Yetkinlik yaşına çatmayanların avtomobil idarə etməsi barədə
Ölkə
10 dekabr 2021 17:00
1656
Ölkəmizdə yetkinlik yaşına çatmayanların sükan arxasına keçib avtomobil idarə etməsi kimi hadisələr bu gün də ara-sıra müşahidə edilir. Belə hallara regionlarda və paytaxtın hərəkət intensiv olmayan bir sıra küçələrində, şəhərətrafı ərazilərdə rast gəlmək olur. Zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir. Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində də tez-tez maarifləndirici tədbirlər keçirilir.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə yollara nəzarət zamanı 28.11.2021-ci il tarixdə Bakı-Qazax yolunda hərəkətdə olan “VAZ 21723” markalı nəqliyyat vasitəsi diqqət çəkib. Belə ki, sükan arxasında azyaşlının olduğuna dair şübhələr yaranıb və həmin avtomobil Kürdəmir rayonu ərazisində yerləşən stasionar postda yol-patrul xidməti əməkdaşları tərəfindən dayandırılıb. Məlum olub ki, avtomobili həqiqətən də 12 yaşlı uşaq idarə edib. Uşağın atası ilə profilaktiki söhbətlər aparılıb və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Valideyn özü də yol verdiyi əməldən peşmanlığını ifadə edib.
Sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara, təəssüf ki, hələ də rast gəlinir. 5 dekabr tarixində Gəncə şəhərində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi. Həmin qəzada da 16 yaşlı məktəbli sürücülük hüququ olmadan sükan arxasına keçərək avtomobili idarə etmiş, nəticədə özü ilə yanaşı yolu keçməyə çalışan 13 yaşlı piyadanın həyatına son qoymuş və avtomobildə olmuş digər 3 gənc sərnişin də ciddi xəsarətlər almışdı.
Bütün bu məlumatlar ictimailəşdirildiyi halda yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlər var. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yeniyetmə məktəblilərin müxtəlif vasitələrdən istifadə edərək bəzən gizlin, bəzən də valideynlərinin xəbəri ola-ola avtomobil sürməsi halları mövcuddur. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar.
Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir. Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər