Baş Dövlət Yol Polisi İdarəsi bu dəfə Quba şəhərində sərnişinləri maarifləndirdi
Ölkə
19 noyabr 2019 12:00
2673
«Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə, eyni zamanda sərnişin daşıma sahəsində hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinin bilavasitə göstərişlərinə uyğun olaraq, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qabaqlayıcı tədbirlərin, maarifləndirmə xarakterli görüşlərin keçirilməsinə diqqət daha da artırılmışdır.
DYP əməkdaşları bu dəfə Quba Avtovağzal Kompleksində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən elektron və çap materialı formasında hazırlanmış tövsiyə xarakterli məlumatları sərnişinlərin diqqətinə çatdıraraq onları yolda üzləşə biləcəkləri təhlükələrdən xəbərdar etməyə çalışıblar.
Belə ki, məlumat xarakterli həmin materialda sərnişinlərə həyatlarını etibar etdikləri sürücülərin nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarına riayət etmələrinə diqqət yetirmələri, onların qanunazidd davranışlarına biganə qalmamaları tövsiyə edilmişdir.
Ələlxüsus sərnişinlərdən, nəqliyyat vasitələrində hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlər aparmamaq, belə söhbətlərdə iştirak edən sürücülərə etiraz etmək, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edən, yol hərəkəti qaydalarını pozan sürücülərə irad bildirmək, onları intizamlı olmağa dəvət etmək xahiş olunur.
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barəsində dərhal Baş Dövlət Yol Polisi İdarəsinin “902” Qaynar Xəttinə məlumat vermələri də sərnişinlərdən xahiş olunur.
Təsadüfi deyildir ki, bu səpkidə keçirilən maarifləndirmə tədbirləri və təqdim olunan təbliğat materialları sərnişinlər tərəfindən maraqla qarşılanmış, müsbət rəy almışdır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarına təhlükəsiz yol arzulayır və onlardan yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər