Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bakı Beynəlxalq Avtovağzal Kompleksində görüş keçirildi
Ölkə
16 mart 2022 14:00
1759
Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzal Kompleksində sürücülərlə görüş keçirib. Kompleks rəhbərliyi ilə birgə təşkil olunmuş tədbirdə DİN BDYPİ-yə bilavasitə tabe olan YPX Alayının qərargah rəisi Rüfət Quliyev, Baş idarənin əməkdaşları Səbri Hüseynov və Toğrul Nəsirli iştirak edib.
Görüş zamanı sərnişindaşıma fəaliyyəti kimi məsuliyyətli sahədə çalışan sürücülərə hüquq və vəzifələri haqda bir daha məlumat verilmiş, bununla yanaşı yola çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, eləcə də yolboyu istirahətin təmin olunması kimi vacib məsələlərin nəzarətdə saxlanılması istiqamətində təbliğat-təşviqat işi aparılmış, suallar cavablandırılmışdır.
Avtobuslarda müvafiq marşrutlar üzrə səfərə çıxmağa hazırlaşan sərnişinlərlə də söhbət aparılmış, açıq havadan fərqli olaraq bağlı məkanlarda, həmçinin ictimai nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə tələbinin qüvvədə olması və bu göstərişə əməl edilməsinin vacibliyi onların diqqətinə çatdırılmışdır.
Görüşdə qaldırılan məsələlər üzrə nəzarətin gücləndirildiyini vurğulayan avtovağzal rəhbərliyi, eləcə də tədbirə qatılan sürücü və sərnişinlər yol polisi ilə birgə əməkdaşlığın hər zaman faydalı olduğunu ifadə etmişlər.
Qeyd: Materiala aid videogörüntüləri İnstagram sosial şəbəkəsində
“dyp.polisazerbaycan” səhifəsindən əldə edə bilərsiz.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər