Əsas səhifəÖlkəBeynəlxalq daşımalar sahəsində pandemiyanın mümkün zərərlərinin təhlili müzakirə olunub
PAYLAŞ

Beynəlxalq daşımalar sahəsində pandemiyanın mümkün zərərlərinin təhlili müzakirə olunub

Ölkə 11 Avqust 2020 11:35 1920

Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyası (ABADA) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) birgə təşkilatçılığı ilə onlayn konfrans keçirilib.

Avtoyol.az xəbər verir ki,  konfransda hazırkı dövr üçün aktual olan beynəlxalq daşımalar sahəsində də pandemiyanın mümkün zərərlərinin təhlili, yükdaşıma və sərnişindaşımaya dair ümumi məsələlər müzakirə edilib.

Tədbirdə daşıyıcı şirkət rəhbərlərinin və sahibkarların iştirakı təmin olunub. Konfransda daşımalar sahəsində mövcud problemlərin müzakirəsinə də yer ayrılıb. Onlayn konfransda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Azərbaycanda pandemiyanın qarşısının alınması üçün görülən tədbirlər çərçivəsində idxal, ixrac və eyni zamanda digər ölkələrə tranzit daşınan məhsulların səmərəli və effektiv çatdırılması üçün avtomobil nəqliyyatı ilə yükdaşımaları sahəsində məhdudiyyətlərin tətbiq edilmədiyini xüsusi vurğulayaraq, ölkəyə giriş-çıxış edən avtonəqliyyat vasitələrinə və onların sürücülərinə münasibətdə xüsusi tələblərin tətbiqindən və tələblərin icra mexanizmindən danışıb.

Daşıyıcılar öz növbəsində pandemiya dövründə yerli avtodaşıyıcıların fəaliyyəti zamanı yaranan problemlərin həllində DANX tərəfindən həyata keçirilən ardıcıl tədbirləri yüksək qiymətləndirdiklərini səsləndiriblər. Vurğulanıb ki, Türkiyə və Gürcüstanda nəqliyyat vasitələrinin öz ölkələrində qalma müddətləri ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunsa da, həmin ölkələrin müvafiq struktur rəhbərləri ilə aparılan danışıqlar nəticəsində qısa müddət ərzində problem həllini tapıb və Azərbaycana məxsus yerli daşıyıcıların fəaliyyəti bərpa olunub. Azərbaycan avtodaşıyıcılarının mənafelərinin qorunması, daxili avtonəqliyyat xidmətləri bazarının kvota sistemi ilə tənzimlənməsinin səmərəliliyinin artırılması, bu sahədə milli daşıyıcıların xüsusi çəkisinin artırılması, sahibkarlığın inkişafına kömək göstərilməsi, milli yük avtonəqliyyat parkının yenilənməsi, yeni iş yerlərinin açılması, kvotadan artıq ölkəyə daxil olan xarici yük daşıyıcıları tərəfindən yüklərin daşınmasının qarşısının alınması məqsədilə qanun layihələri hazırlanaraq hökumətə təqdim edilməsi barədə ətraflı məlumat konfrans iştirakçılarının nəzərinə çatdırılıb.

Konfransın sonunda Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyasının idarə heyətinə yeni üzvlər seçilib. Artıq bu tərkibdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbər heyəti də təmsil olunacaq


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020