Əsas səhifəMaraqlıNıva - VAZ 2121-in çoxillik tarixi
PAYLAŞ

Nıva - VAZ 2121-in çoxillik tarixi

Maraqlı 13 Avqust 2020 12:25 1528

2013-cü ildə AvtoVAZ-ın konveyerindən rusiyalıların daha çox əvvəlki ("Niva") adı ilə tanıdıqları üçqapılı Lada 4x4 ofrouderinin iki milyonuncu nüsxəsi çıxdı. Bu hadisəni, demək olar ki, müstəsna hadisə adlandırmaq olar, axı istehsal edildiyi 36 il istehsalı ərzində avtomobilin xarici görünüşü dəyişməyib: Niva dönmə işıqlarının "qaşlarını" təəccüblə qaldıraraq əvvəlkitək dünyaya iri "gözləri" (faraları) ilə baxmaqda davam edir. 

Hadisəyə müstəsnalıq əlavə edən həm də bu faktdır ki, avtomobil hazırkı görünüşündə ən azı 2016-cı ilədək mövcud olacaq. Sonra bu modeli AvtoVAZ-ın yeni ofrouderi əvəz etməlidir və o, kompaniyanın prezidenti İqor Komarovun sözlərinə görə, "əfsanənin layiqli davamçısı" olacaq. 

Niva-nın özünəməxsus ad günündə biz SSRİ-də ilk əlçatan “cip” olan və bütün dünyada tanınan bu Tolyatti ofrouderinin necə yaradıldığını yada salmaq istərdik. Axı Niva hətta indi də ən çox ixrac edilən Rusiya avtomobili olaraq qalır. Ötən il zavod xaricə on mindən artıq ofrouder göndərdi! Üstəlik, bir neçə ay əvvəl Almaniyada Lada 4x4-ün xüsusi seriyası peyda oldu. Alıcılara üçillik zəmanət və yolda avtomobil xarab olduqda üç il ərzində yardım servisi təklif olunur, habelə kuzovun qopma və cızılmalardan əlavə müdafiəsi də təklif edilir. Ümumiyyətlə, ruslara nisbətən almanlara 4x4-ün daha çox versiyası təklif olunur. Almaniyada modelin ön tərəfində qartəmizləyən çalovu olan və ya baqaj yerində ov quşları üçün xüsusi bölməsi olan versiyasını əldə etmək olar. 

Amma gəlin 1970-ci ilə qayıdaq. Məhz həmin il SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin İJ, AZLK və AvtoVAZ zavodlarının kollektivlərinə özündə minik avtomobilinin komfortunu ordu ofrouderinin imkanları ilə birləşdirən tamamilə yeni bir model hazırlamağı tapşırdı. 

İki il sonra AZLK-nın konstruktorları və dizaynerləri Moskviç-2150 ofrouderini dövlət komissiyasının mühakiməsinə verdilər, amma bu avtomobilin seriyalı istehsalı baş tutmadı. Bunun müxtəlif səbəbləri göstərilir, hər halda bu avtomobil əslində müasir komfortlu cipdən daha çox, "təkmilləşdirilmiş" UAZ idi. Nəticədə 1974-cü ildə dövlət sınaqlarında həlledici yarışmada İJ-14 ilə Niva üz-üzə gəldilər. 

Yeri gəlmişkən, İJ-in heç bir rəqibi olmaya da bilərdi, axı ilkin olaraq layihələndirilən Niva kifayət qədər yöndəmsiz görünürdü və hətta VAZ təmsilçiləri onu zarafatla "timsah" adlandırırdılar. Üstünə tent çəkilmiş bu qorxulu VAZ-E2121 mahiyyət etibarı ilə bəsit kuzov və şassidən ibarət idi. Niva milyonlarla insana tanış olan simasını 1973-cü ildə dizayner Valeri Syomuşkinin səyləri sayəsində qazandı. Yeni modelin yaradılması ətrafındakı durumu o vaxtlar aparıcı konstruktor, indi isə aparıcı mühəndis-konstruktor olan Pyotr Prusov belə təsvir edir: 

"Niva-nın ətrafında o vaxt gərgin vəziyyət yaranmışdı. VAZ-2121 avtomobilinin konsepsiyası müzakirə olunarkən çoxlu mübahisələr oldu. Adlı-sanlı mütəxəssislər klassik variantı müdafiə edirdilər... Yəni hər şey ənənəvi üstüaçıq cip versiyasının lehinə idi. Bu da başadüşülən idi – o vaxtlar başqa cür düşünən də yox idi. Amma biz gənclər bu avtomobili tamamilə başqa cür görürdük (son nəticədə o, bütün detalları ilə olmasa da hər halda ümumən bizim gördüyümüz formada alındı). Amma qəbuledici şurada ənənəvi nəzər nöqtəsi üstünlük təşkil etdi və açıq variant qəbul edildi (bağlı variantın lehinə o vaxtlar hələ bizim yetərincə sanballı arqumentlərimiz yox idi)". 

"Mən Solovyovun (VAZ-ın baş konstruktorunun) yanına getdim və onun masasının üzərinə layihənin əsas konsepsiyası ilə razılaşmamağımla əlaqədar olaraq aparıcı konstruktor vəzifəsindən azad edilmək xahişimi əks etdirən ərizə qoydum. Həmin məqamda üstüaçıq variantın tam miqyaslı plastilin maketi, necə deyərlər, "ərsəyə gətirilmişdi". Mən və Syomuşkin üstübağlı maketi bu mərhələyə çatdırmağa hələ imkan tapmamışdıq və bu maket üstüaçıq versiya ilə müqayisədə sonuncuya açıq-aşkar uduzurdu. 

Amma Solovyov mənə məsləhət gördü ki, hövsələsizlik etməyim və texniki şuranın bu yaxınlarda keçiriləcək toplantısınadək inandırıcı arqumentlər hazırlayım. Belə görünürdü ki, o artıq mənimlə razıdır, amma hər şeyi yenə də ölçüb-biçmək istəyir. Texniki şuranın baxışı üçün hər iki variant hazırlandı. Şuranın iclası başlayan kimi Solovyov dahiyanə gediş etdi. O əvvəlcə üstüaçıq maketə yaxınlaşdı: "Əlbəttə, bu variantın üzərində daha çox işlənilib. Amma təəssüf ki, o perspektivsizdir. Buna görə də gəlin belə edək – onun ütünü çexolla örtək ki, diqqətimizi yayındırmasın və ikinci maketi – mənim daha perspektivli hesab etdiyim üstübağlı variantı diqqətlə nəzərdən keçirək". 

Beləliklə, normal, sakit tərzdə keçən müzakirə başladı və yekunda bu müzakirə onunla nəticələndi ki, bizim nəzər nöqtəmiz qalib gəldi! Demək lazımdır ki, konsepsiya təsdiq edildikdən sonra bütün mübahisələr kəsildi və bundan sonra işlər hamılıqla qəbul edilmiş istiqamətdə getdi". 

Dizayner Valeri Syomuşkinin xatirələri də maraqlıdır, o öz müsahibəsində kiçik litrajlı FIAT-127-yə rəğbətindən danışmışdı. Niva-nın yaradılmasında bu rəssam-dizaynerin həmin modeldən yararlanıb-yararlanmadığını söyləmək çətindir, amma dərinə getsək, onların arasında oxşarlıqlar tapmaq olar. 

Beləliklə, 1974-cü ildə komissiya çətin seçim etməli idi – Niva, yixsa İJ-14? Amma Sovetlər ölkəsində əksər hallarda olduğu kimi, əsl "döyüşlər" poliqonlarda, qarlı traslarda və ya qumlu çöllüklərdə deyil, idarə kabinetlərində gedirdi. Həmin vaxt İJ offrouderinin taleyi artıq həll olunmuşdu. İJ zavodunun məxsus olduğu Müdafiə Nazirliyi hələ tam "ərsəyə gəlməyən" bu avtomobilə vəsait ayırmırdı, buna görə də Niva seriya ilə istehsal olunmaq perspektivi olan yeganə həyat qabiliyyətli layihə idi... 

