DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin yolun hərəkət hissəsində dayanan avtonəqliyyat vasitələrinin sürücülərinə müraciəti!
Ölkə
11 aprel 2023 14:00
1456
Aparılan təhlillər deməyə əsas verir ki, xüsusilə yaşayış məntəqələrindən kənarda nəqliyyat vasitələrinin təhlükəsizlik qaydalarına əməl etmədən yolun hərəkət hissəsində dayandırılması ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının baş verməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən sürücünün yerinə yetirməli olduğu vəzifələr qanunvericilikdə dəqiq göstərilsə də, təəssüf ki, bəzən sürücülərin bu qaydalara əməl etməməsi sonu faciə ilə bitən qəzaların baş verməsinə real zəmin yaradır.
Hava və ya yol şəraitinin, nəqliyyatın hərəkət şiddətinin, məhdudiyyətli görünmənin, sutkanın işıqlı, yaxud qaranlıq olmasının fərqinə varmadan avtomobilini yolun hərəkət hissəsində dayandıran sürücünün özünün və onun səhlənkarlığı nəticəsində yolun hərəkət hissəsində avtomobildən düşməyə məcbur olan sərnişinlərin hansı təhlükə ilə üz-üzə qalmasını təsəvvür etmək isə yəqin ki çətin deyil.
Baş Dövlət Yol Polisi İdarəsi yuxarıda göstərilən səbəblərdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini hərəkət iştirakçılarının diqqətinə çatdırır və bir daha sürücülərə müraciət edərək onları, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması və durması hallarında qanunla tələb olunan qaydalara əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər