Əsas səhifəNəqliyyatVisa, Azərbaycan Dəmir Yolları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı şəhərətrafı dəmir yolu xətlərində təmassız ödənişləri genişləndirir
PAYLAŞ

Visa, Azərbaycan Dəmir Yolları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı şəhərətrafı dəmir yolu xətlərində təmassız ödənişləri genişləndirir

Nəqliyyat 02 İyun 2021 13:30 2226

Bu gün Visa şirkəti, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıqda, şəhərətrafı dəmir yollarında təmassız ödəniş sisteminin tam şəkildə istifadəyə verilməsini elan edib. Artıq Bakı və Sumqayıt şəhərləri arasında ən sürətli sərnişin daşımalarını təmin edən və sərnişinlərin geniş istifadə etdikləri Abşeron dairəvi dəmir yolunun bütün stansiyalarında ölkənin istənilən bankı tərəfindən buraxılmış kartların sahibləri üçün təmassız ödəniş etmək mümkündür. Sərnişinlər gediş haqlarını təmassız ödəniş kartları və üzükləri vasitəsilə rahat və təhlükəsiz ödəyə bilərlər.

Hazırda Abşeron dairəvi dəmir yolunun 14 stansiyasının hamısında hər iki istiqamətdə təmassız oxuyucu cihazları ilə təchiz edilmiş turniketlər quraşdırılıb. Azərbaycan Dəmir Yollarında təmassız ödəniş sisteminin qurulması həm elektron ödənişlərin qəbulu, həm də ölkənin nəqliyyat infrastrukturunun müasirləşdirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Çünki bu addım sərnişinlərin ödəmə təcrübəsini yaxşılaşdırmaqla yanaşı, sərnişin daşımaları operatorlarına nəqliyyat sistemini daha səmərəli idarə etməyə imkan verəcək. 

Sözügedən layihənin bir hissəsi olaraq, dairəvi dəmir yolunun bütün stansiyalarında yerləşdirilmiş 27 biznes terminalı vasitəsilə sərnişinlər təmassız şəkildə əlavə ödəniş edərək biletlərin kateqoriyasını biznes klassadək yüksəldə bilərlər. Sərnişin tərəfindən ödənilən tarif məsafədən asılıdır – gediş haqqı sərnişinin keçdiyi stansiyaların sayına əsasən avtomatik hesablanır. Beləliklə, sərnişinlər gediş haqlarını tez, rahat və təhlükəsiz qaydada ödəyirlər. Nəqliyyat operatoru isə təmassız ödənişlər sayəsində sərnişinlərin qeydiyyatı və daşınması proseslərini optimallaşdırır, eləcə də əlaqədar xərcləri azaldır. Bu mühüm infrastruktur layihəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü və dəstəyi ilə həyata keçirilir. Layihənin icrası üçün əsas xidmət təchizatçısı olan “Azərbaycan Dəmir Yolları” QSC, layihənin ekvayeri Azərbaycan Beynəlxalq Bankı, ödəniş xidmətlərinin təchizatçısı IBA Group, sistemlərin inteqratoru və proqram təminatı idarəedicisi qismində RBC Consulting, bank prosessoru olan AzeriCard və texnoloji tərəfdaş qismində Visa öz səylərini birləşdiriblər.

 “Azərbaycan Dəmir Yolları sərnişinlərə daha rahat və etibarlı gediş şəraiti yaratmaq üçün daim innovasiyalar tətbiq etməyə çalışır. Qatar artıq şəhərətrafı nəqliyyatın ən təhlükəsiz və ekoloji baxımdan ən təmiz növlərindən biridir. Bu layihə sərnişinlərə gediş haqlarını bank kartları vasitəsilə çox asan, sürətli və təhlükəsiz şəkildə ödəməyə imkan verəcək və sərnişinlərə xidmətin göstərilməsini xeyli asanlaşdıracaq”, –  “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov qeyd edib.

“Sərnişin axınının artmağa başladığı, lakin hələ də pandemiyadan qabaqkı səviyyədən xeyli geridə qaldığı bir dövrdə, dünyanın hər bir yerində şəhərlər və nəqliyyat operatorları sakinlərə təhlükəsiz, etibarlı və səmərəli nəqliyyat xidmətləri göstərmək yollarını arayırlar.  Nəqliyyatda təmassız ödəmələrdən istifadə dünya üzrə 187% artıb, və Visa hazırda dünyanın 500 şəhəri ilə əməkdaşlıqda təmassız ödəniş həllərini qurur və ya genişləndirir. Fəxr edirik ki, Azərbaycan da təmassız gediş haqqı sistemini genişləndirən ölkələr sırasındadır. Əminik ki, bu mühüm layihə ölkə üzrə təmassız ödənişləri yeni səviyyəyə qaldıracaq”, – deyərək Visa şirkətinin Qafqaz regional meneceri Kristina Doroş əlavə edib.   

Azərbaycan Respublikasının Mərkəzi Bankının icraçı direktoru Fərid Osmanov bildirib: “Azərbaycanın Mərkəzi Bankı üçün ödəniş xidmətlərinin rəqəmsallaşdırılmasında əsas məqsəd daha sadə, sürətli, təmassız və istehlakçılar üçün rahat ödəmə həllərini təşviq etməklə ölkədə nağdsız iqtisadiyyatın artımında köklü dəyişikliyə nail olmaqdır. Həmin ödəmə xidmətlərinin bazara təqdim edilməsi həmçinin yeni gəlir axınlarının və əlavə dəyər imkanlarının inkişafı üçün yol açır. Bu gün hörmətli tərəfdaşlarımızla birgə biz “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində dəmir yollarında yeni pilot təşəbbüsünü uğurla istifadəyə veririk. Dövlət Proqramı daxilində biz ödənişlərin nəhəng dərəcədə artmasına nail olmuşuq. Ödəniş kartlarının sayı 44% yüksələrək 10,1 milyona, təmassız kartların sayı isə 5,5 dəfə artaraq 4,6 milyona çatıb. Tam əminliklə deyə bilərik ki, bazarda təmassız kart sayının dinamik artımı dəmir yollarında da təmassız ödənişlərin cəld və səmərəli tətbiqini sürətləndirəcək. Bu gün biz ölkənin nəqliyyat sisteminin inkişafında yeni bir mərhələyə qədəm basırıq və ümid edirik ki, bu tendensiya bütöv nəqliyyat ekosistemini əhatə edəcək”.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “Azərbaycan Dəmir Yollarının Abşeron yarımadasında yerləşən bütün sərnişin stansiyalarında bank kartları ilə təmassız ödənişlərin həyata keçirilməsi imkanı müasir texnologiyaların tətbiqi nəticəsində əldə olunan növbəti bir müvəffəqiyyətdir. Bu yenilik təmassız ödənişlərin müştərilər arasında daha da böyük rəğbət qazanmasına səbəb olacaq. Son bir il ərzində Azərbaycan Beynəlxalq Bankının buraxdığı kartlar vasitəsilə edilmiş təmassız ödənişlərin sayı 10 dəfədən çox artıb. Belə layihələrin tətbiqi təmassız ödəniş tendensiyasını gücləndirir. Əminik ki, təmassız ödəniş üsulları müştərilərin rahatlığını təmin etməklə yanaşı, onların vaxtına da xeyli qənaət edəcək. İnnovativ həllərin tətbiqi və yeni müştəri təcrübələrinin yaradılması Azərbaycan Beynəlxalq Bankı üçün həmişə prioritet olaraq qalacaq”.


MƏNBƏ: ady.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020