Əsas səhifəNəqliyyatBakı şəhərində “Smart Mobility Lab”-in yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb
PAYLAŞ

Bakı şəhərində “Smart Mobility Lab”-in yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb

Nəqliyyat 25 Dekabr 2021 11:20 1613

Bakı Nəqliyyat Agentliyi (BNA) və İsveçrənin Lozanna Federal Texnologiya İnstitutunun Böyük Şəhər Sistemlərinin İnnovativ İdarəçiliyi (IGLUS) proqramı arasında Bakı şəhərində Ağıllı Mobillik Laboratoriyasının ("Smart Mobility Lab") yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədi Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva və proqramın direktoru Matias Finger imzalayıb. Memorandumun məqsədi Bakı şəhərində ictimai nəqliyyat, şəhər mobilliyi və ağıllı şəhər infrastruktur sistemlərinin inkişafı sahəsində yerli mütəxəssislərin yetişdirilməsi və hazırkı mütəxəssislərin peşə səviyyəsinin artırılması üçün ilk dəfə olaraq Agentliyin nəzdində araşdırma laboratoriyasının qurulmasıdır.
Agentliyin Aparat rəhbəri Gülşən Rzayeva tədbirdə çıxış edərək şəhər mobilliyi və ictimai nəqliyyatın inkişafının insanyönümlü şəhərlər üçün vacibliyini vurğulayıb, BNA-nın bu istiqamətdə gördüyü işlər və gələcək planlar haqqında məlumat verib. Həmçinin dayanıqlı şəhər mobilliyinin formalaşması, ümumilikdə, ictimai nəqliyyat sistemi və bu sahədə Bakı təcrübəsinin xarici və yerli mətəxəssislər tərəfindən öyrənilməsi üçün universitetlərlə əməkdaşlığın vacib olduğunu bildirib.
IGLUS-un proqram direktoru İtaliyanın Florensiya Avropa Universiteti İnstitutunun və İstanbul Texniki Universitetinin professoru Matias Finger IGLUS-un ümumi fəaliyyət istiqaməti üzrə məlumat verərək bildirib ki, proqram ağıllı şəhər idarəetməsinin bütün maraqlı tərəflərini bir araya gətirərək nəqliyyat, enerji, su, kanalizasiya və binalar kimi infrastrukturları, həmçinin idarəetmə, maliyyələşdirmə, özəl sektorun iştirakı, rəqəmsallaşdırma kimi mövzuları əhatə etməklə hazırda Avropa, Amerika, Afrika və Asiyada, ümumilikdə, 13 şəhərdəki universitet ilə əməkdaşlıq edir. O, “Smart Mobility Lab”-in yaradılmasının tək Azərbaycan üçün deyil, bütün region üçün töhfə verəcəyini bildirib. 
Laboratoriya vasitəsilə tərəflər Bakı şəhərində innovativ şəhərsalma yanaşmasının inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq edəcək, eyni zamanda şəhərsalma, mobillik və ictimai nəqliyyatın tənzimlənməsi sahəsində bilik və təcrübə mübadiləsi üzrə birgə fəaliyyətlər həyata keçirəcəklər. Laboratoriya BNA-nın “Nəqliyyat Könüllüləri” proqramı vasitəsilə nəqliyyat sahəsində oxuyan və bu sahəyə marağı olan gənc kadrların yetişdirilməsi, həmçinin əməkdaşların potensialının artırılması üçün mühim rol oynayacaq. 
Bakı Nəqliyyat Agentliyi beynəlxalq platformalarda iştirak edərək dayanıqlı şəhər mobilliyi istiqamətində müasir tendensiyaları izləyir, araşdırır və yol-nəqliyyat sahəsində təcrübəli təşkilatlarla əməkdaşlıq edir. BNA Bakının hər kəs üçün əlçatan, təhlükəsiz və mobil bir şəhərə çevrilməsi üçün fəaliyyətini davam etdirir.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020