Əsas səhifəÖlkəHərəkət iştirakçıları bir-birinə qarşılıqlı hörmətlə yanaşmalıdırlar.
PAYLAŞ

Hərəkət iştirakçıları bir-birinə qarşılıqlı hörmətlə yanaşmalıdırlar.

Ölkə 19 noyabr 2021 18:00 1071

Son günlər sosial şəbəkələrdə avtomobillərin səkilərdə saxlanılması ilə bağlı narazılıqlar bildirilir, bu kimi hallar sosial şəbəkə istifadəçiləri tərəfindən qınanılır. Belə ki, piyadalar şəhərdə onlar üçün ayrılan səkilərdə rahat hərəkət edə bilmədiklərini deyirlər. “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsi “Dayanma və durma” qaydalarını müəyyən edir. Qanuna əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın.

Bununla yanaşı, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, avtomobillərin səkilərdə dayanması və durması qadağandır. Sürücülər, xüsusilə də piyadaların rahatlığı və təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə saxlamamalıdırlar. Səki - piyadaların hərəkəti üçün nəzərdə tutulan hissədir və ona görə də nəqliyyat vasitələri yalnız onların durması üçün ayrılmış, müəyyən edilmiş qaydada işarələnmiş parklanma yerlərində saxlanılmalıdır.

Göründüyü kimi, hətta səkilərin kənarında durmağa icazə verilən hallarda belə, piyadaların hərəkətinə mane olmamaq tələbi qoyulub. Məlum məsələdir ki, hər bir sürücü avtomobili evinin, iş yerinin yaxınlığında saxlamaq istəyir. Ancaq başa düşmək lazımdır ki, səki ilə gedə bilməyən piyadalar məcburdur ki, hərəkətlərini avtomobil yoluna düşərək davam etsinlər. Bu isə nəinki piyada üçün həyati təhlükə deməkdir, eyni zamanda sürücünün diqqətinin yayınması və qəza şəraitinin yaranmasına gətirib çıxarır, bəzən də qəza ilə nəticələnir.

Həmçinin paytaxtın bəzi nöqtələrində sürücülər əlillərin, uşaq arabaları ilə hərəkət edənlərin istifadəsi üçün nəzərdə tutulan pandusların qarşısında nəqliyyat vasitələrini saxlayırlar və ya belə yerlərdən istifadə edərək öz avtomobilləri ilə səkini zəbt edirlər. Bununla da həmin şəxslər üçün ciddi əngəl törədirlər. Ümumiyyətlə, bütün hərəkət iştirakçıları bir-birinə qarşılıqlı hörmətlə yanaşmalıdırlar.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat, 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir.

Amma biz insanlara cəza təhdidi altında deyil, intizamlı sürücü və məsuliyyətli vətəndaş mövqeyindən çıxış etməyi tövsiyə edirik, qaydalara əməl etməklə həm inzibati məsuliyyətə cəlb edilməsinlər, həm də digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olmasınlar.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020