Ölkəmizdə yol hərəkəti qayda pozuntularının qarşısını almaq, sürücü intizamının möhkəmləndirilməsi və yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsi məqsədilə avtomobil yollarında yol-patrul xidməti avtomobillərinə bənzər maketlərin quraşdırılmasına başlanıb.
Təcrübə göstərir ki, yolda yol-patrul avtomobilində xidmət aparıldığını görən sürücülərdə əksər hallarda məsuliyyət və intizam hissi artır, inzibati məsuliyyətə cəlb olunmamaq üçün qaydalara riayət etməyə çalışılır. YPX avtomobilinin maketi quraşdırılmış yolda hərəkət edən intizamsız sürücü də zənnində yanıldığını başa düşənədək törədə biləcəyi qəzadan yayınmış olur, eyni zamanda yenidən yol hərəkəti qaydalarını pozmaq barədə düşüncəsində tərəddüdlər yaranır, intizamalı olmağa meyillənir.
Hazırda Rusiya, Türkiyə və sair ölkələrdə geniş tətbiq edilən bu metod yol qəzalarının sayını minimuma endirməkdə effektiv nəticələr verir.
Uzaqdan əsl YPX avtomobillərinə bənzəyən maketlərin yerləri səmərəlilik baxımından mütəmadi olaraq dəyişdiriləcəkdir. Sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində sürücülərin diqqətini daha tez cəlb etmək üçün göy-sayrışan işıq cihazları ilə təchiz edilmiş maketlər gələcəkdə daha innovativ əlavələr tətbiq edilməklə istifadə olunacaqdır.
Hazırda bu mobil maketlərin yol hərəkəti iştirakçılarının kifayət qədər uzaq məsafədən aydın görə biləcəkləri, eləcə də qəza ehtimalı daha çox olan avtomobil yollarında quraşdırılması nəzərdə tutulub və artıq prosesə başlanılıb.
DYP-nin yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün həyata keçirdiyi bu və ya bu qəbildən olan digər tədbirlər birmənalı olaraq yol-nəqliyyat hadisələrinin qarşısını almaq, sürücü və sərnişinlərin mənzil başına sağ-salamat çatmasını təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, həmin maketlərə kamera və YPX əməkdaşları vasitəsilə nəzarət həyata keçirilir və dövlət əmlakı olan maketlərə ziyan vurulması məsuliyyət yaradır.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər