Bakı-Quba yolunda ağır qəza: Polislər yaralandı
Qəza
17 Fevral 2020 16:00
1537
Ötən gün Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Bakı-Quba yolunda qeydə alınıb.
İlkin məlumata görə, qəzaya səbəb qoşqulu yük maşınının yolun hərəkət istiqamətində dayanması olub.
Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, qəzaya səbəb sərxoş sürücünün idarəetməni itirməsi olub:
“Qəza dünən Bakı-Quba yolunun 92-ci kilometrliyində qeydə alınıb. Fotoda gördüyünüz qoşqulu yük maşını nasazlıq səbəbindən yolun hərəkət istiqamətində dayanıb. Yol Patrul Xidmətinin (YPX) avtomobili isə yük maşınının arxasında dayanıb mayakları yandırmaqla, digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməyə çalışıb.
Ərazidən keçən 10 GX 464 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin sürücüsü sərxoş vəziyyətdə olduğundan idarəetməni itirib və YPX avtomobilinə çırpılıb. Qəza nəticəsində YPX avtomobilində xidmət aparan 2 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Rəylər