AZAL Daşkənddə keçirilən Beynəlxalq Aviasiya Forumunda təmsil olunub
Nəqliyyat
20 Fevral 2020 15:48
1812
Fevralın 19-20-də Daşkənddə “Uzbekistan Airports, Aviation&Logistics” adlı Beynəlxalq Aviasiya Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ABŞ, Almaniya, Rusiya, Türkiyə, Böyük Britaniya, Kanada, İspaniya, Küveyt, Yaponiya, Bəhreyn, Koreya Respublikası, Qazaxıstan və Yaxın Şərq ölkələrinin nəqliyyat logistikası sahəsinin mütəxəssisləri, beynəlxalq təşkilatların və aviasiya şirkətlərinin 300-dən çox nümayəsi iştirak edib. Ölkəmiz tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Arif Abbasov və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Özbəkistandakı nümayəndəliyi ilə təmsil olunub. Foruma, həmçinin “Boeing”, “Bombardier”, “Mitsubishi” kimi tanınmış şirkətlərin nümayəndələri də qatılıblar.
Özbəkistanın Baş Nazirinin müavini Aziz Abduxakimov ölkədə nəqliyyat logistikası sahəsinin hazırkı vəziyyəti və perspektivləri, bu sahənin təkmilləşdirilməsi, digər ölkələrlə əməkdaşlıq, yeni layihələrin həyata keçirilməsi, xidmətin səviyyəsinin yüksəldilməsi, turizmin inkişafı və digər məsələlər haqqında söhbət açıb. Bildirilib ki, turizmin inkişafı üçün Özbəkistan 86 ölkə ilə vizasız rejim tətbiq edib, 57 ölkə vətəndaşı isə iki gün ərzində elektron viza ala bilir.
Özbəkistanın Nəqliyyat naziri Elyor Qəniyev bu sahənin inkişafından danışaraq qeyd edib ki, Daşkənd hava limanında yenidənqurma işləri aparıldıqdan sonra aeroport haba çevriləcək və ildə 7 milyon sərnişinə xidmət edə biləcək.
Rəylər