Əsas səhifəNəqliyyatAZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilmişdir
PAYLAŞ

AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilmişdir

Nəqliyyat 30 İyul 2021 12:00 1385

30 iyul 2021-ci il, Bakı - Azərbaycanın Milli aviadaşıyıcısının uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilmişdir.

Toplantını giriş sözü ilə açan AZAL-ın prezidenti Cahangir Əsgərov bütün uçuş heyətinə yüksək peşəkarlıq səviyyəsinə, məhsuldar əməyinə, təcrübəsinə, mülki aviasiyanın inkişafına verdiyi töhfəyə və bu sahənin bu gün və gələcəkdə bütün əhəmiyyətini dərk etdiyinə görə təşəkkürünü bildirib.

Cahangir Əsgərov qeyd edib ki, bu gün Azərbaycan mülki aviasiyasının uğurlu inkişafı Prezident İlham Əliyevin daimi dəstəyi və qayğısı sayəsində mümkün olub.

Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş Azərbaycan ərazilərində - Füzuli, Zəngilan və Laçın rayonlarında üç beynəlxalq hava limanının tikintisi həyata keçirilir. Bu gün Qarabağ səmasında, uzunmüddətli fasilədən sonra, milli naviqasiya sistemlərinin radioçağırış siqnalları ötürülür. İlk bu siqnalları AZAL təyyarələri qəbul edib.

Tədbir zamanı Azərbaycanlı pilotların hazırlığının və uçuşların təhlükəsizliyinin yüksək səviyyədə olduğu qeyd edilib. Xüsusilə, AZAL prezidenti Embraer E-190 tipli təyyarə üçün son nəsil trenajorun Azərbaycan Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən Pilotların Hazırlığı Mərkəzində tezliklə istifadəyə veriləcəyini bildirib. Bu kompleks, Airbus 319/320 və Boeing 757/767 tipli təyyarələrin mövcud uçuş simulyatorlarına əlavə olaraq, pilotların yüksək uçuş hazırlığı və ixtisasının artırılması üçün nəzərdə tutulmuşdur. Mərkəzdə təkcə Azərbaycanın deyil, həm də xarici aviaşirkətlərin pilotları uçuş hazırlığı və sertifikatlaşdırma keçir.

“Azərbaycanın mülki aviasiyası çoxillik təcrübəyə malikdir və biz bunu daim təkmilləşdiririk. Azərbaycanlı pilotların peşəkarlığının dünya aviatorlar birliyi tərəfindən təsdiq olunduğu təkzibedilməz faktdır. Bu gün uçuş heyətinin yüksək ustalığının təmin edilməsi üçün lazımi addımlar atılır”, - deyə Cahangir Əsgərov qeyd edib.

AZAL prezidenti bildirib ki, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, həmçinin sərnişinlərin həyatı və sağlamlığının qorunmasının gücləndirilməsi məqsədilə Azərbaycanın Milli aviadaşıyıcısının bütün uçuş heyəti COVID-19 koronavirus infeksiyasına qarşı peyvənd olunub.

Görüşdə pilotlar yeni inşa edilmiş ofisdə uçuş heyəti üçün yaradılan rahat şəraitə görə AZAL rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Həqiqətən, son IOSA auditi (IATA Operational Safety Audit) zamanı ekspertlər Azərbaycanın Milli aviadaşıyıcısının uçuş heyəti üçün yaradılmış şəraitin ən ciddi beynəlxalq tələblərə uyğun olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, uçuş heyətinin toplantısında kişi kollektivi ilə yanaşı, bu gün hava gəmilərində daxili və beynəlxalq sərnişin reysləri yerinə yetirən qadın pilotlar da iştirak ediblər.

“Öz peşəsinin vurğunu olan qadın pilotlar da artıq bizim mehriban uçuş ailəmizin bir hissəsi oldu. Sovet hakimiyyəti illərində Azərbaycanın mülki aviasiyasında artıq sərnişin təyyarələrini idarə edən qadın pilotlar mövcud idi. İlk Azərbaycanlı təyyarəçi-qadın isə 1931- ci ilin iyulunda ilk uçuşunu həyata keçirən Leyla Məmmədbəyova olub”, - deyə Cahangir Əsgərov qeyd edib.

AZAL-ın prezidenti həmçinin bildirib ki, rəhbərlik birgə məsələlərin həlli və əhəmiyyətli məqsədlərin həyata keçirilməsi istiqamətində daim uçuş heyəti ilə konstruktiv dialoqu təmin edir.

Görüşün sonunda Cahangir Əsgərov aviatorlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020