Əsas səhifəÖlkəFüzulidə yolların yenidən qurulması diqqət mərkəzindədir
PAYLAŞ

Füzulidə yolların yenidən qurulması diqqət mərkəzindədir

Ölkə 27 Avqust 2020 07:49 1369

Təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması, sosial layihələrin icrası, əhalinin rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində, dövlət başçısının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Bu layihələr sırasında yolların yenidən qurulması prioritet məsələlərdən biridir.

Avtoyol.az xəbər verir ki, Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülüb. Son illərdə Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində ümumi uzunluğu 200 kilometrə yaxın Əhmədalılar–Mollaməhərrəmli–Arayatlı–Babı, Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı, 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası, Əhmədbəyli-Alıxanlı-Zobucuq, Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər, Əhmədalılar-Kərimbəyli-Aşağı Yağlıvənd-Qarabulaq, Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yolları yenidən qurulub.

2016-cı ilin aprel ayında Azərbaycanın Silahlı Qüvvələrinin təcavüzkar Ermənistanın işğalı altında olan torpaqlarımızın bir hissəsini düşməndən azad etməsi respublikamız üçün ən əlamətdar hadisə oldu. Mühüm strateji əhəmiyyətə malik Lələtəpənin işğaldan azad olunması nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildi. Dövlətimizin başçısının sərəncamlarına əsasən Cocuq Mərcanlı kəndi və Horadiz şəhərindən Cocuq Mərcanlıya gedən 9 kilometr uzunluğunda yol qısa bir zamanda yenidən quruldu. Cocuq Mərcanlıya gedən yolun yenidən qurulması Qarabağda ilk qələbə yolunun açılması deməkdir. Açılışında dövlətimizin başçısının iştirak etdiyi yolun bərpası və həmin yolla kənd əhalisinin yenidən doğma yurda qayıtması Qarabağa qayıdışın başlandığından xəbər verir. Qarabağa doğru uzanan daha bir yolun - Bəhrəmtəpə-Horadiz-Mincivan magistral yolunun Füzuli rayonu ərazisinə düşən 39 kilometrlik hissəsi də yüksək keyfiyyətlə yenidən qurularaq istifadəyə verilib. Bu yolun tikintisi ilə Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yolboyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin edilib.

Cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020