Əsas səhifəXariciİspaniya yarışı başa çatıb
PAYLAŞ

İspaniya yarışı başa çatıb

Xarici 17 Avqust 2020 11:07 1222

51-ci dəfə keçirilən İspaniya Qran Prisi ilk dəfə avqust ayına təsadüf edib. Havanın isti olması və Mercedes sürücülərinin təkərlərdən şikayətlənməsi Red Bull-u qələbə üçün ümidləndirib.

Avtoyol.az f-1.az-a istinadla xəbər verir ki, iki gün əvvəl baş tutan sərbəst yürüşlərdə səhər Bottas nahardan sonra isə Həmilton hamıdan sürətli olublar. Lyuis dünənki son məşqlərdə də protokollara başçılıq edib. Britaniyalı sürücünün uğurlu çıxışı bununla da yekunlaşmayıb – komanda yoldaşını sıralanma turunda da üstələyib və cari mövsümdə dördüncü dəfə yarışa ən öndən başlamağa haqq qazanıb.

Koronavirus tsti müsbət çıxdığı üçün Silverstoundakı hər iki yarışı buraxmalı olan Serxio Peres geri qayıdıb – onun yerini iki yarışda dolduran Niko Hülkenberq maşını meksikalıya təhvil verib.

Pirelli Barselonaya sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Ötən həftə Silverstoundakı yarışda isti havada təkərlərin sürətlə aşınması komandaları diqqətləri buna yönəltməyə məcbur edib, məşqlərdə əsas diqqət təkərlərin səmərəliliyinin yoxlanılmasına yönəldilib.

Heç kimə cərimə tətbiq edilmədiyindən, start düzülüşü sıralanma turunun nəticələrinə uyğun olub. Həmilton və Bottas birinci, Ferstappen və Peres ikinci, Stroll və Elbon isə üçüncü cərgədən yarışa başlayıblar. Dördüncü cərgə isə McLaren sürücülərinin olub.

Fettel, Rikkardo, Rəykkönen, Okon, Qrojan, Latifi və Covinatsi orta, qalan sürücülər isə yumşaq təkərlərlə start alıblar.

Start maraqlı alınıb – Həmilton yerini qoruyub, Ferstappen və Stroll Bottası geridə qoyublar. Qasli və Maqnussen 2 yer qazanıblar. 2-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Stroll – Bottas – Peres – Elbon – Sayns – Qasli – Lekler – Norris.

Bottas 5-ci dövrədə Strolldan mövqeyini geri alıb. Sürücülər arasında məsafələr az olsa da, trasın quruluşu ötmələrə çox da imkan verməyib. Elbon 18-ci dövrədə Hard təkərlərə keçərək ilk pit-stop edən sürücü olub. Red Bull sürücüləri üçün fərqli strategiyalardan istifadə etmək qərarına gəlib, lakin başqa heç kim ən sərt təkərləri seçməyib.

Rassell 20-ci dövrədə pit-stop edib Okon və Elbon Rəykköneni ötüblər, Kimi dərhal təkərlərini dəyişməyə yollanıb. Aşınmadan şikayət edən Ferstappen 22-ci dövrədə Medium-a keçib. Eyni dövrədə Qasli, Norris, Kvyat, Covinatsi, bir dövrə sonra Sayns, iki dövrə sonra isə hər iki Mercedes sürücüsü pit-stop ediblər.

Sayns 29-cu dövrədə Elbonla mübarizədən qalib ayrılıb və önə keçib. 30-cu dövrədə isə Latifi, Peres, Lekler və Fettel də təkərlərini dəyişiblər. Peres Saynsı üstələyərək 6-cı yerı yüksəlib. Renault sürücüləri nəhayət, 36-ci dövrədə pit-stop ediblər.

38-ci dövrədə Lekler yerində fırlanıb və yolda dayanıb. Motor qəfildən sönüb. Monakolu sürücü artıq yarışın onun üçün başa çatdığını düşünərək kəmərlərini açıb, lakin sonra motoru işə salmağa nail olub. Pit yoluna gəlib, lakin komanda elektrik sistemlərindəki problemə görə onun mübarizədən çəkilməsinə qərar verib.

Elbon ikinci pit-stop dalğasına da start verən sürücü olub. 41-ci dövrədə isə Ferstappen yenidən Medium təkər seçib. 42-ci dövrədə Sayns, 43-cü dövrədə Stroll və Qasli, 46-cı dövrədə Norris və Rəykkönen, 47-ci dövrədə Kvyat və Covinatsi, 49-cu dövrədə isə Bottas pit-stop edib.

Valtteri Maksın arxasında trasa qayıdıb, lakin daha təzə təkərlərə sahib olmasına baxmayaraq, fərqi qapada bilməyib. 51-ci dövrədə pitə yollanan Həmilton liderliyini qoruyub. Peres və Kvyat mavi bayraqlara məhəl qoymadıqları üçün 5 saniyə vaxt cəzası alıblar. 55-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Bottas – Peres – Fettel – Stroll – Sayns – Elbon – Qasli – Norris.

Stroll 57-ci dövrədə təkərləri xeyli köhnəlmiş Fetteli ötüb. Alman sürücü 3 dövrə sonra da Saynsa keçilib. Rəykkönen ardıcıl ötmələrlə 14-cü pilləyə yüksəlib. Bottas 65-ci dövrədə mövqeyini itirmədən təkərlərini dəyişib və ən sonda sürətli dövrəni vuraraq aktivinə əlavə bir xal yazdırmağa nail olub.

Lyuis Həmilton mövsümdə dördüncü, karyerasında 88-ci qələbəsini bayram edib. O, həm də ən çox podiuma çıxmaq rekordunu Mixael Şumaxeri geridə qoyaraq təkbaşına ələ keçirib. Maks Ferstappen ardıcıl 4-cü dəfə yarışı ilk ikilikdə başa vurmağa nail olub. Valtteri Bottas isə podiumun son pilləsini tutub.

Beləliklə, mövsümün ikinci üç yarışlıq seriyası başa çatıb. İştirakçılar bir həftə dincəldikdən sonra əfsanəvi Spaya yola düşəcəklər…


MƏNBƏ: f-1.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020