Əsas səhifəNəqliyyat“Bakı Metropoliteni” QSC-nin yaranmasından 6 il ötür
PAYLAŞ

“Bakı Metropoliteni” QSC-nin yaranmasından 6 il ötür

Nəqliyyat 27 Fevral 2020 16:14 1750
Bakı metropoliteninin əlamətdar, tarixi günləri, hadisələri sırasına 6 il bundan əvvəl daxil olan 2014-cü il ölkənin yeganə yeraltı nəqliyyat müəssisəsinin həyatında köklü dəyişikliklərin başlanğıc ili oldu. 2014-cü il fevralın 27-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin təməli qoyuldu. İndi artıq özünü qəti surətdə doğruldan bu qərar paytaxtın yeraltı nəqliyyatının inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirdi, bu inkişafa təkan verən layihələrin həyata keçirilməsi prosesini sürətləndirdi.
Avtosfer.az xəbər verir ki, QSC fəaliyyətinin ilk dövrlərindən başlayaraq, 6 il ərzində istər iqtisadi, istərsə də sosial sahədə həyata keçirdiyi layihələrlə metropolitendə hərəkətin təşkili, sərnişinlərin təhlükəsizliyinin təmin olunması ilə yanaşı, onlara yüksək mədəni xidmətin göstərilməsi sahəsində yüksək göstəricilərə nail oldu. Bütün bunların təsdiqi bir müddət əvvəl yola saldığımız 2019-cu ilin hər bir günündə bütün gerçəklikləri ilə öz əksini tapır, 6 ilin uğur salnaməsini vərəqləyir. 
2019-cu ildə görülən işlər mahiyyətinə, dəyərinə, müəssisənin iqtisadi-sosial həyatındakı məzmun və əhəmiyyətinə görə 6 il əvvəl təməli qoyulan möhtəşəm fəaliyyət proqramının davamıdır.
Dövrün tələbinə uyğunlaşdırılan vaqon parkıLokomotiv təsərrüfatının yenilikləri
2019-cu il sərnişindaşıma prosesinin təkmilləşdirilməsi, texniki potensialının gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin daha böyük sürətlə aparılması kimi yadda qalacaq. Tətbiq edilən müasir texnologiyalar hərəkətin təşkili, sərnişindaşıma prosesinin nizamlanması, vaqonların təmir bazasının möhkəmləndirilməsi və bütünlüklə buna xidmət edən texniki sahələri əhatə edib.
Konkret söhbət depodan və vaqon təmirinin keyfiyyətindən gedirsə, diqqətinizi son illər texniki baxış qanovlarında aparılan geniş təmir işlərinə cəlb etmək istərdik.
Nümunə olaraq qanovları təsadüfən seçmədik. Uzun illər təmir olunmayan bu qanovlarda vaqonaltı avadanlığa baxış keçirən çilingərlər üçün ən böyük narahatlığı qanovların lazımi dərinlikdə olmaması, qrunt sularının oraya yol tapması, işıqlanmanın zəifliyi və sair bu kimi xoşagəlməz hallar yaradırdı. Bu sahədə işlərin başlandığı müddətdə əsaslı şəkildə təmir olunan 7 qanovdan 2-si 2019-cu ildə vaqon təmiri briqadalarına  təhvil verilib.
Vaqon parkının yenilənməsi də planlı şəkildə davam edib. 2019-cu il  bu cəhətdən daha məhsuldar olub. İstismara 30 vaqon (6 qatar) yeni nəsil 81-765.B /766.B tipli qatar tərkibləri verilib. Lokomotiv parkında istismar müddətini başa vurmaq üzrə olan vaqonların yeniləri ilə əvəzlənməsi istiqamətində ən mühüm addımlar mütəmadi olaraq atılıb. 2020-2022-ci illər ərzində Bakı metropoliteni üçün yeni vaqonların istehsalı barədə ötən il Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə müqavilə imzalanıb. 81-765.B/766.B modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsubdur və sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanacaq. Müqaviləyə görə il ərzində şirkət Bakı metropoliteni üçün ümumilikdə 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək. Beləliklə, üç il ərzində Bakı metropoliteni vaqon istehsalçılarından 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi alacaq.
"Metrovaqonmaş" 2015-ci ildən Bakı metropolitenini yalnız sonuncu nəsil vaqonları ilə təchiz edir. 2019-cu ildə parkı yeniləşdirən vaqonların sayı 3 dəfə artıb. Bununla da metropolitenin lokomotiv parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.
Eləcə də 15-20 il işləmiş qatarlar texniki cəhətdən təkmilləşdirilib, köhnə avadanlıqlar yenilənib. Məsələn, qatarların elektrik hissələrində yeni cihazlar, “Secheron” firmasının elektron tezaçılan açarları, helium tipli akkumulyator batareyaları quraşdırılıb, işıqlanma sistemi müasir tələblərə cavab verən diodlu sistem ilə əvəz olunub. Modifikasiya olunmuş vaqonlar avtomat açarların yoxlanılması, mühafizə aparatlarının sınaqdan keçirilməsi üçün cihaz dəsti ilə təchiz olunub.
Vaqonların təmir bazasının möhkəmləndirilməsi üçün ən əhəmiyyətli tədbirlər sırasında qəza-bərpa vasitələri məntəqəsi üçün müasir tələblərə cavab verən qəza xidməti avtomobilinin, 1 ədəd hidravlik avadanlıq komplektinin alınmasını, təkər cütləri sexində yükqaldırma qabiliyyəti 2.5 ton olan 1 tirli kranın, 
1 hava quruducusunun, 3 saylı cari təmir sahəsində 1 ədəd 10 t-luq körpülü kranın, 10 şpinton arabacığıının quraşdırılmasını, 81-717/714 tipli vaqonlar üçün 10, 81-763B tipli vaqonlar üçün reduktorsuz təkər cütlərinin alınmasını qeyd etmək lazımdır.
Vaqonların pnevmatika avadanlıqlarının sınağı da yeni sistemlə aparılır. Sistem təzyiq relesi, pnevmatik avtorejim, əyləc havapaylayıcısı, çeviricilər, təzyiq yaradan pnevmatika avadanlıqlarının sınaq və sazlama işlərini yerinə yetirir.  Təmir sexlərinə verilən nasaz hissə və detallar texnoloji prosesə uyğun olaraq təftiş olunduqdan sonra bərpa edilir, işin son nəticəsi rəqəmsal sistemli stendlərdə yoxlanılır. Bloklarda sazlanan avadanlıqlar barədə bütün məlumatlar yaddaşda saxlanılır. Onları yaddaşdan karta yazmaq da mümkündür.
Təmir prosesində geniş istifadə olunan sıxılmış hava ötən ildən yeni, iqtisadi və texniki cəhətdən daha səmərəli kompressorlar tərəfindən hasil edilir. Köhnə  kompressorlar ay ərzində təxminən 70-80 litr yağ sərf edirdi. Yenilərinin yağı isə  ildə bir dəfə dəyişilir, texniki baxışı, təmizləmə və nəzarəti daha asan və ucuz başa gəlir.

Yeni sahənin perspektivləri artır
2019-cu il metropoliten tarixində ən irimiqyaslı yeniliklərdən biri olan vaqonların əsaslı təmiri sexinin 2 yaşının tamam olması ilə yadda qaldı. Bu sex istifadəyə verilənə qədər qatarlar Moskva metropolitenində, Moskva  Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında, Xarkov metropolitenində təmir olunurdu. Hazırda bu təmir həcminə daxil olan bütün proseslərin yeni sexdə yerinə yetirilməsi istismar xərclərinə küllü miqdarda qənaət etməyə imkan yaradıb. Bir vaxtlar vaqonların qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənməsi, vaqon salonunun yenilənməsi, vaqonaltı avadanlığın ən müasir qurğularla əvəz olunması,  baş vaqonların ön hissəsinin modernləşdirilməsi, maşinist kabinasının genişləndirilməsi  işləri müəssisədən kənarda yerinə yetirilirdi. Hazırda bu proseslər yerli şəraitdə və müəssisənin öz mütəxəssisləri tərəfindən görülür.
