Əsas səhifəMaraqlıİkinci əl avtomobilin vuruq olmasını necə bilmək olar?
PAYLAŞ

İkinci əl avtomobilin vuruq olmasını necə bilmək olar?

Maraqlı 17 May 2021 22:34 2206


Elə insanlar var ki, saf olduğu üçün hərkəsi özü kimi bilir və bazarda tez aldadılır. Belə hallarla rastlaşmamaq üçün məqaləmizi oxuyun. Əvvəlcə internetdə görüb bəyəndiyiniz bir avtomobilin vəziyyətini soruşmaq üçün sahibinə zəng edərkən "satışa qoyduğunuz avtomobil üçün narahat etdim" deyin. Avtomobili satan adam əgər avtomobil ticarəti ilə məşğul olandırsa çox güman ki, onun satılıq 1-dən çox avtomobili olacaq və sizdən "hansı avtomobil?" deyə soruşacaq. Onda bilin ki, avtomobil birbaşa sahibindən deyil. Ya da satıcının nömrəsini Google da axtarışa verib yoxlayın. Alış-satışla məşğul olmayan birisinin nömrəsi axtarışda avtomobil satış saytlarında çıxmayacaq.



Əgər 5-10 ilin avtomobilini alırsınızsa bu avtomobildə sonradan yüngül boyanma halı normaldır. Çünki 1 ayın avtomobili də zədə ala bilir. Təbiki boyanmış avtomobil dəyərindən xeyli aşağı satılacaq. Amma baxır necə zədə alıb. Avtomobil 1-ci şəkildəki kimi cızıq da alar, yüngülvari sürtülə də bilər. Palirovka və ya biraz boya ilə bunu düzəldib sürmək avtomobilin yolda gedişi üçün problem yaratmaz. Əsas odur ki, avtomobilin şassisi 2-ci şəkildəki kimi zədə almasın. Bu zaman bütün problemlər başlayacaq. Əyilib sonradan düzəlmiş şassi ilə avtomobil yolda əyri gedəcək, yüksək sürətdə titrəmə olacaq, salona toz dolacaq və s. Hələ kəsilib calanmış avtomobilləri demirəm. Kəsilib calanmış avtomobilin 4 təkərli tabutdan bir fərqi yoxdur.



Bazarda görüb bəyəndiyiniz avtomobilin texniki pasportunda istehsal tarixinə baxın, sonra VİN kodunu internetdə axtarışa verib zavod göstəriciləri ilə üst-üstə düşməsini yoxlayın. Hətta avtomobilin şüşələrinə və təhlükəsizlik kəmərinə belə istehsal ili qeyd edilir. Avtomobili polisdə yoxladın, çünki cəriməsi özündən baha ola bilər.



Gövdənin bütün hissələrindəki ara məsafələrə fikir verin. Zərbə görməmiş avtomobildə bu xətlər eyni ölçüdə və simmetrik olmalıdır. Avtomobilin hər iki tərəfindəki xətlərə, cizgilərə fikir verin. Təmir olunubsa bir-biri ilə eyni cizgidə olmayacaq. Çünki bu tip avtomobillərin zavod xəttini bərpa etmək mümkünsüzə yaxındır. Pası, çürüyü varmı deyə altına kimi baxmaqdan çəkinməyin. Çünki suyun altında qalmış avtomobildə baqaj hissəsindən də çürümələr başlayır.



Sonradan boyanan detal əgər pis işlənibsə rəng fərqindən asanlıqla seçilir. Yaxşı işlənmiş detalda isə boyalı olduğunu ölçmə cihazı ilə yoxlamaq lazımdır. Avtomobilin sonradan boyandığını yoxlamaq üçün Mega Nitrometer adlı cihaz var. Bu cihazdan professional ustalar da istifadə edir. Cihaz boyanın qalınlığını ölçür. Bununla birlikdə hər markanın öz zavod qalınlıq dəyərini bilmək lazımdır. İstifadə qaydası: zavod boyanı ölçmək üçün cihazı ilk olaraq avtomobilin belinə tuturuq və üstündə yazılan rəqəm təxminən 110-140 arasında olmalıdır. Bu onun normal zavod dəyəridir. Əgər boyalı hissə varsa göstərdiyi rəqəm 150-400 arasında dəyişə bilər. Əgər birbaşa detal dəyişilib boyanıbsa göstərdiyi rəqəm təxminən 50 olacaqdır. Bu cihaz 98% dəqiqliyi ilə boyanın qalınlığını təyin edir. Yox əgər aparatınız yoxdursa bunu maqnit ilə də edə bilərsiniz. Çox güclü maqnit sizi aldada bilər. Belə ki, zəif tutumlu və ya qalın parçaya bükdüyünüz maqniti avtomobilin gövdəsində gəzdirin. Əlinizi buraxdığınız zaman biraz öncə tutduğu hissədən fərqli olaraq bu hissədə eyni gücdə tutmursa deməli həmin hissəyə "şpaqlyovka" çəkilib.



Almaq istədiyiniz avtomobilin motorunu və salonunu təmiz görən kimi əsla avtomobilə vurulub aldanmayın. Maşın sizə 0 km kimi görünə bilər. Çünki rahat satılması üçün ona tətbiq edilməyən kimyəvi maddə qalmayıb. Satıcı avtomobilin əla olmasını bildirmək üçün sizə nə vaxtsa satmaq istəsən gətir özüm alacam deyib sizi daha da təsirləndirə bilər. Gövdədəki kiçik cızıqları göstərərək boyatmadım ki, orjinallığı getməsin deyərək aldadıb avtomobilin "bezkraska" olduğuna inandıra bilər. Təmiz avtomobil olduğuna inandırmaq üçün baqajdakı açarlar və yanğın söndürmə balonundan tutmuş, servis kitabına qədər göstərər ki, siz daha da inanasınız. Çox güman ki, satışa çıxarmadan əvvəl bunları özü alıb qoyub maşına. Yanlış anlamayın, istisnalar var və bunu deyən hər kəs yalançı olur demirəm. Odur ki, belə şeylərə aldanıb yoxlamadan avtomobil almayın.



Amartizator qüllələrinə fikir verin. Qüllələrin deformasiya olması avtomobilin ciddi qəza keçirtmiş olması deməkdir. Çünki onun formasını çəkiclə döyməklə və ya dartmaqla düzəltmək imkansız kimi bir şeydir.



Ön hissədə zavodun yapışdırdığı müxtəlif etiketlər var. Əgər bu etiketlər yoxdursa və ya deformasiya olunubsa çox gümanki avtomobil ön hissədən zərbə alıb sonradan boyanıb. Eynilə 2 qapı arasında qalan hissələrdə də bu etiketlər mövcuddur.



Avtomobilin bütün təkərlərinə nəzər yetirin. Təkərlərin yerə dəyən hissəsi eyni bərabərlikdə yeyilməyibsə avtomobil ya avariyaya düşüb düzgün yığılmayıb, ya da avtomobilin hərəkət düzlüyündə və ya şassisində problem var.



Avtomobilin aşmasını da bilmək olur. Beli ilə yanının birləşmə nöqtələrindəki plastik hissəni qaldırıb altına baxın. Zavodda bu yuvarlaq svarka hissələri robotlar tərəfindən atılır deyə səliqəli və eyni məsafəli olur. Ancaq beli sonradan dəyişilibsə servisin atdığı kontak svarka bu qədər səliqəli olmur. Bu halda anlaşılır, avtomobil ciddi şəkildə aşıb. Həmçinin arxadan zərbə aldığını bilmək istəyirsinizsə baqajın parçasını qaldırıb eyni kontak svarkaya diqqət edə bilərsiniz.



Avtomobilin hər yerindəki rəng tonuna fikir verin. Əsas da rezin kənarlarına diqqətli baxın. Boyanmış avtomobildə hökmən hardasa iz qalmış olacaq. Satıcı əlini şüşəyə qoyub "balamın canı buna kraska dəyməyib" deyə bilər, çünki düz deyir. Şüşəyə nə vaxtdan kraska dəyir?



