Bakıda piyadaların yolunu kəsən pandus niyə sökülmür
Avtomobil Yolları07 Aprel 2021 13:061354
Bir müddət əvvəl Nəsimi rayonu, Səməd Vurğun küçəsində ''Xəzər Xəbər'' olaraq piyadaları narahat edən bir problemi işıqlandırmışdıq. Bu ərazidə piyada səkisinin düz ortasında avtomobillər üçün pandus quraşdırlmışdı. Piyadaların gediş-gəlişinə maneə yaradan bu problem aidiyyəti qurum tərəfindən nəzarətə götürüləcəyi vədi verilsə də, hələ də məsələ həll olunmayıb. Yasamal rayonu, Mirzağa Əliyev küçəsində 1 ay əvvəl işıqlandırdığımız piyada zolağı ilə bağlı problem isə həllini tapıb. Bakı Nəqliyyat Agentliyindən mart ayının 19-da "Xəzər Xəbər"ə verilən açıqlamada səkinin ortasında quraşdırılan pandusun ləğv olunacağı bildirilmişdi. Lakin problem hələ də həll edilməyib. Səkinin düz ortasında bir yaşayış kompleksi tərəfindən avtomobillər üçün salınan bu pandus problemini nədənsə aidiyyəti qurumlar görməzdən gəlirlər. Bu problemdən isə əziyyət çəkənlər piyadalar olurlar. Mövzu ilə bağlı yenidən Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Mais Ağayev bildirdi ki, əslində, bu problemi Agentlik yox, Nəsimi Rayon İcra Hakimiyyəti aradan qaldırmalıdır. İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin böyük məsləhətçisi Ələsgər Rüstəmov isə ''Xəzər Xəbər''ə bildirdi ki, həmin yaşayış kompleksi 8-9 il əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı və təsdiq olunmuş layihə əsasında tikilib. Yəni layihədən kənar orada heç bir iş görülməyib. Paytaxtın Yasamal rayonu, Mirzağa Əliyev küçəsində, Akademik Milli Dram Teatrının yaxınlığında piyadaların həyatı üçün təhlükə yaradan zolaqla bağlı bir neçə ay əvvəl çəkdiyimiz problem isə həllini tapıb. Həm sürücüləri, həm də piyadaları çaşdıran zolağın üzərinə qara boya çəkilib. Hazırda piyadalar yaxınlıqda olan yeraltı keçiddən istifadə edirlər. Bununla da həm piyadaların təhlükəsizliyi təmin olunub, həm də yolda qəza şəraiti yaranmır.
Rəylər