DYP uşaq-məktəb-valideyn tədris formatı “üçbucağı”nı dəstəklədi
Ölkə
25 oktyabr 2019 13:00
1855
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramında nəzərdə tutulan təbliğat-təşviqat və maarifləndirmə tədbirlərini vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlıq mühitində davam etdirir.
Müasir yanaşma metodlarının, tədris üsullarının, təbliğat və maarifləndirmə vasitələrinin yol hərəkəti təhlükəsizliyi sahəsində tətbiqinə çalışan, yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə təkan verən platformaların yaradılmasında maraqlı olan Baş Dövlət Yol Polisi İdarəsi bu qəbildən olan növbəti tədbirini Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ilə birgə Xəzər rayonu ərazisində yerləşən 8 nömrəli sanatoriya tipli internat məktəbində həyata keçirib.
Əsasən internat tipli təhsil müəssisələrindən tədbirə qatılan 30-dan çox müəllimin iştirakı ilə keçirilən maarifləndirmə sessiyasında çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ümumi təhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyinə dair biliklərin tədris edilməsini uşaq və yeniyetmələrin yolda üzləşdikləri risklərin azaldılması və yol-nəqliyyat hadisələrində uşaq travmatizminin minimuma endirilməsi məqsədilə həyata keçirilən dövlət strategiyanın tərkib hissəsi olduğunu bildirmiş, yol hərəkəti təhlükəsizliyi üzrə bilik və vərdişlərin müasir metodlardan istifadə etməklə uşaq-valideyn-məktəb “üçbucağında” tərəflərə aşılanmasının, bu sahədə mövcud olan qabaqcıl təcrübənin ölkəmizdə yayılmasının əhəmiyyətindən danışmışdır.
Sessiyada AMAK-ın Baş Meneceri Vəfa Hüseynli EASST və AMAK tərəfindən hazırlanmış Tədris Paketinin müxtəlif yaş kateqoriyaları üçün istifadə qaydaları və onun metodikasına dair iştirakçılara ətraflı məlumat vermiş, interaktiv təlim üsullarından istifadə etməklə ustad dərsi keçmişdir.
Qeyd edək sözügedən Tədris Paketi konkret yaş quruplarına mənsub təhsilalanlara yol hərəkəti təhlükəsizliyi üzrə əsas bilik və bacarıqların aşılamasını, habelə müəllim, valideyn və DYP əməkdaşlarının təlimini, bu sahədə daha effektiv tədrisə nail olunmasının üsul və metodlarını özündə ehtiva edir.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər