Avtomobili özümüz necə diaqnostika edə bilərik?
Maraqlı
03 İyun 2021 07:13
1225
Hər birimizin avtomobilində texniki problemlər olur və bu problemləri həll etmək üçün çox vaxt avtomobili diaqnostika üçün kompüterə qoşdurmalı oluruq. Kimisi injektorun işığını söndürmək üçün, kimisi hər hansı xətanı bərpa etmək üçün ustaya müraciət edir. Hər dəfə diaqnostikaya 10-15 Azn xərcləmək istəmirsinizsə bu xəbəri diqqətlə oxumağınız məsləhətdir.
Beyinə sahib hər avtomobildə OBD (On Board Diagnostic) giriş hissəsi olur. Bu giriş çox vaxt sürücü tərəfdə qoruyucuların (predoxranitel) yanında, ya da əl əyləcinin altında olur. Ustalar bu girişdən istifadə edərək xüsusi kabel vasitəsi ilə öz kompüterlərini avtomobil ilə əlaqələndirir və xüsusi proqram ilə problemi tapırlar. Ustaya getmədən mobil telefonunuzla bunu özünüz necə edə bilərsiniz?
Aliexpressə daxil olub bu cihazı satın alırsınız. Təxmini 2-7 $ qiyməti var. Aparatın adı Mini OBD2-dir (ELM327). Diaqnostika üçün verdiyiniz 15 manatı bu aparata 1 dəfə verirsiniz və hər dəfə pulsuz olaraq öz avtomobilinizi özünüz diaqnostika edib problemini həll edirsiniz. Aparat Blutuzla işləyir və avtomobilin bütün sistemlərinə giriş əldə edə bilir. Tapılan problemi telefonunuzun ekranında göstərir və xətanı bərpa edir. Bu aparatla avtomobilin hətta yürüş km-ni (probeqini) belə çəkmək olur. 0-100 km/s sürətlənməni də cihaz dəqiq ölçə bilir. Bir sözlə telefonunuzu funksional bort kompüterə çevirə bilərsiniz. Cihaz tək adda satılmır, yəni bunun da versiyaları olur. Cihazın 1.5 və 2.1 versiyası olsa da, bir çox avtomobilə 1.5 versiya rahatlıqla düşür və problemsiz işləyir. 2.1 versiya isə daha çox xarici avtomobil markalarında işləyir.
Cihaz tapdığı xətanı kod halında açıqlaması ilə birlikdə əks etdirir. Xətanın bərpası üçün lazımi həll yollarını sizə təqdim edir. Xətanın tapılmasından sonra onu ECU-dan silərək sıfır xəta olaraq göstərir. Həmin xətanı yenidən axtarışa verdikdə ekranda çıxmırsa deməli artıq həll edilmişdir. Yox əgər xəta yenidən davam edərsə xətanın səbəbi və ya xətaya səbəb olan sensor aşkar edilərək yenisi ilə dəyişdirilməlidir. Dəyişdirilən hissə ECU-ya tanıdılaraq adaptasiya olunur. Çox vaxt yanacaq sistemi hissələrində adaptasiya lazım olur. Özəlliklə injektor dəyişdirildiyi zaman kodlaşdırma lazım olur. Kodlaşdırmanı hər cihaz edə bilmədiyi üçün cihaz alan zaman bu funksiyasının olub-olmadığını araşdırmaq lazımdır.
Daha sonra Play Marketə daxil olub mobil telefonunuza "İOBD2", "OBD Doctor", "Open Diag", "Torque" proqramlarından birini yükləyirsiniz və hər şey hazır olur. Hər proqramın interfeysində ayrı-ayrı funksiyalar mövcuddur. Play Marketdə bu kimi pullu olub daha çox özəlliyi olan proqramlar olsa da pulsuz diaqnostika proqramları da mövcuddur. Artıq istədiyiniz vaxt istədiyiniz avtomobilin ECU sisteminə daxil olaraq problemlərini özünüz aşkar edə bilərsiniz.
Rəylər