Əsas səhifəNəqliyyatAvtovağzalın qarşısından keçən magistral yol genişləndiriləcək
PAYLAŞ

Avtovağzalın qarşısından keçən magistral yol genişləndiriləcək

Nəqliyyat 27 Fevral 2020 10:40 1438
Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısından başlayaraq “Masazır dairəsi”nə qədər olan hissəsində və əks istiqamətdə həyata keçirilən yenidənqurma işləri çərçivəsində hazırda magistral yol üzərində mövcud olan süni təpəciklərin sökülməsi ilə yolun hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilməsi işləri görülür.
“Report” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA)  istinadən xəbər verir ki, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsinin yaradılması nəzərdə tutulur.
Bundan başqa magistral yolun təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsinin yaradılması üçün də hazırlıq işlərinə başlanılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.
Hazırlanmış layihələrə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə süni yaradılmış, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan “təpəcik” ləğv edilərək yerində sürət-keçid zolağının salınması ilə əsas yolun hərəkət hissəsini genişləndirərək zolaqlarının sayını 4-ə çatdırmaq üçün də işlər aparılır.
Eyni zamanda şimal tərəfdən (Sumqayıt istiqamətindən) hərəkət edən avtonəqliyyat vasitələrinin Biləcəri qəsəbəsinə daxil olmaları üçün Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələri ilə bərabər uzun məsafə qət etmədən və ərazidə əlavə sıxlıq yaradılmadan “buta şəkilli adacıq” vasitəsi ilə sola dönmə yeri təşkil olunacaq. Bundan başqa Bakı Beynəlxalq Avtovağzal kompleksinin və “Avtovağzal” metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunacaq.
Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədi ilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində “20 Yanvar” metrostansiyanın “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışını 8-10 metr irəli çəkmək şərti ilə hərəkət hissəsini genişləndirərək əlavə hərəkət zolağının yaradılmasına və daim sağa hərəkətin təmin edilməsinə nail olmaq, bundan başqa “20 Yanvar” dairəsinin ölçülərinin dəyişdirilərək “oval” formada, həmçinin keçmiş “velotrek”in qarşısında hərəkət hissəsini genişləndirməklə sağa daimi hərəkətin təşkil edilməsi ilə ərazidə yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün də işlərə start verilib.
Eyni zamanda, Bakı Dairəvi-1 avtomobil yolu ilə Badamdar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin geri dönməsinə şərait yaradılması məqsədilə yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri vasitəsi ilə geriyədönmə yerinin (avtovağzal istiqamətinə) yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda “Xırdalan dairəsi” istiqamətində “Masazır dairəsi”nədək yolun, həmçinin “Xırdalan dairəsi”nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan yenidənqurma işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulur.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020