Əsas səhifəÖlkəMotosikletçilərə qarşı aqressiyanın səbəbi nədir? - Bütün günahı ikitəkərlilərdə görən "komfortlu" təcrübəsizlər...
PAYLAŞ

Motosikletçilərə qarşı aqressiyanın səbəbi nədir? - Bütün günahı ikitəkərlilərdə görən "komfortlu" təcrübəsizlər...

Ölkə 12 Sentyabr 2020 12:44 2285

Ötən gün Bakıda kuryer motosiklet qəzasına düşüb. Onun motosikleti aşıb, ayağı zədələnib. Bəzi saytların yazdığına görə günah motosiklet sürücüsündə olsa da, kuryerin dediyinə görə qəza avtomobilin onu görməzdən gəlməsi səbəbindən baş verib. Belə ki, ikinci zolaqdan sola dönən avtomobil güzgüdən istifadə etmədən hərəkət etdiyinə görə qəzaya səbəb olub.

Son zamanlar motosiklet qəzalarının sayı artıb. Bu, müəyyən qədər şəhərdə moped sürənlərin, karantin rejimi ilə əlaqədar onlayn xidmətin artması ilə bağlıdır. Xüsusən də iş tapmayan şəxslərin ilkin ödəniş 300 manat verərək özlərinə moped alıb, dəbilqəsiz şəkildə, qaydalara riayət etmədən yola çıxması son zamanlar qəzaların artmasına gətirib çıxarır. Mühhərrikinin işçi həcmi 50 kub santimetrdən az olduğuna görə dövlət qeydiyyat nişanı və sürücülük vəsiqəsi tələb etməyən mopedlərin satışı yollarda təcrübəsiz sürücülərin artmasına səbəb olur.

Sürücülər və sosial şəbəkə istifadəçiləri isə bu qəzalarda günahkar tərəfi araşdırmadan birmənalı olaraq motosiklet sürücülərini günahlandırırlar. Hətta, sürücü özü günahkar olduğunu bilsə də, güzgüdən istifadə etmədiyini dilə gətirib, üzr istəməkdənsə günahı motosiklet sürücüsünün üstünə atmağa çalışır. Çünki çoxunun beynində motosiklet təhlükəli texnika kimi formalaşıb. Adi velosiped idarə etməyi bacarmayan, ikitəkərli görəndə yanından 5 metr aralı gəzən şəxslərin motosikletçiləri günahlandırmasında təəccüblü hal yoxdur.

Mopedlə motosikleti ayıra bilməyən şəxslərin günahı ikitəkərlidə görməsi çox normaldır. Çünki yol hərəkəti haqqında qaydaları bilməyənlərin bu iki nəqliyyat vasitəsini ayıra bilməməsi də təbii haldır. Qaydaları bilməyəndə isə qəza törətmək qaçılmaz olur.

Düzdü, bəzi motosiklet sürücüləri olduqca təhlükəli sürürlər, təhlükəli manevrlər edirlər. Bu da onlara qarşı aqresiyanın yaranmasına səbəb olur. Amma bu, onlara qarşı diqqətsizlik etmək, yolda görməzdən gəlmək, vurub, üstəlik də onu "səhv" çıxartmağa çalışmağa haqq qazandırmır.

Xarici ölkələrdə motosiklet sürücüləri yollarda onları görməzdən gələn, sıxmağa çalışan avtomobillərin güzgülərini qırsa da, Bakıda belə hallar yaşanmır. Əksinə, qayda pozan avtomobil sürücüləri "yağ kimi suyun üstünə çıxaraq" ikitəkərliləri günahlandırır. Dünyanın inkişaf etmiş ölkələrində ikitəkərlilərin avtomobil sayından çox olduğu bir zamanda Azərbaycanda avtomobil sürənlərlə mopedçilər arasındakı "müharibə" davam edir.

Unutmayaq ki, ikitəkərli nəqliyyat vasitəsini idarə edən şəxslər avtomobildəki kimi dörd tərəfdən mühafizə olunmayıblar, onların təhlükəsizliyini təmin edən tək vasitə dəbilqədir və yüngül bir təzyiq motosikletin aşmasına, sürücünün ayağının, qolunun, başının zədələnməsinə səbəb ola bilər. Buna görə də, yollarda hərəkətdəykən daha diqqətli olmaq, sağa, sola dönərkən düzgün zolaqda olduğuna əmin olmaq, güzgülərdən istifadə etmək lazımdır. Nəzərinizə çatdıraq ki, qayda pozuntusu xəsarətlə nəticələndikdə sürücülük hüququ azı 1 il müddətinə məhdudlaşdırıla bilər.

MƏNBƏ: milli.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020