Əsas səhifəEkspertEkspert: "Avtobusların kartla işləməsi sərnişinlər və sürücülər üçün çox əlverişlidir"
PAYLAŞ

Ekspert: "Avtobusların kartla işləməsi sərnişinlər və sürücülər üçün çox əlverişlidir"

Ekspert 31 Yanvar 2020 11:48 2508

Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşımada nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir, mütəmadi olaraq nağd sistemlə işləyən avtobuslar kart sisteminə keçirilir.

Nağdsız ödəniş sisteminə keçidin üstünlükləri barədə “Report”a açıqlama verən nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, bu sistem həm sürücülər, həm də sərnişinlər üçün çox əlverişlidir:

“Nağd ödəniş sisteminin tətbiq edildiyi vaxtlarda sürücülər onlara qoyulan aylıq plandan asılı vəziyyətdə idilər. Sürücüyə konkret olaraq bir plan qoyulurdu və həmin plan yerinə yetirildikdə geriyə qalan vəsait sürücünün qazancı sayılırdı. Planı yerinə yetirə bilməyən sürücü öz cibindən əlavə vəsait ödəyirdi. Sürücünü plandan asılı vəziyyətdə saxlamaq təhlükəsizlik və sərnişinlərin rahatlığı baxımından da yaxşı nəticə vermirdi. Yaxın keçmişə baxsaq, sürcülərin 20-30 qəpik qazanmaq üçün sərnişinlərə hansı təhlükəli anlar yaşatdıqlarını xatırlayarıq. O vaxtlar planın dolması üçün gediş haqqının 20 qəpikdən 30 qəpiyə qaldırılması təklif olundu. Lakin bu da istənilən nəticəni vermədi. Zaman keçdikcə nağdsiz ödəniş sisteminə keçildi və ilk dəfə olaraq “Bakubus” nağdsiz ödəniş sistemini tətbiq etdi.

Avtobuslarda kart sistemi tətbiq ediləndə sürücülər aylıq məvacibə bağlı olurlar. Artıq onlar ayın sonunda gəlirlərinin nə qədər olacağını bilir və ailələrinin ehtiyaclarını buna uyğun tənzimləyirlər. Nağd ödəniş sistemində isə bu mümkün deyildi. Çünki ayın sonunda qazancın nə qədər olacağı əvvəlcədən bilinmirdi. Bu baxımdan, nağdsız ödəniş sisteminə keçid sürücülərin sosial rifahı baxımından mühüm əhəmiyyətə malikdir. Nağdsız ödəniş sisteminin tətbiqi sürücülərin diqqətlərini avtobusu təhlükəsiz idarə etməyə cəmləməsi baxımından da çox önəmlidir.

Əvvəllər ictimai nəqliyyat sistemində vergidən yayınma halları çox idi. Sürücü planı təhvil versə də, ümumilikdə şirkətin gəlirlərini dəqiq nəzarətdə saxlamaq bir qədər çətin olurdu. Nağdsiz ödəniş sisteminin tətbiqi ictimai nəqliyyat sektorunda maliyyə axınları üzərində nəzarəti gücləndirir. Bundan əlavə, aidiyyatı qurumlar ümumi ictimai nəqliyyat prosesini dəqiq nəzarətdə saxlamaq imkanı əldə edir. Sərnişinlərin daha çox istifadə etdiyi marşrutlar, daha çox hərəkətdə olduğu istiqamətlər, sərnişin qıtlığı və çoxluğu yaşanan yerlərin müəyyənləşdirilməsi baxımından bu, çox önəmli məsələdir. Hazırda Bakı Nəqliyyat Agentliyi bir sıra ərazilərdə yeni marşturların işə salınması, əlavə avtobusların gətirilməsi istiqamətində işlər görür. Bu işdə sərnişin axınının qiymətləndirilməsi və proqnozlaşdırılması nəticəsində verilən qərarlar böyük rol oynayır. Qeyd olunan məsələlər nəzarətdə saxlanılmasa, ictimai nəqliyyatın hərəkətinin effektiv təşkili mümkünsüzdür.

Ödənişin kartla edilməsi sərnişinlər üçün də çox əlverişlidir. Cibdə əlavə pulun saxlanılmasına ehtiyac qalmır. Ödəniş nağd şəkildə ediləndə sürücülərlə sərnişinlər arasında təmas maksimum idi. Avtobusun girişi və çıxışında sərnişin sıxlığı yaşanırdı. İndi isə bir nizam-intizam yaranır. Hamı avtobusa birinci qapıdan daxil olur və ortaya doğru keçir. Sürücülər ən pis halda hamının kartı sistemə vurmasına diqqət edirlər. Bütün bunlar çox təqdirəlayiq haldır. Kartla ödəniş sisteminin həm iqtisadi-sosial və psixoloji aspektdən, həm də yol hərəkətinin təhlükəsizliyi baxımından müsbət tərəfləri çoxdur. Lakin hələlik bizdə kart sistemi ilə bağlı bir sıra çatışmayan cəhətlər də mövcuddur. Məsələn, ödəniş terminalları hər dayanacaqda yoxdur. Bəzi terminallar isə işləmir. Terminallardakı digər bir çatışmazlıq isə hər qəpiyi qəbul etməməsidir. Kağız pulu problemsiz yükləmək olur. Lakin qəpikləri bəzən terminal qəbul etmir. Bütün bunlarla bərabər, nağdsız ödəniş sisteminin ictimai nəqliyyatda tətbiqi çox əlverişlidir. Sərnişinlər də bu sistemdən məmnuniyyətlə istifadə edirlər”.

Qeyd edək ki, yanvarın 30-da Bakı Nəqliyyat Agentliyi (BNA) Londonda keçirilən “Nəqliyyatda innovativ ödəniş və bilet sisteminin qlobal tətbiqi 2020” (Transport Ticketing Global 2020) sərgi-konfransında iştirak edib. Sayca on ikincisi keçirilən və əsasən daim dəyişən ictimai nəqliyyat və sərnişin daşınması sistemində göstərilən xidmətlərin daha da mükəmməl olmasına nail olmaq məqsədli tədbirdə ölkəmiz ilk dəfə iştirak edib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbir çərçivəsində dünyanın inkişaf etmiş şəhərlərində ictimai nəqliyyatda tətbiq edilən ən müasir bilet və ödəniş sistemləri ilə daha yaxından tanış olub. Tədbirə qatılmaqda əsas məqsəd də məhz dünyanın nüfuzlu qurumları ilə əlaqələr qurulması və əldə edilən təcrübənin Bakı şəhərinin ictimai nəqliyyat və sərnişindaşıma sisteminin inkişafı istiqamətində tətbiq edilməsi olub.

Builki tədbirin gündəliyində ictimai nəqliyyatda ödənişlərin daha da innovativ yollarla aparılması sayəsində mobillik prinsiplərinə nail olunması və bu istiqamətdə inkişaf etmiş şəhərlərdə tətbiq edilən müvafiq siyasətin rolunun müəyyənləşdirilməsinə dair məsələlər müzakirə edilib. Bununla yanaşı, şəhərlərin davamlılığının və dayanıqlı inkişafının təmin olunması imkanlarının araşdırılması və əhalinin yeniliklərə maraq dərəcəsinin müəyyən edilməsi kimi aktual məsələlər də diqqətdə saxlanılıb.

Altmış beş ölkədən, o cümlədən Böyük Britaniya, İsveç, Almaniya, Estoniya, Rusiya, Qətər, Argentinadan ictimai nəqliyyatla bağlı dövlət qurumlarının rəhbər şəxsləri tədbirə qatılıb.




MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020