Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtda yerləşən Texniki Müayinə Mərkəzləri fasiləsiz xidmət göstərəcək
Ölkə
25 noyabr 2022 16:00
1707
Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, bu gündən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq ediləcək. Bununla da nəqliyyat vasitələrinin sahibləri və sürücüləri növbəlilik prinsipi əsasında fəaliyyət göstərəcək Müayinə Mərkəzlərinə günün istənilən vaxtı müraciət etmək imkanı qazanacaq.
Eyni zamanda, xidmətin fasiləsiz təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək imkanı yaradacaq.
Xatırladaq ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilər.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər