Bu marşrut xətlərinə yeni iritutumlu avtobuslar verilir
Ölkə01 Sentyabr 2019 10:102651
Sentyabrın 5-dən 76 və 78 nömrəli (“Bakıxanov” dəmiryol stansiyası - “Neftçilər” metrostansiyası) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Avtoyol.az-a verilən məlumata görə, daxil olan vətəndaş müraciətlərinin təhlili, eyni zamanda aparılan monitorinqlər nəticəsində hazırda 76 və 78 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobusların sərnişin tələbatını ödəmədiyi müəyyən edilib.
Həmçinin, ötən dövrdə hər iki xətlə bağlı sərnişinlərdən ALO141 Çağrı Mərkəzinə çoxsaylı şikayətlərin daxil olmasına baxmayaraq daşıyıcı şirkət “Azlənd Plaza” MMC tərəfindən mövcud çatışmazlıqların aradan qaldırılması üçün təsirli tədbirlər görülməyib.
Qeyd olunanları nəzərə alaraq, “Azlənd Plaza” MMC 76 və 78 nömrəli müntəzəm marşrut xətlərinin müvəqqəti istismarına dair müqaviləyə xitam verilib. Hər iki marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq “Şidli-A.İ” şirkətinə həvalə edilib. Sözügedən marşrutlar üzrə sərnişinlərə daşıyıcı şirkət tərəfindən əsaslı təmir edilmiş və nisbətən iritutumlu “Daewoo BS090” markalı avtobuslar xidmət göstərəcək.
Məlumat üçün onu da bildiririk ki, Bakı şəhərində avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir. Ölkə başçısının müvafiq sərəncamına əsasən alınan 300 ədəd müasir və komfortlu avtobuslar nəzərdə tutulan plana uyğun olara paytaxta gətirilir.
Rəylər