2019-cu ilin yekunlarına görə, sexdə 10 vaqon orta təmir olunmaqla modernləşdirilib. Bir qatarın baş vaqonlarında pilot layihəsi kimi yeni tipli tavan kondisionerləri quraşdırılıb, kompressor aqreqatı “Knorr-Bremze” şirkətinin istehsalı olan kompressorlarla əvəz olunub, “Camozzi” qapı pnevmointiqalı tətbiq edilib. Təmir prosesində yeniləşdirilən avadanlıqlar sırasında  “UR10-41” tipli tezsöndürən elektrik açarı  və idarəetmə sisteminin rəqəmli avadanlıq dəsti də var.
Yeniliklərin geniş şəkildə tətbiq edildiyi istehsalat sahələrindən biri də yol təsərrüfatıdır.
Yeni tipli yol infrastrukturunun təməli
Ötən il burada həyata keçirilən yenilikləri mahiyyət etibarı ilə inqilab adlandırmaq olar. Söhbət yollarda ənənəvi ağac şpalların dəmir-beton şpallarla əvəz edilməsi kimi mürəkkəb bir prosesdən gedir. Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də məsələnin əhəmiyyətini xüsusi vurğulayıb.
Bəs nəyə görə dəmir-beton şpal? Əvvəla, beton şpallar daha uzunömürlü, vibrasiyaya qarşı davamlıdır. Digər tərəfdən ağac şpalın saxlanması, qulluğu  böyük xərclər tələb edir. Ağac şpallara qənim kəsilən, onları korroziyaya məruz qoyan, bərkidici yuvacıqlarını yandıraraq sıradan çıxaran azmış cərəyan beton şpal qarşısında acizdir.
Park yollarında ağac şpalların dəmir-beton şpallarla əvəz edilməsinə 2018-ci ilin iyun ayından başlanılıb. Burada 3000-dən çox ağac şpalı əvəz edəcək beton şpalların 1875-i 2019-cu ildə qoyulub. Bu işlər “Bakmil” stansiyasının hər iki yolunda, deponun təmir olunmuş qanovlarının davamı olan yollarda yerinə yetirilib.
Yolun üst quruluşu elementlərinin ballastsız əsaslar üzərində qurulması və burada dəmir-beton şpallardan istifadə olunması iqtisadi səmərə baxımından daha böyük imkanlara yol açır. Hazırda yeni sahələrdə yollar bu tərzdə salınır və tikinti sahələrinin dəmir-beton bloklarla metronun öz baza müəssisəsi olan Dəmir-beton konstruksiyalarının istehsalı sahəsi təmin edir. Burada maraqlı bir məqamı da qeyd etmək lazımdır. Bu konstruksiyalar ilk dəfə olaraq vaqonların təmirdən sonra depo ərazisində yoxlanması üçün inşa edilən sınaq yolunda tətbiq edilib.
Yeniləşən stansiyalar cərgəsində iki inci
Bakı metropoliteninin inkişafı üzrə dövlət proqramında fəaliyyətdə olan stansiyaların yenidən qurulması da xüsusi yer alıb. “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami”, “Sahil” və digər stansiyalarda, vestibül və keçidlərdə aparılan əsaslı təmir və yenidənqurma işləri 2019-da “Bakmil”, Xətai”, “Cəfər Cabbarlı” stansiyasının 2-ci yolunda davam etdirilib. “Bakmil” stansiyası mart ayında dövlət başçısının iştirakı ilə istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə martın 26-da bütün infrastrukturu ilə yeniləşmiş “Bakmil” stansiyası yeni həyatına qədəm qoyub. “Xətai” stansiyası təmirdən sonra qapılarını sərnişinlərin üzünə sentyabrın 12-də açıb.
“Bakmil”də stansiya yolu üzərində quraşdırılan çətir və sərnişinlərin birbaşa ikinci mərtəbəyə qəbul olunması ilə yanaşı, platformanın tamamilə sökülüb yenidən qurulması, memarlıq üslubu saxlanılmaqla yeni dövrün nailiyyətlərinin, texnoloji innovasiyalarının tətbiqi xüsusi qeyd oluna bilər.
“Xətai”də iki mərhələdə aparılan genişmiqyaslı təmir zamanı istismar müddəti başa çatmış 3 eskalator dəyişdirilib. Onları müasir tipli, funksionallığı ilə seçilən Almaniya istehsalı olan 4 eskalator əvəz edib. Bakı metropoliteninin ən dərin stansiyasında sərnişinlərin hərəkət təhlükəsizliyinin və rahatlığının artırılmasına, xidmət səviyyəsinin daha da yüksəldilməsinə nail olunub.
Stansiyanın giriş vestibülü, platformanın orta zalının divarında Şah İsmayıl Xətai və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyası da bərpa olunub. Bakı metropoliteni tarixində ilk dəfə stansiya yolu ən müasir dəmir-beton bloklardan qurulub.
Ən mühüm sosial layihə
Son ildə sərnişinlərə xidmət mədəniyyətinin yüksəldilməsinə gəldikdə isə əlil arabasından istifadə edən insanların metro sərnişinləri sırasına qatılması üçün həyata keçirilən layihə ilk növbədə qeyd edilməlidir. Bu məqsədlə ilk növbədə bütün vaqonlarda əlil arabaları üçün yerlər yaradılıb. Metrodan istifadə edən əlil sərnişin stansiyanın girəcəyində xüsusi mobil işçi qrupu tərəfindən qarşılanır və vaqona, mənzil başına çatdıqdan sonra isə, stansiyadan çıxana qədər müşayiət olunur. Əlil arabalarından istifadə üçün sifarişlər əvvəlcədən mobil telefon və mobil əlavə (aplikasiya) vasitəsilə verilə bilirlər. 2019-cu ilin mart ayının sonlarında istifadəyə verilmiş bu xidmətdən yararlananların sayı ilk aylarda 50 civarında idisə, dekabr ayında artıq 100 həddinə çatırdı və 2019-cu il ərzində ümumən xidmətdən 609 nəfər istifadə edib.
Enerji böhranı problem olmayacaq
2019-cu ildə metronun elktrik təchizatı, işarəvermə və rabitə sistemlərində, texniki xidmət sahələrində həyata keçirilən yeniliklər, mahiyyətcə, yuxarıda haqqında bəhs etdiklərimizdən heç də geri qalmır. “İçərişəhər” alçaldıcı yarımstansiyanın elektrik qurğu və avadanlıqları fiziki cəhətdən köhnəldiyindən yenisilə əvəzlənib və müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulub. Svetoforları, stansiyanın işıqlanmasını və digər işarəvermə qurğularını elektrik cərəyanı ilə təmin edən köhnə avadanlıqlar  Almaniyanın "Siemens" şirkətinin məhsulları ilə əvəz edilib.  Metropolitenin “Nərimanov” elektrik deposunda ikinci elektrik yarımstansiyası istifadəyə verilməklə oradakı təmir-bərpa sahələrinin, lokomotiv parkının elektrik təchizatı ən müasir standartlara çatdırılıb. Daha bir yarımstansiyanın yenidən qurulmasına 2020-ci ildə başlanılacaq. İstər “Nizami” stansiyasında, gələcəkdə isə xətlər ayrılanda, həmçinin Yaşıl xətt üçün vacib olacaq daha bir yarımstansiyanın inşası ilə bağlı mühüm addımlar qarşıdakı müddətdə atılacaq.
Uzun illərin təcrübəsi yeraltı nəqliyyatın özünün ehtiyat enerji mənbələrinə malik olmasının vacibliyini göstərirdi. 2018-ci ilin 3 iyul hadisəsi - ölkənin enerji sistemində yaranan nasazlıq, dövlət başçısının da diqqətini bu məsələyə cəlb etdi və metronun ehtiyat enerji sisteminin yaradılması barədə xüsusi göstəriş verildi. İl ərzində “Azərişıq” ASC-nin 10 rayon elektrik yarımstansiyasında quraşdırılan 17 dizel-generator fövqəladə hallarda metropoliten xətlərinin elektrik enerjisinə olan tələbini ödəyəcək. Ən əsası, minimum ehtiyaclar səviyyəsində qatarların hərəkəti təmin olunacaq. Burada diqqət ediləsi ən vacib məqam metropolitenin fərqli rejimdə çalışmasıdır. Bu səbəbdən sərnişinlər stansiyalardan təxliyə olunacaq və bütün infrastruktur yoxlanıldıqdan sonra metropolitenin işi qeyd edilən şərtlər daxilində bərpa olunacaq.
Yeni əsaslarla havalandırma sistemi
Ötən dövrün böyük layihələri ventilyasiya və digər texniki sahələrdə də öz səmərəsini göstərib. Ventilyasiya sisteminin təkmilləşdirilməsi üzrə işlər davam edib. Şaxtalarda təmir işləri aparılıb, istismar müddətini başa vurmuş, texniki və mənəvi cəhətdən köhnəlmiş 7 ventilyator Rusiyanın “Ventprom” şirkətinin müasir, metropolitenin təqdim etdiyi texniki şərtlər üzrə istehsal olunmuş daha məhsuldar və elektrik enejisinə qənaət edən havavurma qurğuları ilə əvəz edilib. Bu da son nəticədə yeraltı stansiyalar və tunellərdə iqlim şəraitini yaxşılaşdırıb. Burada ventilyatorların iş rejiminin tənzimlənməsinin, vurulan hava axınının düzgün istiqamətləndirilməsinin də əhəmiyyəti az olmayıb. 2020-ci il bu mənada daha böyük yeniliklər gətirəcək. Yaşıl və Qırmızı xətlərdə 10 yeni güclü ventilyator alınaraq quraşdırılacaq.
Kadr hazırlığının yeni təməlli möhkəm bazası
QSC yarandığı gündən kadr hazırlığı məsələlərinə genişmiqyaslı inkişaf planının reallaşdırılmasına əsas zəmanətverici amil kimi baxıb. 2014-cü ildən fəaliyyətə başlayan təlim-tədris mərkəzi ildən ilə təkmilləşib, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün böyük layihələr həyata keçirilib. Ötən il orada aparılan əsaslı təmir işləri təlim-tədris mərkəzinin yenidən və ən müasir tələblərə cavab verə biləcək tərzdə qurulmasına münbit şərait yaradıb. Oktyabrın 3-ündə mərkəzin əsaslı təmirdən sonra açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Ceyhun Bayramov, ali təhsil ocaqlarının rəhbər nümayəndələri iştirak ediblər. "Azərbaycan Dəmir Yolları" QSC-nin aidiyyəti sahə üzrə mütəxəssisləri, "Bakı Metropoliteni" QSC-nin əməkdaşlıq etdiyi təşkilat və müəssisələrin rəhbərləri, o cümlədən "Thales” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbərləri tədbir iştirakçıları arasında olublar. Qonaqlar müxtəlif istismar sahələrinə aid əyani tədris vasitələrinin nümayiş olunduğu guşələrlə tanış olub, görülən işin möhtəşəmliyindən məmnun qaldıqlarını bildiriblər.
2014-cü ildən metropoliten üçün zəruri olan peşələr üzrə ixtisasartırma və yeni peşələrə yiyələnmə kurslarına hər il orta hesabla 800-900 işçi cəlb edilir, imtahanlar test üsulu ilə elektron qaydada aparılır. Təlim-tədris mərkəzi Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə yanaşı, Dövlət Neft və Sənaye, Memarlıq və İnşaat, Texniki universitetlərlə, həmçinin Dəmir Yolu və Metropoliten üçün kadr hazırlayan Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə səmərəli və sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Məhz 2019-cu ildə ilk dəfə qatar maşinisti hazırlığının yeni qaydası öz bəhrəsini verdi. Köhnə stereotiplər dağıdıldı, bu peşə gənclərin texniki təhsilli daha geniş auditoriyası üçün açıq oldu. Ən əsası, gəncliyinin çağlayan vaxtını maşinist olmaq üçün 3-5 il ərzində sədləri aşa-aşa arzusuna çatmağa həsr edən perspektivli və istedadlı gənclərə yeni meydan açıldı. İndi bu kurslar mütəmadi təşkil edilir. 
Yeni uğurların da əsası var
2020-ci il “Bakı Metropoliteni” QSC-nin 6 il əvvəl başlamış böyük tərəqqi, iqtisadi-sosial inkişaf yolunun davamı olacaq. Rabitə və işarəvermə qurğularında da mütərəqqi ideyaların tətbiqi, hərəkətin idarə olunması, stansiyaların işinin təşkili sahəsində dövrün son elmi nailiyyətlərindən biri olan SCADA, onun tərkib hissəsi CBTC və TETRA rabitə sisteminə keçid üzrə işlər nəzərdə tutulan tədbirlər  ardıcıllığına görə bu gün də davam etdirilir. Bu sistem stansiyadakı bütün prosesləri vahid mərkəzdən idarə etmək imkanına malikdir. CBTC isə qatarların hərəkətini radiosiqnallar vasitəsilə tənzimləyəcək. Bu da əvvəlki sistemlərlə müqayisədə daha etibarlıdır. Yeni sistemin işə düşməsilə yolun üst quruluşu elementlərinin, rels dövrəsi və svetoforların xeyli hissəsi ixtisar olunacaq ki, bu da iqtisadi böyük səmərə deməkdir. Bu mənada mövcud xətlərdə də inqilabi yeniliyin ilk addımları 2020-ci ildə atılacaq. “Nərimanov” elektrik deposunda 2017-ci ildə başlanmış layihə ilə ox sayğacı bazasında mikroprosessor sisteminin quraşdırılması yekunlaşacaq və bu gələcəkdə hərəkətin intensivləşdirilməsi, ən müasir idarəetmə sistemlərinə keçidin birinci mühüm mərhələsidir. Bu işlər növbəti mühüm mərhələ - “Elmlər Akademiyası” stansiyasında qurulmasına başlanılacaq yeni dispetçer mərkəzlərinin yaradılması ilə davam edəcək.
İstehsal sahələrinin genişlənməsi və yenidən qurulması istiqamətində həyata keçirilən yenilklər sırasına yeni emalatxanaların istismara verilməsi və orada elektrik mühərriklərinin və avadanlıqlarının əsaslı təmir bazasının yaradılmasını da əlavə etməliyik.
Yeni stansiyanın və yeni xəttin deposunun birinci mərhələsinin istifadəyə verilməsi isə qarşıdakı dövrə xüsusi önəm verəcək. Bu il Bənövşəyi xəttin üçüncü, ümumilikdə meropolitenin isə 26-cı stansiyası şəhər sakinlərinə təqdim olunacaq. Bu isə təkcə metropolitenin deyil, ümumiyyətlə, paytaxtımızın müstəqillik dövründə sürətli inkişafının şanlı səhifələrindən biri olacaq.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020