Ötən həftə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə məktəblilər yol-patrul xidmətinin fəaliyyətilə yaxından tanış olmaq məqsədilə növbəti dəfə DYP-nin inzibati binalarına ekskursiya ediblər.
Qeyd edək ki, “Yol Polisimizlə bir gün” adlı tədbir «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər və Təhsil nazirliklərinin birgə əməkdaşlıq tədbirləri çərçivəsində həyata keçirilir.
Ekskursiyada Şəki, Quba, Mingəçevir, Lənkəran və Sumqayıt şəhər tam orta məktəblərinin yüksək təhsil və intizam göstəriciləri ilə fərqlənən bir qrup şagirdi və onları müşayiət edən təhsil işçiləri iştirak edib.
Məktəblilərə yol-patrul xidməti inspektorlarının xidməti fəaliyyəti, yol hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkəti üçün görülən tədbirlər, inzibati hüquqpozmalara, eləcə də cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri barədə nəzəri məlumatlar verilib, xüsusi texniki vasitələr nümayiş olunub. İştirakçılara DYP-nin inzibati binalarında, stasionar postlarda və yol-patrul xidməti avtomobillərində iş fəaliyyətini canlı izləmək imkanı da yaradılıb.
Tədbirin keçirilməsində əsas məqsəd, yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da gücləndirmək, eyni zamanda yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında uşaq və yeniyetmələri aktiv iştirakçılığa cəlb etməkdir.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər