Dəyərli piyadalar, yol hərəkəti zamanı həyat və sağlamlığımıza biganə qalmayaq!
Ölkə
22 yanvar 2024 17:15
709
2023-cü il ərzində respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı ötən illə müqayisədə 1,9 faiz azalaraq 1636 olub. Onlardan 941-i, başqa sözlə 57.5 faizi sutkanın gecə və alatoranlıq vaxtında baş verib ki, nəticədə 591 nəfər həyatını itirib, 718 nəfər isə yaralanıb.
Qəzaların 649-u piyada vurma hadisəsi ilə bağlıdır ki, bu da ümumi yol-nəqliyyat hadisələrinin 39.7 faizini təşkil edir. Piyadaların vurulması ilə nəticələnən qəzaların mütləq əksəriyyəti də məhz sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində baş verib.
Bu statistikanın formalaşmasına sürücü səhlənkarlığı, yolun hərəkət hissəsinin qeyri-kafi işıqlandırılması və digər amillərlə yanaşı, bilavasitə piyadaların özlərinin yol hərəkəti qaydalarına etinasizlığı, həyat və sağlamlıqlarına biganə münasibəti az təsir göstərmir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində əlvan və ya işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməyi xahiş edir və hər kəsi bu sahədə ictimai iştirakçılığa töhfə verməyə çağırır.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər