Əsas səhifəNəqliyyatBakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub
PAYLAŞ

Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub

Nəqliyyat 25 Sentyabr 2021 10:00 1699

Sentyabrın 23-24-də Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev çıxış edərək bildirib ki, qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması vacibdir.

Qeyd olunub ki, tranzit daşımalarında şəffaflığın və nəqliyyat prosesinin iştirakçıları arasında bərabər şərtlərin təmin edilməsi üçün ən vacib alət Orta Dəhlizin rəqəmsallaşdırılmasıdır.

Bildirilib ki, tariflərin optimallaşdırılması, daşıyıcıların və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin edilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, sayının və müddətinin azaldılması ilə məşğul olan kollegial icra orqanı – Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Beynəlxalq Assosiasiya ilə sıx əməkdaşlığı Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcək.

“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC,  “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin sədri Nurlan Sauranbayevin sədrliyi ilə keçən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri David Peradze, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi Rahmetulla Kudaybergenov, Türkiyə Dövlət Dəmir Yollarının Baş direktoru Hasan Pezük, “Aktau Beynəlxalq Dəniz Ticarət limanı” SC-nin sədri Abay Turikpembayev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və “Port Kurık” SC-nin sədri Serik Axmetov iştirak ediblər.

Pandemiya şəraitində mövcud vəziyyəti səciyyələndirən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov birgə fəaliyyət əsasında bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları sahəsində  artıma nail olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi nəticəsində ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açılıb.  Azərbaycan regionda bir sıra vacib beynəlxalq layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təşəbbüskarıdır. Ölkəmiz beynəlxalq daşımalara, multimodal infrastrukturun genişləndirilməsinə əhəmiyyətli təsir göstərən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində aktiv rol oynayır. Cavid Qurbanov görüşün əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində faydalı olacağına, təklif və tövsiyyələrin dəmir yolu sahəsində tətbiqinin iştirakçı ölkələrin iqtisadiyyatına əhəmiyyətli təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

İki gün davam edən toplantıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin tərkibinin və 2019-cu il üçün maliyyə-təsərrüfat fəaliyyətinə dair audit hesabatının təsdiqi; BTNM BA HŞB-nin Nizamnaməsinə dəyişikliklərin və əlavələrin edilməsi; Assosiasiasiyanın intellektual mülkiyyət hüququnun (loqotipi və adının) Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatının Beynəlxalq bürosunda müdafiəsi; Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunda birgə müəssisənin yaradılması; Orta Dəhlizin (Middle Corridor) 2025-ci ilə qədər inkişaf strategiyasının işlənib hazırlanması və Avropa İttifaqında mövcudluğunun genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizinin potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi vurğulanıb.

Müzakirələrdən sonra “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin Mərkəzi Asiya regionundakı nümayəndəliyi rəhbərinin müavini Haydar Abdikerimov “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov BTNM-in inkişafı üzrə İşçi Qrupunun rəhbəri təyin olunub.

Eyni zamanda “Pasifik Eurasiya Lojistik Diş Ticarət A. Ş.” (Türkiyə) şirkəti quruma assosiativ üzv qismində qəbul olunub.

Yığıncağın sonunda müvafiq protokol imzalanıb.

Qeyd edək ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən ilk “Nomad ekspress” sınaq konteyner qatarı 3 avqust 2015-ci ildə yola salınıb.


MƏNBƏ: ady.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020