“Yol Polisinin Gənc Köməkçiləri” festivalda iştirak etdilər
Ölkə
04 noyabr 2019 17:00
1779
Oktyabrın 21-dən noyabrın 2-dək Rusiya Federasiyasının Krasnodar vilayətinin Anapa şəhərində yerləşən “Smena” Ümumrusiya Uşaq Mərkəzində MDB-yə üzv olan ölkələrdən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, eləcə də Rusiya Federasiyasının 38 regionundan nümayəndə heyətlərinin qatıldığı “Gənc Yol Hərəkəti İnspektoru” hərəkatının 14-cü dövlətlərarası festivalı keçirilib.
Tədbirdə ölkəmizi Baş Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və paytaxtın 245 nömrəli tam orta məktəbin müəllimi Məlahət Ağayevanın müşayiəti ilə həmin məktəbin şagirdləri - Ayan Həmidova, Nurlan Məlikzadə, Zeynal Nəzirli və Nigar Məlikovadan ibarət “Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin üzvləri təmsil ediblər.
Festival iştirakçıları arasında öz fəallıqları ilə seçilən təmsilçilərimiz, yol hərəkəti qaydalarına aid bilik müsabiqələri və viktorinalarda yarışıb, yol hərəkəti təhlükəsizliyinin mənimsənilməsinə həsr edilmiş oyunlarda iştirak edib, müxtəlif intellektual, bədii və idman müsabiqələrinə, rəqs və teatral bacarıqlara həsr olunmuş “ustad dərsləri”nə qatılaraq bacarıqlarını nümayiş etdiriblər.
“Açıq mikrofon" formatında keçirilmiş tədbir zamanı uşaqlar yol hərəkəti təhlükəsizliyinə aid müzakirələr apararaq maraqlı təkliflərlə cıxış edib və bu sahədə qazandıqları müsbət təcrübəni həmkarları ilə bölüşüblər.
Xatırladaq ki, “Yol Polisinin Gənc Köməkçisi” dəstəsi yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunmuş beynəlxalq yarışlarda dəfələrlə ölkəmizi layiqincə təmsil edərək MDB-yə üzv olan dövlətlərin nümayəndə heyətləri arasında birincilik qazanmışlar.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər