Əsas səhifəMaraqlıNəhənglərin mindikləri
PAYLAŞ

Nəhənglərin mindikləri

Maraqlı 07 Avqust 2020 22:32 760

Dövlət başçılarının hansı avtomobildə hərəkət etməsi sadə insanların maraq dairələrində olan mövzulardandır. Əlbəttə  ki, ölkə rəhbərləri də adi vətəndaşlarla müqayisədə daha bahalı və fərqli avtomobilə sahib olmağı sevirlər. Bu tendensiya təkcə XXI əsrin dövlət başçılarına aid deyil. Hələ ötən əsrin ilk illərində vəzifədə olmuş bir sıra rəhbərlər dünyanın ən populyar brendlərinə əyləşib, avtomobil seçimlərinə xüsusi diqqət yetiriblər. Bu dəfə SSRİ-nin başında duran şəxslərin zamanında hansı avtomobillərə sahib olması haqda məlumat verəcəyik. Başlayaq bu imperiyanın qurucusu Lenindən!

Vladimir İliç Leninin oğurlanmış avtomobilləri

“Qüdrətli” imperiyanın qurucusu V.İ.Lenin əvvəllər velosipedlə gəzirmiş. Daha sonra 1915-ci il buraxılışlı Fransa istehsalı olan “Turcat-Mery 28” avtomobilinə sahib olur. Bu onun ilk avtomobili idi. 1917-ci ildə avtomobilini oğurlayırlar. Lenin bu oğurluğun başında eserlərin durduğundan şübhələnir. Axtarış başlanılır, avtomobil Fin sərhədindəki yanğınsöndürənlərin həyətindən tapılır. Məlum olur ki, avtomobili qaçaqmalçılar oğurlayıblar.

Leninin digər avtomobili Fransa istehsalı “Delaunay Belleville 45” markalı avtomobil olur. Amma bu avtomobilin ayağı gənc siyasətçiyə heç düşmür. 1918-ci ildə ona elə avtomobildə ikən sui-qəsd edilir. Özünə xətər dəyməsə də, avtomobil dəlik-dəlik olur. Avtomobilin sürəti 110 km/saat idi. Ən maraqlısı odur ki, Leninin bu avtomobili də soyğunçuların qurbanına çevrilir, onlar avtomobili oğurlayıb qaçırlar.

Sonrakı illərdə SSRİ rəhbəri 1914-cü ilin buraxılışı olan “Rolls-Royce Silver Ghost”dan istifadə etməyə başlayır. Həmin vaxt bu avtomobilin qiyməti 3000 funt sterlinq idi ki, həmin pula Moskvada əla şəraiti olan ev almaq olardı.

“Kegresse” Leninin son avtomobillərindən olub. Səyahəti çox sevən rəhbər üçün bu avtomobil dağ, qarlı yollar üçün əla vasitə idi.

Avtomobildə səyahəti sevən İosif Stalin

İlk xidməti avtomobili olan SSRİ başçısı İosif Stalin olub. 1914-cü ildə İngiltərədən II Nikolayın anası üçün “Vauxhall” avtomobili sifariş edilmişdi. İnqilabdan sonra bu avtomobil Stalinə çatmışdı.

Vətəndaş müharibəsi illərində Stalinin ixtiyarına “Packard Twin Six” avtomobili verilir. SSRİ-nin qeyri-məhdud hakimiyyətə malik olan diktatoru "Rolls-Royce 40/50 Silver Ghost” avtomobilindən də istifadə edib. Çünki o zaman dövlət qərara almışdı ki, bütün hökumət adamlarının xidməti avtomobilləri eyni olmalıdır. Sonralar Hofmeyster adlı çex yazıçısı yazırdı ki, məhz “Rolls-Royce” avtomobillərinin SSRİ-nin ürəyinə necə yol tapmasının səbəbini heç müəyyənləşdirə bilmədim.

1935-ci ildə ABŞ səfiri F.Ruzveltin "Tvelv Pakkardı" limuzinini İ.Stalinə hədiyyə edir. Tarixçilər bildirir ki, bu bron limuzin Stalinin çox xoşuna gəlmişdi. O həmin avtomobildə uzun-uzadı səyahət edərmiş. Hətta 1945-ci ildə dağılmış Berlin şəhərini məhz bu avtomobilin pəncərəsindən seyr etmişdi. 

1936-cı ildən Stalin adına zavodda yeni avtomobil “ZİS-101” istehsal edilməyə başlanıldı. Zavodun ilk buraxılışı onun xoşuna gəldi. Avtomobilin emblemi isə ulduzla qırmızı bayraq idi.

Müharibədən sonra “ZİS-115” avtomobili üzərində qızğın iş gedirdi. Çünki bu, sırf Stalin üçün nəzərdə tutulmuş, çəkisi 5 tonu ötən limuzin idi. Avtomobil kondisionerlə təchiz edilmişdi. Bu avtomobilin daha bir özəlliyi salonda arakəsmənin olması idi. Avtomobilə baxış zamanı Stalin “mənim xalqdan heç bir sirrim yoxdur, arakəsməni qoymaya da bilərsiniz”, - demişdir. Həmin limuzin nəinki diktatorun gediş-gəlişini həyata keçirən, həm də SSRİ-nin qüdrətini nümayiş etdirən bir vasitə idi.

SSRİ avtomobillərini sevən Nikita Xruşov

Əzazil diktatordan sonra hakimiyyət başına keçmiş mülayim rəhbər əsasən SSRİ istehsalı olan avtomobillərə üstünlük verirdi. Amma Yuqoslaviyaya səfəri zamanı Nikita Xruşova "Xorx-951A" kabrioleti hədiyyə edilir. Ümumiyyətlə, o, avtomobilləri çox sevirdi. 1961-ci ildə Fransa səfərindən qayıdarkən "Reno-Florida" kabrioletini gətirir, amma tez bir zamanda onu qızına hədiyyə edir.

N.Xruşovun  mülkiyyətində amerikalı Cadillac da olub. Avtomobilin çəkisi 3810 kq, sürəti isə 150 km/saat idi. Cadillac Xruşovun çox xoşuna gəlsə də, rəsmi tədbirlərdə əsasən “ZİS-110”dan istifadə edirdi.

Xruşov bir qayda olaraq, xarici avtomobillərini çox saxlamazdı. Bir az sürdükdən sonra onu müavininə verərdi.

Avtomobil kolleksiyaçısı Leonid Brejnev

Bu siyasətçini əsl avtomobil kolleksiyaçısı adlandırmaq olar. Tarixi mənbələr yazır ki, onun 68-ə yaxın avtomobili vardı. Bir qismini Kreml qarajında, bir qismini isə bağında saxlayarmış. Öldükdən sonra kolleksiyası da parçalanır. Avtomobillərinin çoxu dövlət mülkiyyəti idi. O, müharibə illərində (1941-1945) avtomobil sürməyi öyrənir. L.Brejnev həm də yüksək sürəti sevən dövlət xadimi kimi tanınırdı.

Kolleksiyasına daxil olan avtomobilləri: “Chevrolet Bel Air” (1955), “Opel Kapitan L” (1960), “Qağayı” QAZ-13 (1965), “CHRYSLER 300” (1966), “Maserati Quattroporte” (1968), “Cadillac Eldorado” (1972), “Rolls-Royce Silver Shadow” (1974), “Volqa” 31-02 (1982), “ZİL-115”, “ZİL-4105” və s.

SSRİ-nin ilk və son prezidentinin avtomobili

SSRİ-nin ilk və son prezidenti, həm də dağıdıcısı olan Mixail Qorbaçovun 1988-ci il istehsalı olan zirehli "ZİL-41052" avtomobili orta yaşlı insanlara bəlkə də tanışdır. Bu avtomobil dünyanın ən qorunmuş (bron) avtomobili hesab edilirdi.

MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020