Bəzi satıcılar isə maşının bir küncünə çörək ataraq and içir ki, "balamın canı çörəkli maşındı". Ya da səhər evdən çıxanda oğluna deyir "buna nə verərsən?". Məsələn maşın 5 minlikdisə oğlu deyir 6 min verərəm. Bazarda da and içir ki, "balamın ölmüşü səhər 6 min verirdilər vermədim.



Avtomobili 4 tərəfdən də yelləyin. Əgər amartizatorlar yaxşı vəziyyətdədirsə maşın 1 dəfə yellənib dayanacaq.



Pedallara fikir verin. Qaz pedalı çox yeyilibsə maşın trasda çox sürülüb deməkdir. Belə olan halda probeq az ola bilməz. Əyləc pedalı çox yeyilibsə şəhər içi daha çox sürülüb deməkdir. Əlavə olaraq beynini yoxlatdırıb probeqinin çəkilib çəkilmədiyinə də baxdırın.



Avtomobilin probeqi onun sükanından və salondakı düymələrin köhnəlməsindən və ya parıldamasından da bilinir.



Əl əyləcini yoxlamaq üçün transmissiyanın 1-ci pilləsində maşını sürməyə çalışın. Əgər hərəkət edərsə deməli əl əyləci işləmir. Əl əyləci dartılı ikən pilləni 1-ə verib ayağınızı yavaşca muftadan çəkin. Normal halda motor sönməlidir. Motor sönməsə deməli muftada problem var.



Avtomobili işə salıb hökmən yolda test edin. Motorun yoxlanması zamanı çalışın ki, soyuq olsun. Çünki motorun əgər problemi varsa isindiyi zaman bəzi problemləri aradan qalxır. Yəni soyuq halda işə salınan zaman səs küyündən nə vəziyyətdə olduğunu təxmin edə bilərsiniz. Yola düzəldiyiniz zaman əlinizi sükandan buraxdığınız vaxt yolda düz irəliləməli, döndərdiyiniz zaman asqılardan səs gəlməməlidir. Çəkinmədən maşını trasa çıxarıb biraz yuxarı sürətdə test edin (qəza şəraiti yaratmamaq şərti ilə). Qəza etmiş avtomobil dəqiq yığılsa da 150-dən sonra titrəməyə meyilli olacaq. Təkərlərdə problem varsa 110-120-dən sonra özünü göstərəcək. Transmissiyanın pillə dəyişməsi zamanı hiss edilməməsinə diqqət edin. Hava soyuq belə olsa çəkinmədən kondisioneri işə salıb sistemi tam yoxlayın.



İndi elə bir məlumat verəcəm ki, bir avtomobilin qəzalı və ya sonradan boyanmış olduğunu baxan kimi biləcəksiniz. Elə ustalar var ki, avtomobili çox dəqiq düzəldirlər və bunu professional adam da seçə bilmir. Avtomobil arxadan və ya öndən zərbə alıbsa baqajı və ya motorxananı açıb metal hissəyə baxın. Boya parlaqdırsa ya təmir edilib, ya da dəyişdirilib. Çünki bu hissələr zavodda gövdənin vannaya batırılması ilə boyanır və mat olur, polirovka edilmir. Yəni iç hissələr hər zaman mat olur. Ancaq sonradan rəngləndikdə püskürtmə üsulu ilə rənglənir deyə parlaq olur. Yəni kuzanın sonradan vannaya batırılması imkansızdır. Demirəm qəzalı avtomobil almayın, bu sadalananlar sizi qane edirsə çox aşağı qiymətə alıb sürə bilərsiniz.



Kimsə vuruq maşını vuruqsuz adı ilə aldadılıb alıbsa o insan da sabah maşını satanda bir başqasını aldatmağa çalışır. Özünüzə edilməsindən xoşlanmadığınız bir şeyi başqasına etməyə çalışmayın.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020