Əsas səhifəÖlkəDiqqətli olmasaq, təhlükə qaçılmazdır!
PAYLAŞ

Diqqətli olmasaq, təhlükə qaçılmazdır!

Ölkə 31 avqust 2021 10:00 860

Yollarda, dəmiryol keçidlərində, küçə və meydanlarda nəqliyyat vasitələrinin hərəkəti zamanı heyvanların vurulması yol-nəqliyyat hadisəsi hesab olunur və məsuliyyət yaradır. Təsadüfi deyildir ki, “Yol hərəkəti haqqında” qanunun bir neçə müddəası məhz bu sahədə hüquq və vəzifələrin müəyyən edilməsinə həsr olunub. Məsələn, Qanunun 39-cu maddəsi mal-qara ötürənlərin vəzifələrini, 47-ci maddəsi isə bu sahədə mövcud olan tələbləri özündə ehtiva edir.

Göründüyü kimi, sadalanan hallarda əsasən ev heyvanlarına münasibətdə yaranan hüquq və vəzifələrdən bəhs edilir, bu da təbiidir, çünki onların sahibləri, başqa sözlə desək, cavabdeh şəxslər və ya subyektlər var.

Bizim diqqət çəkmək istədiyimiz məqam isə məhz hüquq norma və qaydaları ilə tənzimlənməsi müşkül, lakin təhlükə ehtimalı yüksək olan bir reallıq - yollarda sahibsiz ev və ya vəhşi heyvanların yaratdığı təhlükədir ki, burada məsuliyyət birtərəflidir.

Çoxları təsdiq edər ki, qəfil yola çıxan sahibsiz ev və ya vəhşi heyvanın yaratdığı təhlükədən yayınmaq heç də asan olmur. Əksər hallarda belə vəziyyət sürücünün, sərnişinlərin, yolun kənarındakı piyadaların həyat və sağlamlıqlarının təhlükə altında qalması, ciddi maddi ziyan və hətta bəzən ölümlə nəticələnir.

Təkcə cari ilin aprel-avqust ayları ərzində respublikanın Quba, Göygöl, Şabran, Kürdəmir, Masallı və Qəbələ rayonları ərazisində sürücülər tərəfindən sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində bir neçə şəxs xəsarət almış, Balakəndə isə yolun hərəkət hissəsinə çıxmış atı vuran sürücünün idarəetməni itirərək çaya düşməsi onun həyatı bahasına başa gəlmişdi. Avqust ayının 25-də Quba rayonunda 5 nəfər gəncin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi də ehtimal olundu ki, sahibsiz itin qəfil yola çıxması səbəbindən baş vermişdi.

Müşahidə və təhlillər deməyə əsas verir ki, sürücülük təcrübəsinə, idarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına güvənən istənilən intizamlı sürücü belə, sahibsiz ev və ya vəhşi heyvanın qəfil yola çıxdığı anda təlaş hissi keçirir, hadisələrin sürətli axınında vəziyyəti dərk edənədək vaxt itkisinə məruz qalır və qəzadan yayınmaq çətin olur.

Hava şəraitini nəzərə almayan, yolda nəzərdə tutulmuş sürət həddini aşan və idarə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyəti qənaətbəxş olmayan, eləcə də təcrübəsiz sürücülərdə belə məqamlar adətən faciə ilə müşahidə olunur. Ələlxüsus gecə vaxtı, işıqlandırılmayan ərazilərdə, habelə məhdudiyyətli görünmə və əlverişsiz hava şəraitində isə qəzadan qaçmaq, demək olar ki, mümkün olmur.

Yaz-yay aylarında qeydə alınmış yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan hallar içərisində sahibsiz ev və ya vəhşi heyvanın qəfil yolun hərəkət hissəsinə çıxması amilinin tez-tez səslənməsi mövzunun aktual olmasından xəbər verir, eyni zamanda sürücülərimizdən yuxarıda sadaladığımız şərtləri nəzərə alaraq son dərəcə diqqətli və baş verə biləcək qəfil hadisələrə qarşı hazırlıqlı olmağı tələb edir.

Bununla yanaşı, yollarda qayda pozuntularını qeydə alan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (radarların) mövcudluğundan yaxud ərazidə dövlət yol polisi əməkdaşlarının xidmət aparıb-aparmamasından asılı olmayaraq, sürücülər bütün hallarda yol hərəkəti qaydalarına, xüsusən də müəyyən olunmuş sürət rejiminə dəqiqliklə əməl etməlidirlər ki, təhlükəsizlik təmin olunsun.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020