Əsas səhifəMaraqlıKasko sığorta nədir?
PAYLAŞ

Kasko sığorta nədir?

Maraqlı 25 Avqust 2020 09:05 1089

Azərbaycanda qeydiyyatda olan avtomobillərin çox az faizi kasko qaydada sığortalanıb. Bir çoxları bilməzlikdən, bir çoxları isə sığorta şirkətlərinion onlara ödəniş etmədiyinə görə, avtomobiliərini sığortalamırlar. Bu məqalədə bir neçə vacib suala cavab verəcəyik.

İcbari sığorta və Kasko sığortanın əsas fərqi nədir?

Fərqi çox böyükdür. Kasko sığortası səbəbindən asılı olmayaraq avtomobilə dəymiş ziyanın əvəzini ödəyir. İcbari sığorta isə avtomobil sahibinin və ya sürücüsünün başqa üçüncü şəxslərin əmlakına, o cümlədən həyat və sağlamlığına vurduğu ziyanın əvəzinin ödənilməsini təmin edir. Sadə dillə izah etsək, əgər sizin kasko sığortanız yoxdursa və yol nəqliyyat hadisəsində təqsirkar tərəf sizsinizsə, icbari sığortanız qarşı tərəfin zərərini ödəyəcək, sizin zərərinizi isə özünüz ödəməli olacaqsınız. Sizə tövsiyyəmiz odur ki, avtomobiliniz varsa, hər ikisini əldə edin.

Kasko sığortanın qiyməti adətən necə müəyyən edilir?

Klassik kasko sığortasında avtomobilin real bazar dəyəri əsasında onun sığorta məbləği müəyyənləşdirilir. Daha sonra həmin sığorta məbləğinə sığorta tarifi deyilən faiz (%) dərəcəsi tətbiq edilir və sığortanın qiyməti ortaya çıxır. Sığortanın qiyməti avtomobilin növündən, tipindən, markasından, modelindən, mühərrikinin həcmindən, yaşından, vəziyyətindən, hətta sürücünün kimliyindən asılı olaraq dəyişə bilər.

Kasko Sığortası adətən avtomobil sahiblərini hansı hallardan qoruyur?

Kasko Sığortası alarkən sığortalılar təminata daxil olan hallara xüsusi diqqət yetirməlidirlər. Bu hallar sığorta şirkətindən və müqavilənizdən asılı olaraq dəyişilə bilər. Siz bütün risklərdən də sığortalana bilərsiniz, bir sıra seçilmiş risklərdən də. Sığorta təminatının miqyası nə qədər geniş olarsa, sığorta haqqı da o qədər çox ola bilər.

Kasko Sığortasında səlahiyyətli sürücü nə deməkdir?

Kasko sığorta müqaviləsi bağlanarkən sığorta şirkətləri avtomobili sürməyə səlahiyyəti olan şəxslər barədə məlumat göstərirlər. Və əgər hadisə baş verən zaman sükan arxasında olan şəxsin səlahiyyətli olması müəyyən edilməzsə, sığorta şirkəti ödəniş verməkdən imtina etmək hüququna malikdir. Bu tələb isə hadisə zamanı bir çox hallarda sığortalı - sığortaçı münasibətlərinin gərginləşməsinə səbəb olur.

Əksər hallarda sığortalılar avtomobillərinə dəymiş zərərin əvəzinin ödənilməsi formasından narazı qalırlar. Səbəb nədir?

Sığorta qanunvericiliyində müəyyən edilib ki, zərərin əvəzinin ödənilməsi formasını seçmək sığortaçının hüququdur. Bəzən müştəri zərərin əvəzinin pulla ödənilməsini tələb edir ki, təmir işlərini özü aparsın. Sığorta şirkəti isə buna razı olmur və avtomobili özünün arzu etdiyi məntəqədə təmir etdirəcəyini bəyan edir. Bu onun hüququ olsa da, sığortalını qane etməyə bilir.

Müasir avtomobil sahibləri arzu edirlər ki, sığorta hadisəsi baş verdikdə onların avtomobili rəsmi servislərdə təmir edilsin. Lakin, bir çox hallarda sığorta şirkətləri bunu təmin etmirlər. Səbəb nədir?

Müşahidələr onu göstərir ki, rəsmi servislərdə təmir qiymətləri digər servis məntəqələrindən daha baha olur, ona gör ki, rəsmi servislərdə adətən detalları təmir etmirlər və yenisi ilə dəyişməyə üstünlük verirlər. Eyni zamanda rəsmi servislərdəki qiymətlərlə bağlı adətən sövdələşmə etmək olmur. Bu isə təmir xərcinin artmasına səbəb olur. Ona görə də rəsmi servis təminatı verilən sığorta müqavilələrinin qiyməti digərlərindən daha baha olur.

Kasko Sığortası müqaviləsində tez-tez bu ifadəyə rast gəlirik - köhnəlmə əmsalı.

Əgər sığorta müqaviləsində müəyyən rəqəmlə və ya faizlə ifadə olunan köhnəlmə əmsalı qeyd edilibsə, bu o deməkdir ki, sizin avtomobilinizin köhnəldiyi hər ilinə görə sizə ödəniləcək sığorta ödənişi azaldılacaq. Bir misalla izah edim: tutaq ki, sizin müqavilənizdə avtomobilin 2 yaşından sonra hər il üçün 5 % köhnəlmə əmsalı tətbiq edilməsi müəyyən edilib. Sizin avtomobiliniz 2010 cu ilin istehsalıdır, deməli 2 yaşdan artıq 6 ilin hər biri üçün sizə 5 %, ümumilikdə 30 % köhnəlmə əmsalı hesablanacaq. Zərəriniz 5000 manatdırsa, alacağınız ödəniş 30 %, yəni 1500 manat azalacaq və 3500 manat təşkil edəcək.

Kasko sığortalarında sığorta şirkətləri zərərin əvəzini ən gec neçə günə ödəməlidirlər?

Qanunvericiliyə əsasən hadisənin baş verməsinə dair tələb olunan son sənəd ona təqdim edildikdən sonra 7 gün ərzində sığorta şirkəti ödənişi həyata keçirməli və ya əsaslandırılmış şəkildə ödənişdən imtina etməlidir. 7 gündən gec ödədikdə isə hər gecikdirilmiş gün üçün sığortalıya həmin məbləğin 0.1 % məbləğində dəbbə pulu ödəməlidir. Lakin, nəzərə alsaq ki, bir çox hallarda tələb olunan sənədin gəlməsi 20 gün çəkir, daha 7 gün də üzərinə gəlsək, sığortalı ödənişi təxminən 1 ay ərzində alır.


MƏNBƏ: avtostop.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020