Əsas səhifəNəqliyyatVaqif Əsədovdan sürücülərə sərt xəbərdarlıq
PAYLAŞ

Vaqif Əsədovdan sürücülərə sərt xəbərdarlıq

Nəqliyyat 03 Sentyabr 2020 17:29 1602

İdarə etməyə heç bir sənəd tələb olunmadığı üçün əksəriyyət yaxın məsafələrə getməkdən ötrü velosipeddən istifadə edir. Ancaq son zamanlar onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb. Bəzi ekspertlər bunun səbəbini velosiped sürənlərin yol hərəkəti qaydalarından anlayışsız olmalarında görür. Onların sözlərinə görə, sözügedən nəqliyyat vasitəsini idarə edənlər əksər hallarda təyin olunan zolaqdan, qaranlıq vaxtı işıqlandırıcı vasitələrdən və təhlükəsizlik üçün şilemdən istifadə etmir. Bu da təəssüf ki, qəza baş verməsinə şərait yaradır və əksər hallarda təhlükəsizlik cəhətdən ən zəif nəqliyyat növlərindən biri olan velosipedi idarə edən şəxs hadisənin qurbanına çevrilir.

Velosiped, moped və digər xırda minik vasitələrinin sürücüləri hansı tələblərə riayət etməlidir? Dövlət qeydiyyat nişanı olmaması həmin sürücüləri məsuliyyətdən azad edirmi?

Avtoyol.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az -a bildirib ki, qayda pozan bütün nəqliyyat vasitələrini istər kameralar, istərsə də ərazidə xidmət aparan yol polisi əməkdaşları qeydə alır:

Bir neçə gün əvvəl Kürdəmirdə velosipedçinin ağır qəzada vəfat etməsi ürəkağrıdan hadisədir. Buna görə də elə həmin gün bununla bağlı xəbərdarlıq etdik. Təəssüf ki, velosipedçilərlə yanaşı, digər hərəkət iştirakçıları - mopedlər, motosiklet və kvadrasikllar da çox təhlükəli manevrlər edirlər. Hər bir hərəkət iştirakçısının riayət etməli olduğu qaydalar var. Bəzən velosipedçilər və moped sürənlər yollarda əks istiqamətdə hərəkət edirlər. Onlar ən azından yol-nəqliyyat hadisəsinin çox ağır olmaması üçün şilemdən istifadə etməlidirlər.

Günün qaranlıq vaxtında nəqliyyat vasitəsinin görünməsi təmin olunmalıdır. Kor-koranə moped, motosiklet sürüb, "nə olur-olsun" demək düz deyil. Onsuz da bütün pozuntuları yol polisi qeydə alır. Sözügedən nəqliyyat vasitəsi növlərinin sürücülərini cərimə ilə, protokol yazmaqla qorxutmuruq. İstəyirik ki, onlar öz sağlamlıqları üçün lazımi qaydalara əməl etsinlər. Son zamanlar çatdırılma şirkətlərində mopedlərin sayı çoxalıb. Ancaq bu o demək deyil ki, ürəkləri istəyəni edə bilərlər. Əksər moped sürənlər gözəl bilirlər ki, 50 kub/sm-dən az olan nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı qoyulmur. Buna görə də görürlər ki, yolda maşın yoxdur, əks istiqamətdə hərəkət edirlər. Bəs onlar bilmir ki, təhlükəsizlik kamerası ilə, yaxud ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb olunacaq?! Ərazidə xidmət aparan yol polisinin birbaşa onları məsuliyyətə cəlb etməyə səlahiyyəti var”.

Şəhər nəqliyyat eksperti Hüseyn Abdullayevin fikrincə, baş verən qəzaların səbəbi velosiped zolaqlarının olmamasıdır. Onun sözlərinə görə, ölkədə sözügedən nəqliyyat vasitəsini idarə etmək mədəniyyəti də lazımi səviyyədə deyil:

“Ölkədə velosiped sürmə mədəniyyətinin və infrastrukturun olmaması bu nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzaların artmasına səbəb olur. Bakı və digər böyük şəhərlərdə velosiped zolaqları olmalıdır ki, insanlar ondan rahat və təhlükəsiz istifadə edə bilsin. Həmin zolaqlar nə qədər çox olsa, velosiped sürənlərin də sayı o qədər artacaq. Bu, bütün dünyada bir trenddir.

Qərbi Avropada bu məsələyə daha çox diqqət ayrılır. Məsələn, Parisdə hazırda bu istiqamətdə bir neçə layihə həyata keçirilir. Ayrı-ayrı şəhər merləri etiraf edirlər ki, biz artıq insanların avtomobildən imtina edib daha dayanıqlı nəqliyyat növünə meylli olmasına çalışırıq. Dayanıqlı nəqliyyat növü isə ictimai nəqliyyat, piyada olmaq, velosiped, mikromobillikdir və s. Hətta bu yaxınlarda Tbilisi şəhərinin meri də oxşar açıqlama ilə çıxış etmişdi”.



MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020