Nəqliyyat növlərindən istifadə ilə bağlı seçim imkanlarını təmin etmək və xidmətlərin əlçatanlığını artırmaq məqsədilə təqdim edilən “AYNA MaaS” tətbiqi bir qədər də təkmilləşdirilib.
Artıq tətbiqdə istiqamət nömrəsi (direction number) göstərilmir, yalnız marşrut nömrəsi əks olunur. Bu dəyişiklik istifadəçilər tərəfindən marşrut seçimi zamanı yaranan çətinlikləri aradan qaldırmaq üçün edilib. İndi istiqamət barədə məlumat sistem daxilində qorunur, istifadəçi interfeysindəki əlavə nömrələnmə isə ləğv olunub. Avtobus həkəti isə daha axıcı və aydın əks olunur.
Həmçinin sistem tərəfindən göstərilən vaxtların hansı əsasla hesablandığı daha aydın formada təqdim olunur. Əgər gəliş vaxtı real zaman (GPS) məlumatına deyil, marşrutun intervalına əsaslanırsa, bu hal istifadəçiyə aydın şəkildə bildirilir. İstifadəçi artıq “təxmini” ilə “real” arasındakı fərqi görür. Bu yenilik məlumatı daha düzgün qiymətləndirməyə və planlamanı daha rahat aparmağa imkan yaradır. Yəni, istifadəçi real rejimdə avtobusların dayanacağa yaxınlaşmasını hətta evdən çıxmadan belə izləyə bilir, səfərini ona uyğun planlaşdırır, bununla da vaxtına qənaət etmiş olur. Artıq “AYNA MaaS” bu yeniliklə istifadəçiyə sadəcə marşrut təqdim etmir, qərar vermək üçün aydın və etibarlı məlumat təqdim edir.
Təkmilləşdirmə nəticəsində istifadəçi artıq xəritədə seçilən dayanacaq üzrə həmin məntəqədən keçən bütün marşrutları bir ekranda görə bilir. İstifadəçilər marşrut nömrəsini və adını, hərəkət istiqamətini (başlanğıc və son dayanacaq), marşrutun uzunluğunu, daşıyıcı məlumatını aydın formada görə bilirlər və ən rahat istiqaməti daha sürətli seçmək imkanı əldə edirlər.
Bu yenilik vətəndaşlara seçdikləri dayanacaq üzrə daha dolğun məlumat əldə etməyə və səfərlərini daha düzgün planlamağa imkan yaradır.
Bundan sonra istifadəçilər yalnız cari vaxt üçün deyil, gələcək tarixlər üçün də səfər planlaşdıra biləcəklər. “Date-time” bölməsi vasitəsilə evdən çıxmadan, hətta 7 gün sonrakı səfəri əvvəlcədən təşkil etmək mümkündür. Bu funksiya səfəri əvvəlcədən planlaşdırmaq və vaxtı daha səmərəli idarə etmək imkanı yaradır.
Qeyd
edək ki, “AYNA MaaS” tətbiqi istifadəçilərin istəkləri əsasında daim təkmilləşdiriləcək.
İstifadəçilər təklif və iradlarını birbaşa tətbiqdən göndərə bilərlər. Mobil tətbiqi
həm App Store, həm də Google Play Store-dan yükləmək mümkündür.
Video üçün keçid: https://www.youtube.com/watch?v=mE-xQDJUsrQ
Məlumatı AvtoYol.az ayna.gov.az-a istinadən təqdim etdi.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər