2025-ci il 15–19 iyul tarixlərində Tacikistan Respublikasının Gülüstan şəhərində "Yol hərəkəti təhlükəsizliyində uşaqların bilik və praktiki bacarıqlarının formalaşdırılması" mövzusunda elmi-praktik konfrans və "Gənc yol hərəkəti inspektorları" adlı beynəlxalq toplantı keçirilib.
Sözügedən tədbirlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Quliyev, həmin idarənin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev, eləcə də Bakı şəhəri, Xətai rayonu 245 nömrəli tam orta məktəbin müəllimi Məlahət Ağayevanın rəhbərliyi altında şagirdlərdən ibarət komanda iştirak edib.
İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin toplandığı elmi-praktik konfransda yol hərəkəti iştirakçıları, xüsusilə uşaqlarda yol hərəkəti təhlükəsizliyinə dair bilik və bacarıqların formalaşdırılması, bu sahədə tədris metodlarının təkmilləşdirilməsi və ölkələrarası təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri geniş müzakirə olunub.
Eyni zamanda, "Gənc yol hərəkəti inspektorları" adlı beynəlxalq tədbirdə yarışan komandalar yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyi ilə bağlı praktik vərdişlər, komandada işləmək bacarığı və digər sahələr üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Ölkəmizi təmsil edən komanda beynəlxalq yarışda uğurla çıxış edərək yüksək nəticə göstərib.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər