Ölkəmizi Belarusiya Respublikasının Bobruysk şəhərində keçirilmiş “Gənc Yol Hərəkəti İnspektorları”nın 47-ci toplantısında layiqincə təmsil edərək birincilik əldə edən “Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin üzvləri Daxili İşlər Nazirliyinin Baş Dövət Yol Polisi İdarəsinə ekskursiya ediblər.
“Qaliblərin” Baş DYP İdarəsinə ekskursiyası, «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər və Təhsil nazirliklərinin birgə həyata keçirdikləri “Yol Polisimizlə bir gün” adlı layihə çərçivəsində baş tutub.
Ekskursiyanın keçirilməsində əsas məqsəd, yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da gücləndirmək, eyni zamanda bu işdə uşaq və yeniyetmələri aktiv iştirakçılığa cəlb etməkdir.
Təşkilatçılar tərəfindən ayrılmış avtomobillərdə DİN-in Baş DYP İdarəsinin inzibati binasına gələn “Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin üzvlərinə ilk növbədə binanın struktur quruluşu, konfrans zalı, patrul avtomobilləri, xüsusi texniki vasitələr nümayiş olunub. Daha sonra ekskursiyaçılara Baş DYP İdarəsinin iş fəaliyyətini, o cümlədən Operativ Müşahidə Mərkəzinin, Növbətçi hissənin iş prosesini canlı izləmək imkanı yaradılıb.
Tədbir zamanı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “qaliblərin” çoxsaylı sualları cavablandırılıb və onlara müxtəlif hədiyyələr təqdim olunub.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər