Bakı Limanı İtaliyanın Trieste və Qenuya limanları ilə əməkdaşlıq edəcək
İqtisadi
22 Fevral 2020 14:38
1986
Fevralın 21-də Romada keçirilmiş Azərbaycan-İtaliya biznes forumu çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə İtaliyanın Trieste və Qenuya limanları arasında anlaşma memorandumu imzalanıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, imzalanan sənədlərə əsasən limanlar Çinlə Avropa arasında mövcud olan ticarət dövriyyəsindən birgə bəhrələnəcək, innovasiyaların, qabaqcıl texnologiyaların, əməliyyat məsələləri üzrə biliklərin mübadiləsini həyata keçirəcəklər. İtaliyanın ən böyük limanı sayılan Trieste limanı, Çin, Uzaq Şərq, Sinqapur və Malayziya kimi ölkələr üçün Avropanın “giriş qapısı” sayılır. Hər ay buradan 400 qatarla Almaniya, Avstriya, Çexiya, Macarıstan və İsveçrəyə yüklər daşınır. Trieste limanının illik yük dövriyyəsi 70 milyon tona yaxındır.
Həmçinin Qenuya limanı da İtaliyanın ən qədim limanlarından biridir və Avropa ilə Çin arasında ticarət əlaqələrində xüsusi əhəmiyyətə malikdir. Keçən il limanda 3 milyon TEU konteyner aşırılıb və 5 milyonadək sərnişinə xidmət göstərilib.
Rəylər