Motora Qaz quraşdırmaq ziyandır? LPG məlumat
Maraqlı
05 İyun 2021 09:24
4765
LPG ilk dəfə 1810-cu ildə İngiltərədə istifadə olunmuşdur. Minik avtomobillərində LPG daha çox istifadə olunur. LPG mayeləşdirilmiş neft qazıdır. Özü rəngsiz və iysizdir. Havadan ağır olan LPG-nin qoxusu sonradan əlavə olunur. Hazırda istifadə olunan LPG-lərin 70%-i butan, 30%-i propan qazından ibarətdir. Bu qazların təzyiq altında mayeləşdirilməsi ilə LPG əmələ gəlir. Həmin 2 qazın qarışdırılması nəticəsində LPG daha yanıcı hala gəlir. Tökdüyünüz benzin 95 oktandırsa, LPG 107 oktana bərabərdir. 1 L LPG qaz halına keçdikdə təxminən 250 L həcmə çatır. LPG havadan ağır olduğu üçün sızıntı zamanı yerə çökür. Avtomobillərdə istifadə olunan LPG sistemləri keyfiyyətli materiallardan hazırlanır və baxımı vaxtı vaxtında düzgün edildikdə dizel və benzin mühərrikdən də etibarlı olur.
LPG hansı avtomobillərə uyğundur?
Turbo motorlu avtomobillər LPG ilə uyğun olsa da əsasən 2.0 və yuxarı atmosferik motorlar da bunun üçün seçilir. Çünki Turbo motorlar onsuz da sərfiyyat baxımından ekonomikdir. LPG-nin güc cəhətdən verdiyi performans aşağı olsa da məsafə baxımından daha çox km verir.
LPG motor ömrünə necə təsir edir?
LPG ilə işləyən motor daha səssiz və vuruntusuz işləyir, motora və motor yağının ömrünə müsbət təsir edir, daha az zərərli qaz xaric edir. Oktan dəyəri yüksək olduğu üçün motorda vurma hallarının qarşısını alır, şamların (sveçaların) ömrünü uzadır. Təzyiq tənzimləyici (requlator) qoyulmadığı zaman yayda və qışda təzyiq dəyəri tənzimlənməlidir. Ancaq sabit tənzimləyici olduğu zaman buna ehtiyac qalmır. LPG ilə Benzin arasında iş prinsipi fərqi sadəcə yanacaq çəni və yanacaq nasosu sistemidir. Motor bloku, şamlar, işə salma və yağlama sistemi, elektrik alətlər eyni qalır. İki ədəd yanacaq çəniniz olduğu üçün YDM-nə girib vaxt itirməyə ehtiyac qalmadan daha uzun yol gedə bilərsiniz.
LPG taxıldıqdan sonra nələrə diqqət etmək lazımdır?
Motorun istiliyi yüksək olur. Suyun səviyyəsini aşağı salacağı üçün su səviyyəsini vaxtaşırı yoxlamaq tələb olunur. Motorun yağ yeməsinə səbəb ola bilər. Ağır yoxuşlarda motor LPG ilə gücə düşəcəyi üçün temperatur yüksələcək, buna görə də benzin rejiminə keçmək lazımdır. LPG-nin enerji dəyəri benzindən 30% az olduğu üçün benzin rejimində 9 L benzin sərf edən motor, LPG ilə 12 L LPG sərf edə bilir. Buna görə “benzindən 30% çox yandırır” sözü ortaya çıxıb.
LPG qışda donur?
Normal halda yanacaq çənindən maye olaraq gələn LPG tənzimləyicidə mühərrik soyutma suyunun istiliyinin təsiri ilə buxarlanır və qaz halında mühərrikə göndərilir. Ancaq hava soyuq olduqda LPG tənzimləyicidə buxarlaşmaq istəyir ancaq tənzimləyici soyuq olduğu üçün tənzimləyici və boruların içində LPG donur. Beləliklə LPG-nin bütün hissəsi buxarlana bilmir və motora qaz halında gedə bilmir. Nəticədə mühərrik işləyə bilmir, işləsə belə qeyri stabil işləyərək yenidən sönür. Yəni LPG donmasa da LPG beyni mənfi temperaturda dona bilir. Bunun həll yolu mühərriki axşam söndürən zaman benzinə çevirib söndürmək və sabah yenidən benzin halında işə salmaqdır. Əgər yanacaq çənində yetəri qədər benzininiz də yoxdursa, motorxananı açıb LPG beyninə və borularına isti su töküb isitməyə çalışın. Bu zaman mühərrik işə düşəcəkdir. Mütəxəssislərin məsləhətinə görə LPG çəni günün sonunda dolu şəkildə buraxılmamalı, istifadə olunacaq yanacağın günlük ehtiyacınıza görə alınması gərəkdir. Ümumilikdə isə donma dərəcəsinə görə Metan -182 C, Butan -140 C, Propan -188 dərəcədir.
LPG çəninin yük yerində əlavə yer tutmağını istəmirsinizsə, ehtiyat təkərin yerinə quraşdırıla bilən LPG çənləri də var. Ancaq təkərin partlama ehtimalını nəzərə alıb deşilən təkəri yerindəcə doldura biləcəyiniz yamayıcı rezin və onu təkərin içinə salan alət avtomobilinizdə olmalıdır.
CNG mühərrik
LPG sistemi propan butan, CNG sistemləri isə metan qazı ilə işləyir. Təbii qaz, yəni Metan qazı (CNG) qəza zamanı ən təhlükəsiz yanacaq hesab olunur. Çünki avtomobil qəzaya düşdüyü halda qaz çəni deşilsə belə qaz havaya uçaraq yüksəlir. Yəni LPG və ya Benzin kimi yerə tökülüb yanma, partlama ehtimalı yaratmır. Metan qazı çox təmiz yandığı üçün motorun yağını da çirkləndirmir və 40.000 km-dən bir yağ dəyişilir, motorun ömrü uzun olur. Metan qazı digər qazdan ucuz başa gəlir. CNG qazı dizeldən 35%, benzindən 70�ha ekonomikdir. Misal üçün 10 litr benzinə ən ucuz halda 9 manat pul verirsiniz. Ancaq o həcmdə qaza 4 manat 40 qəpik pul ödəyirsiniz. Bakıdakı Baku Bus-lar CNG ilə işləyir. CNG neçə illərdir ABŞ, İtaliya, Argentina, və Yeni Zelandiyada ən etibarlı yanacaq kimi qəbul edilir. Benzin çəninə görə CNG çəni daha sağlam materialdan hazırlanır.
Hər nəqliyyat vasitəsində CNG quraşdırmaq mümkün deyil. Xüsusilə də sərnişindaşıma həyata keçirməyən ümumi nəqliyyat vasitələrinə bu şamil olunur. İstehsal edən zavod tərəfindən "maye qazın istifadəsi üçün" icazə varsa bu halda heç bir narahatlıq yoxdur. Aşağıdakı şəkildə gördüyünüz Opel Astra K modelində CNG versiyalı mühərrik zavod tərəfindən istehsal edilib. Yəni hər şeyi sıfırdan düşünülüb və sistem buna uyğun hesablanıb.
Əsas sual. LPG motoru qurudur?
LPG quru yanacaq deyil. Quru yanacağa misal olaraq kömürü göstərə bilərik. Sadəcə benzinin tərkibində olan qoruyucu qatqılar LPG-də olmadığı üçün motorda nisbətən yağ yemə halları görünə bilər. Ancaq əsla və əsla motoru qurutmaz. Bir çox sürücü LPG-ni təhlükəli hesab etsə də əslində benzin və dizel qədər etibarlıdır. Standartlara uyğun və keyfiyyətli LPG taxıldığı zaman narahatlığa əsas qalmır. Çünki hal-hazırda taxılan LPG sistemlərində təhlükəsizlik tədbiri kimi bir çox təchizat quraşdırılır. Ucuz başa gəlsin deyə qeyri-peşəkar yerlərdə LPG qoşdurmaq məsləhət deyil.
Əgər avtomobilinizə qaz avadanlığı quraşdırmaq istəsəniz yol polisindən icazə almalısınız. İcazə alındıqdan sonra müvafiq lisenziyası olan, texniki təmir stansiyalarında zəmanətlə bu sistem quraşdırılır. Quraşdırılmadan sonra yanacaq sisteminin dəyişdirilməsi ilə bağlı Dövlət Yol Polisində təkrar qeydiyyat aparılır. Avtomobilin şəhadətnaməsində hansı qaz yanacağı ilə işləməsi barədə xüsusi qeydlər yazılır. Şirkətlərə xüsusi lisenziya Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir. Onların verdiyi sənəd əsasında dövlət yol polisində müvafiq qeydiyyat aparılır ki, bu nəqliyyat vasitəsi həm benzin, həm də maye qazla işləyə bilər.
Sürücülər avadanlığı quraşdırdıqdan sonra yol polisində qeydiyyatdan keçmirsə, həmin halda məsuliyyətə cəlb olunurlar. Normativ sənədlər pozulmaqla əlavə avadanlığın quraşdırılmasına görə sürücülər 150 manat miqdarında cərimə edilir.
Rəylər