Uşaqların iştirakı ilə avtobuslarla təşkil edilən səyahətlər zamanı
hüquqi və fiziki şəxslər qarşısında duran tələblər
Ölkə
14 iyun 2022 18:00
1814
DİN-in Baş DYP İdarəsi uşaqların respublika regionlarına səyahətini təşkil edən hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, avtobuslarla qeyri-müntəzəm sərnişin daşımaları yalnız rəsmi və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na uyğun şəkildə həyata keçirilməklə aşağıda qeyd olunun tələblərə riayət edilməlidir:
Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşınmalarına dair formulyarlar daşıyıcı tərəfindən bir il saxlanılmalıdır. Uşaq qruplarının avtobuslarla daşınması yalnız “D” kateqoriyası və ya “D1” altkateqoriyası üzrə avtomobil nəqliyyatı vasitəsinin idarə olunmasında üç il və daha çox fasiləsiz iş stajına malik olan sürücülər tərəfindən yerinə yetirilə bilər. Uşaq qruplarının 400 km-dən artıq məsafəyə daşınması üçün uşaqları aparan hər avtobusa iki sürücü təhkim olunur. Növbəarası istirahəti 12 saatdan az olan və ya reysqabağı tibbi müayinədən keçməyən sürücülər tərəfindən, yaxud texniki vəziyyətinin reysqabağı yoxlanılması aparılmayan avtonəqliyyat vasitələri ilə uşaqların daşınması üçün reysə çıxmasına yol verilmir. Avtobuslarla uşaq qruplarının daşınması yerinə yetirildikdə, daşınmanın sifarişçisi tərəfindən bir böyük müşayiətçi, aparılan uşaqların sayı iyirmidən çox olduqda isə iki böyük müşayiətçi təyin edilir. Müşayiətçilər uşaq qruplarının təhlükəsiz daşınması məqsədi ilə müvafiq tədbirlərin görülməsini təmin etməlidirlər. İki müşayiətçilərdən biri baş müşayiətçi təyin edilir. Həmin müşayiətçi əsas avtobusda olmalı və daşınma zamanı bu Qaydalardan irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir. Azərbaycan Respublikasının ərazisində uşaq qruplarının daşınması zamanı növündən asılı olmayaraq, avtobusların hərəkət sürəti saatda 70 kilometrdən artıq olmamalıdır. Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq uşaqların daşınmasını yerinə yetirən avtobusların yaxın məsafə üçün işıqları günün vaxtından asılı olmayaraq yandırılmalı və onlar “Uşaqların daşınması” tanınma nişanı ilə təchiz edilməlidir. Uşaq qruplarının saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində, habelə yolun görünməsi məhdud olduğu şəraitdə (duman, yağış, qar və digər hallarda) daşınmasına yol verilmir. Müstəsna hallarda saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində uşaqların dəmir yolu vağzallarına, hava və dəniz limanlarına və onların geriyə qaytarılmasına, habelə yolda ləngimə baş verdikdə, yaxındakı istirahət məntəqəsinədək (gecələmə yerinədək) daşınmasına yol verilir. Uşaqların daşınması sayı 3-dən 10-dək avtobusun daxil olduğu kolonlarla yerinə yetirilməsi haqqında məlumat aldıqda, BDYPİ-nin müvafiq bölmələri həmin kolonların bir ədəd patrul avtomobili, kolona daxil olduğu avtobusların sayı 10-dan çox olduqda isə iki patrul avtomobili ilə müşayiət olunmasını təmin etməlidir. Bu Qaydaların və ya yol hərəkəti qaydalarının tələblərinin pozulması halları aşkar edildikdə, BDYPİ-nin əməkdaşı və ya əsas avtobusda olan baş müşayiətçi təhlükəsiz hərəkətin davam etdirilməsinə maneə yaradan halların və pozuntuların aradan qaldırılması üzrə zəruri tədbirlər görülənədək uşaqların daşınmasını qadağan edir. Daşınmanın davam etdirilməsi haqqında qərar bu bənddə göstərilən şəxslər tərəfindən qəbul edilir.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər