Əsas səhifəÖlkəYasamal rayonunda 7 km uzunluğunda küçə və yol yenidən qurulur
PAYLAŞ

Yasamal rayonunda 7 km uzunluğunda küçə və yol yenidən qurulur

Ölkə 13 Avqust 2020 11:49 2128

Dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olaraq sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.

Avtoyol.az Agentliyin mətbuat xidmətinin məlumatına istinad edərək xəbər verir ki, 2019-cu ildə bu çərçivədə Yasamal rayonu üzrə ümumi uzunluğu 7.6 km olan 13 adda küçə və yolda təmir-tikinti işləri aparılıb. Cari ildə də bu istiqamətdə genişniqyaslı işlər davam etdirilir.

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Yasamal rayonu ərazisində təmirə ehtiyacı olan daha 7 km uzunluğa malik küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Proqrama uyğun olaraq rayonun Bakı Dairəvi yolu ilə Yeni Yasama lyaşayış massivini birləşdirən yeni bağlantı yolun tikintisinin, həmçinin Ümid Əkbərov, Müzəffər Həsənov, Fəridə və Pərviz Abbasovlar, Qədirli, Lev Tolstoy və Şamil Əzizbəyov küçələrində yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlərin böyük bir hissəsi yerinə yetirilib.

Belə ki, təmir-tikinti işləri 1.6 km uzunluğa malik Ümid Əkbərov, ümumi uzunluqları 800 metr olan Fəridə və Pərviz Abbasovlar və Qədirli küçələrində aparılaraq yekunlaşdırılıb, həmçinin Yeni Yasamal yaşayış massivinə 700 metr uzunluğunda yeni bağlantı yolu inşa edilib. Sözügedən yol və küçələrdə müasir yol infrastrukturunun yaradılması əhalinin ürəyincə olub. Çünki uzun müddət ərzində təmirsiz küçələrdə gediş-gəlişlə bağlı problemdən əziyyət çəkiblər.

Yenidənqurma işləri zamanı sadalanan yol və küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.

Hazırda sözügedən rayon üzrə anoloji təmir-bərpa işləri ümumi uzunluğu 2700 metr olan Şamil Əzizbəyov və Lev Tolstoy küçələrində də davam etdirilir. Artıq bu küçələrin bir hissəsində işlər yekunlaşdırılıb.

Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq Müzəffər Həsənov küçəsində də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Adı çəkilən yol və küçələr vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi investisiya proqramına uyğun olaraq ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Təbii ki, tərtib olunmuş qrafikə uyğun ölkə başçısının müvafiq sərəncamları və investisiya proqramına uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.



MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020