Əsas səhifəNəqliyyatYeni tipli vaqonların ilk planlı təmiri aparılır
PAYLAŞ

Yeni tipli vaqonların ilk planlı təmiri aparılır

Nəqliyyat 07 Fevral 2020 15:37 1402

Bakı metropolitenində 5 ilə yaxındır istismarda olan 81-760.B/761.B/763.B tipli yeni nəsil qatarlarında planlı qaldırma təmirinə başlanılıb. Qurumun mətbuat katibi Avtosfer.az-a bildirib ki, 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, vaqonların istehsalçısı olan Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin nəzdində fəaliyyət göstərən "Metrovaqonmaş-Servis" Birliyi bu mühüm dövri təmir işlərini yerinə yetirir.
Ümumiyyətlə, bütün nəqliyyat vasitələrində olduğu kimi, metro qatarlarının da texniki baxışı, qulluğu və təmiri, əsasən, qət olunan məsafələrə görə təmin edilir. Bu hər bir nəsil qatar üçün istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş və qaçılmaz texniki-istismar tələbidir. Sərnişin təhlükəsizliyi, eləcə də qatarların saz vəziyyətdə saxlanması baxımından metropolitendə qeyd-şərtsiz bu tələblərə əməl olunmalıdır. Bu səbəbdən 2015-ci ilin may ayından metropolitenin Qırmızı xətti üzrə hərəkət edən qatarlar, texniki-istismar qaydalarına və qət edilən məsafəyə uyğun olaraq, texniki qulluq və təmir işlərinə cəlb ediliblər.
Hazırda şirkətin 17 nəfərdən ibarət mütəxəssis qrupu "Nərimanov" elektrik deposunda təmir işlərini aparır. Qrupa ümumi işlərə rəhbərlik edən böyük usta, mühəndislər, ustalar, həmçinin elektrik, mexaniki və pnevmatika avadanlıqları üzrə digər mütəxəssislər cəlb olunub.
Onu da əlavə edək ki, təmirin bu növündə vaqonların dartı mühərrikləri, güc inventorları, elektrik və elektron avadanlıqları, işıqlandırma, videomüşahidə, iqlim-nəzarət sistemləri və digər elementlərinin təmiri, eləcə də bu işlərin yekununda sınaqları daxildir.
Bağlanılmış müqaviləyə uyğun olaraq, "Metrovaqonmaş-Servis" təmir üçün lazım olan bütün avadanlıqları əldə edərək, texnoloji prosesləri ilə yanaşı sazlama işlərinin yerinə yetirilməsini təmin etməlidir.
Məlumdur ki, Bakı metropolitenində müasir tipli qatarların sayı ildən-ilə artmaqdadır. Metropoliten xətlərində hazırda texnoloji innovasiyalar baxımından sonuncu nəslə mənsub 11 qatar hərəkət edir. 2020-ci il ərzində istismardan çıxarılacaq vaqonların əvəzinə daha 4 qatar tərkibini formalaşdıran 20 vaqon alınacaq. Ümumən ötən il "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, yaxın üç il ərzində istismardan çıxarılacaq vaqonların əvəzinə 12 qatar tərkibini formalaşdıracaq 60 yeni tipli vaqonun alınması nəzərdə tutulub.
Bütün bunları nəzərə alaraq, həmin qatarların təmirini yerli kadrların yerinə yetirməsi mühüm məsələdir. Qaldırma təmiri ilə əlaqədar istehsalçı şirkətlə bağlanmış müqavilənin ən mühüm cəhəti yerli təmirçi kadrların hazırlanmasını nəzərdə tutmasıdır. Tədris prosesinə vaqonlara keyfiyyətli xidmətin göstərilməsi, müntəzəm təmirin aparılması və digər yoxlama-sınaq işlərinin öyrədilməsi daxildir.
Bununla əlaqədar ilkin hazırlıq tədbirləri əvvəlcədən görülüb. Qaldırma təmiri ilə əlaqədar istehsalçı müəssisənin aparıcı mütəxəssisi Bakı metropoliteninə ezam olunaraq, tədris prosesinə cəlb edilib. Onun rəhbərliyi ilə 35 nəfərdən ibarət işçi qrupunun nəzəri bilikləri mənimsəməsi təmin olunub. Məhz bu kadrlar hazırkı təmir prosesi zamanı əyani praktiki biliklərə də yiyələnərək, rusiyalı mütəxəssislərlə təcrübə mübadiləsi aparır və gələcəkdə yeni mütəxəssislərin yetişdirilməsində də fəal iştirak edəcəklər.

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020