.8. texniki nəzarət sahəsində DYP-nin başqa xidmət sahələri, həmçinin ictimaiyyətin nümayəndələri ilə qarşılıqlı formada sıx əlaqəni təmin edir, yol hərəkətinin təhlükəsizliyi sahəsinə bütün qüvvə və vasitələrin cəlb olunması işini onlara öyrədir;
6.2.9. texniki nasazlıq səbəbindən baş vermiş yol-nəqliyyat hadisələrini təhlil edir. Yol nəqliyyat hadisəsinin qeydiyyat vərəqələrinin düzgün doldurularaq vaxtında DİN-in Baş DYP idarəsinə təqdim olunmasını təmin edir;
6.2.10. texniki nəzarət fəaliyyəti ilə əlaqədar vətəndaşları qəbul edir, onların müraciətləri əsasında müvafiq qərarlar qəbul edir.
6.3. BDYP İdarəsinin Müayinə Mərkəzi, regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrinin texniki baxışı aşağıdakı qaydada aparılır:
6.3.1. dövlət texniki baxışı nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaq üçün müvafiq şəraitə malik regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində, müayinə mərkəzlərində həyata keçirilir;
6.3.2. nəqliyyat vasitələrinə texniki baxış həftənin bütün iş günlərində keçirilir və xidmət fasiləsiz təşkil olunur;
6.3.3. işin təşkili rüblük plan əsasında aparılır. İş planına nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması cədvəlinin tərtib olunması ilə yanaşı aşağıdakı tədbirlər daxil edilir:
6.3.3.1. nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanması işinin təkmilləşdirilməsi;
6.3.3.2. müayinə üsullarının və texnologiyasının təkmilləşdirilməsi;
6.3.3.3. müayinə avadanlıqlarının, nəzarət-ölçü cihazlarının yoxlanılması, onların texniki qulluğunun, təmirinin və müayinədən keçirilməsinin təşkil edilməsi;
6.3.4. yoxlanılan hər bir nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi üçün bu Təlimatın 4.2-ci bəndində nəzərdə tutulan sənədlər tələb olunur;
6.3.5. yol-nəqliyyat hadisələrində iştirak etmiş nəqliyyat vasitələrinin texniki vəziyyəti müstəntiqin və ya təhqiqatçının tapşırığı əsasında hal şahidlərinin iştirakı ilə yoxlanılır;
6.3.6. texniki baxışa daxil olmuş hər bir nəqliyyat vasitəsinə texniki nəzarətçilər tərəfindən Müayinə Vərəqi (Təlimata 1 nömrəli əlavə) doldurulur və yoxlamanın nəticəsi barədə qeydlər aparılır;
6.3.7. tərtib olunmuş Müayinə Vərəqələri 1 il müddətində kartotekada saxlanılır, onlardan nəqliyyat vasitələrinin texniki vəziyyətinə, görülən işlərə nəzarət etmək üçün istifadə olunur;
6.3.8. müayinə Mərkəzində olan avadanlıqlar və cihazlar əməkdaşlara təhkim edilir və onlar təhkim olunmuş avadanlıq və cihazların saz halda saxlanılmasına cavabdehdirlər;
6.3.9. hər bir nəqliyyat vasitəsinə dövlət texniki baxışının keçirilməsi nəqliyyat vasitəsinin tipinin, modelinin, qeydiyyat nişanının, eləcə də şassi, ban və mühərrik nömrələrinin, rənginin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilən qeydlərə uyğunluğunun yoxlanılması, axtarışda olan nəqliyyat vasitələrinin və qeydiyyat sənədlərinin siyahısının tutuşdurulması ilə başlanır;
6.3.10. dövlət qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədlərdə saxtakarlıq əlamətləri, mühərrik, ban və şassi nömrələrinin nəqliyyat vasitələrinin qeydiyyat sənədlərindəki yazılarla uyğun gəlməməsi, aqreqat və qovşaqların nömrələrinin silinməsi, yaxud onlara saxta üsulla nömrələrin vurulması halları aşkar edildikdə sənədlər götürülür və nəqliyyat vasitələri müəyyən edilmiş qaydada saxlanılır. Aşkar edilmiş faktı sənədləşdirmək üçün şahidlərin iştirakı ilə akt tərtib edilir, sürücüdən (nəqliyyat vasitəsinin sahibindən) izahat alınır. Həmin faktla bağlı araşdırılmış ilkin materiallar baxılmaq üçün müvafiq təhqiqat orqanına göndərilir;
6.3.11. Xüsusi təyinatlı və əməliyyat xidmətinin nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən xüsusi işıq və səs siqnallarının mövcud olması, sazlığı və onların quraşdırılmasının qanuniliyi, həmçinin nəqliyyat vasitələrinin rəng qrafikasının dövlət standartının tələblərinə uyğun olması yoxlanılır;
6.3.12. Qoşquların (yarımqoşquların) texniki vəziyyəti avtomobilə qoşulmuş vəziyyətdə yoxlanılır, saz vəziyyətdə olanlara texniki baxış talonu verilir.
6.3.13. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərindən birinə cavab verməyən nəqliyyat vasitələri nasaz hesab olunur və onların istismarı qüvvədə olan qanunvericiliyə əsasən qadağan edilir. Bu halda “Yol hərəkəti haqqında” Qanuna 1 nömrəli əlavə ilə müəyyən olunmuş nasazlıqlar dəqiq göstərilərək (normalar, dərəcələr və s.) iki nüsxədə akt (əlavə №7) tərtib olunur, aktın bir nüsxəsi bu Təlimatın 4.2-ci bəndində göstərilən səlahiyyətli şəxsə təqdim edilir .
6.3.14. Dövlət texniki baxışından keçmiş saz nəqliyyat vasitələrinə və qoşqularına Dövlət Yol Polisi tərəfindən aidiyyəti üzrə 9 nömrəli əlavəyə uyğun olaraq texniki baxış talonu verilir.
6.3.14.1. (çıxarılıb)
6.3.14.2. (çıxarılıb)
6.3.14.3. (çıxarılıb)
6.3.14.4. (çıxarılıb)
6.3.14.5. (çıxarılıb)
6.3.14.6. (çıxarılıb)
6.3.15. Talonlarda nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı, sahibinin adı, soyadı, texniki baxışdan keçmə vaxtı, növbəti texniki baxışa təqdim olunma ili və ayları (müvafiq dəlik açılmaqla) göstərilir. Talon səlahiyyətli vəzifəli şəxsin imzası və orqanın möhürü ilə təsdiqlənir. Dəlik açılmış sırada yerləşən sonuncu ayın axırıncı günü texniki baxışa cəlbetmə müddəti başa çatır. Talon içəridən avtomobilin qabaq şüşəsinin aşağı sağ küncünə hər iki tərəfdən  15 sm məsafədə yapışdırılır.

7. Dövlət Yol Polisinin texniki nəzarət işinin uçotu və hesabatı

7.1. Müayinə Mərkəzlərində, regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində texniki baxışdan keçən, qeydiyyata, təkrar qeydiyyata alınan və qeydiyyatdan çıxarılan, həmçinin müvəqqəti uçotda olan nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi barədə məlumatlar kompüter bazalarında saxlanılmaqla fasiləsiz olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinə ötürülür.
7.2. Avtomobillərin, motosikllərin və qoşquların sayı barədə illik məlumatlar hər bir rayon üzrə hazırlanır. Respublika üzrə ümumi hesabat Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ümumiləşdirildikdən sonra bir nüsxəsi bir ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Dövlət Statistika Komitəsinə göndərilir.
7.3. Texniki baxışın nəticələri rayonlar üzrə təhlil olunaraq nəqliyyat vasitələrinin hazırlıq səviyyəsi, yararsız vəziyyətə düşməsinin və baxışdan keçirilməməsinin səbəbləri araşdırılır, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür. 

8. Avtomobil yollarında nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət

8.1. Yollarda nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət DYP-nin stasionar və diaqnostik postlarında texniki nəzarət ölçü cihazlarının, eləcə də belə cihazlarla avadanlıqlaşdırılmış nəqliyyat vasitələrinin tətbiqi ilə həyata keçirilir. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət edilməklə aparılır. Texniki nasazlığı aşkar müşahidə olunan və texniki vəziyyəti “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsində göstərilən tələblərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanılaraq müvafiq qaydada müayinə olunur. Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət mümkün qədər qısa müddət ərzində aparılmalı, müayinə zamanı digər hərəkət iştirakçılarına maneçilik törədilməməlidir.
8.2. Yollarda təcili tibbi yardım, yanğınsöndürən, poçtdaşıyan, inkassator, qəza-xilasetmə xidməti, daxili işlər və milli təhlükəsizlik orqanlarının əməliyyat avtomobilləri və hərbi avtomobillər, partlayıcı, yanğın təhlükəli, radioaktiv və başqa təhlükəli yük daşıyan nəqliyyat vasitələri, həmçinin içərisində sərnişin olan avtobus, taksi, trolleybus və tramvaylar və “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 20-ci bəndində nəzərdə tutulan digər operativ nəqliyyat vasitələri texniki vəziyyətə görə müayinə edilmək məqsədi ilə saxlanılmırlar. 

 QEYD: Xətdə işləyən avtobusların texniki vəziyyəti yalnız marşrutların son dayanacaqlarında və avtovağzallarda yoxlanıla bilər.

 

 

9. Nəqliyyat vasitələrinin və əlavə avadanlıqların konstruksiyalarının hazırlanmasına, texniki layihələrin və texniki şərtlərin razılaşdırılmasına, nümunələrin sınaqdan keçirilməsinə və onların istehsalı üçün qəbul edilməsinə olan tələblər

9.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq yeni layihələndirilən nəqliyyat vasitələri, həmçinin istismarda olan və qabaritləri, çəki ölçüləri, tormoz sistemi, sürücü və sərnişinlərin oturacaq yerləri, işıq siqnalları və cihazları, sükan idarə mexanizmi yenidən quraşdırılan nəqliyyat vasitələrinin konstruksiyasına nəzarət texniki tapşırığın, texniki layihənin, nəqliyyat vasitəsinin sınağı və istehsala qəbulu, texniki şərtlərin razılaşdırılması mərhələlərində aparılır. Bu zaman aşağıdakı məlumatlar yoxlanılır:
9.1.1. məmulatın tətbiq olunma sahəsinin qısa xarakteristikası;
9.1.2. avtonəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş yol şəraiti və istismar rejimi, sürət və güc hədləri;
9.1.3. çəki parametrləri (təchiz olunmuş halda kütləsi, tam kütləsi, yük götürməsi, sərnişinlərin sayı, qoşqunun tam kütləsi, tam kütlənin oxlar üzrə paylanması);
9.1.4. tormozlanma yolu, yavaşıma təcili, tormoz qüvvəsi, onun oxlar və təkərlər üzrə paylanma xarakteristikası;
9.1.5. yolun işıqlanan sahəsi;
9.1.6. minimal və qabarit dönmə radiusları;
9.1.7. (çıxarılıb)
9.2. Layihə sənədlərinin razılaşdırılması 30 gün müddətində yerinə yetirilir. Standartların tələbinə uyğun olmayan, layihə sənədləri düzgün hazırlanmayan və ya çatışmazlıqlar olan və yaxud Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmayan sənədlər əsasında hazırlanan nəqliyyat vasitələrinin istismarına icazə verilmir və qeydiyyata alınmır. Bu cür sənədlər layihənin çatışmayan cəhətləri göstərilməklə geri qaytarılır.
9.3. Nəqliyyat vasitələrinin sınağını və istehsala qəbulunu sınaq məmulatı hazırlayan hüquqi şəxsin təyin etdiyi komissiyalar həyata keçirməlidir. Sınağın keçiriləcəyi yer komissiya tərəfindən müəyyən edilir. Komissiyanın tərkibinə yol hərəkətinin təhlükəsizliyi üzrə elmi-tədqiqat institutlarının və ya laboratoriyalarının, həmçinin məmulata layihə sənədlərinin razılaşdırılması mərhələsində nəzarət edən DİN BDYPİ-nin əməkdaşları daxil edilir.
9.4. Sınaqların nəticəsi üzrə qəbul komissiyası müəyyən olunmuş formada protokol və qəbul aktı tərtib edir. Nümunələrin sınaqlara davam gətirmədiyi hallarda protokola, akt imzalanana qədər konstruksiyanı təkmilləşdirmək barədə təkliflər yazılır. Konstruksiyaların yenidən işlənmiş tərkib hissələri təkrar sınaqdan keçirilir.
9.5. Texniki şərtlər razılaşdırılarkən layihə təşkilatlarına istehsal olunan məmulatın istismara buraxılması üçün əsas hesab edilən konstruksiyaların razılaşdırılması barədə şəhadətnamə (Təlimata 2 nömrəli əlavə), xüsusi təyinatlı minik avtomobilləri üçün isə əlavə olaraq avadanlığın quraşdırılması sxemi verilir.

10. Layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə quraşdırılmasına dair tələblər

 

10.1. Layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə quraşdırılmasının siyahısı (Təlimata 6 №-li əlavə) Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən müəyyən edilir. Görüləcək yenidən quraşdırma işlərinin BDYPİ ilə razılaşdırılması üçün vətəndaşlar ərizə (Təlimata 3 nömrəli əlavə) ilə birlikdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini də təqdim edirlər.
10.2. Layihə sənədlərinin işlənib hazırlanması və razılaşdırılması nəzərdə tutulmayan nəqliyyat vasitələrinə fərdi qaydada hazırlanmış minik avtomobilləri, amfibiyalar, minik avtomobillərinin qoşquları, motosikl, motorollerlər və onların yanına qoşulmuş kolyaskalar, habelə sadə formada yenidən quraşdırılan nəqliyyat vasitələri aiddir.
10.3. Fərdi qaydada hazırlanmış minik avtomobillərinin, motosikl və qoşquların konstruksiyalarının şəhər (rayon) “Avtomobilçi” Cəmiyyətinin texniki komissiyaları və yol hərəkətinin təhlükəsizliyi üzrə elmi-tədqiqat institutu (laboratoriyası) tərəfindən müəyyən edilmiş texniki tələblərə (Təlimata 4 nömrəli əlavə) uyğunluğu yoxlanılır. Avtomobillər, motosikllər və qoşqular texniki tələblərə uyğun gəldikdə, komissiya və ya institut (laboratoriya) tərəfindən Dövlət Yol Polisi İdarəsinə təqdim edilmək üçün rəy (cizgi, sxem və fotoşəkillər əlavə edilmək şərti ilə) yazılır və həmin rəy (Təlimata 5 nömrəli əlavə) avtonəqliyyat vasitələrini qeydiyyata götürmək və istismar etmək üçün əsas sayılır.
10.4. Avtomobil zavodları tərəfindən kütləvi istehsal olunan nəqliyyat vasitələrinin ehtiyat hissələrdən (aqreqat və qovşaqlardan) fərdi qaydada yığılmasına icazə verilmir.



Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020