1977-ci ildə VAZ-2121 konveyerə qoyuldu çıxdı və satışa buraxıldı. Onun qiyməti 9.000 rubl idi ki, bu da Volqa-dan azacıq ucuz, xalq arasında "qəpik" adlandırılan Jiquli-dən isə xeyli baha idi. Kolxozçular və kənd zəhmətkeşləri yeni avtomobili almağa tələsmirdilər: həm qiymət çox yüksək idi, həm də seçim çox məhdud idi, belə ki, buraxılan avtomobillərin 80 faizi ixraca gedirdi. Qeyd etmək lazımdır ki, yeni sinfə aid olan bu avtomobili Qərbdə çox isti qarşıladılar. Baş avtomobil konstruktoru Pyotr Prusov öz xatirələrində bununla bağlı deyir: 

"... Avropada satışların böyük sürətlə getməsinə... hava təkan verdi. 1979-cu ildə Avropada qış həddən artıq qarlı oldu, adi minik avtomobilləri qardan təmizlənməyən yollarda böyük çətinliklə hərəkət edirdilər. Qar yığınına alışmayan avropalılar hətta ağır ciplərin də ilişib qaldığı yerlərdən Niva-nın necə keçdiyini çaşqınlıq və həsədlə seyr edirdilər. Bundan yaxşı reklam təsəvvür etmək çətin idi: həmin il təkcə Almaniyada bir il əvvəlkindən dörd dəfə çox Niva satıldı! Niva dünyanın 100-dən artıq ölkəsində uğurla satıldı, onu altı ölkədə yığırdılar: Braziliya, Ekvador, Çili, Panama, Yunanıstan və Kanadada. Yeni Zelandiyada 80-ci illərdə satışları qeydə alınmış bütün offrouderlərin 40%-i Niva-nın payına düşürdü, Avstriyada isə o, bir neçə il bazarın offrouderlər seqmentinin 90%-ini tutdu. Fransada isə Niva ümumiyyətlə pərəstiş obyekti idi. Bir çox ölkələrdə hələ də Niva həvəskarları klubu mövcuddur, İngiltərədə isə Niva pərəstişkarları hətta öz jurnallarını buraxırlar!" 

Əlbəttə, ixrac olunan Niva sovet variantından kəskin fərqlənirdi. Dilerin istək və imkanlarından asılı olaraq Niva-ya bugellər, duman əleyhinə faralar, panoramlı güzgülər, qapılara və dama vinillər, habelə arxa şüşə təmizləyicisi (bizdəki ilk avtomobillərdə onlar yox idi), plastik moldinqlər və təkər tağlarının genişləndiriciləri, yüngül lehimli disklər əlavə olunur, salonun üzlüyü tamamilə yenidən çəkilir, dam örtüyü kəsintili olurdu. Avtomobil pikapa, kabrioletə və ya hətta kemper üçün dartıcıya çevrilirdi... 

Almaniyada Mercedes kimi Niva-nı da almaq üçün növbəyə yazılmaq lazım idi. Şərqi Avropa ölkələrində isə 80-ci illərdə Niva üçün öncədən növbəyə yazılma ümumiyyətlə normal hal idi. 1978-ci ildə Avstriyanın "Austromotor" jurnalı yazırdı: "Bu Lada-nın tayı-bərabərinin olmaması göstərir ki, ruslar avtomobil bazarını diqqətlə təhlil ediblər və dəqiqliklə bazardakı boş seqmentə düşə biliblər"...  

Avtomobil idmanı sahəsindəki uğurları da Niva-nın populyarlığını artırırdı. 1981-ci ildə ilk dəfə Paris-Dakar marafonunda iştirak etmiş sovet offrouderi yeddi mərhələdə liderlik etdi və yekunda bütün offrouderlər arasında üçüncü yeri tutdu. Elə həmin il Niva avtomobilləri birdən-birə iki nüfuzlu yarışmada – "Tunis rallisi"ndə və "Əlcəzair rallisi"ndə qalib gəldilər. Növbəti il pilot Jan-Klod Briavuan "Dakar" yarışmasında mütləq hesabda ikinci yeri tutdu, bir il sonra isə "Fironlar rallisi – 84" yarışmasında üç Niva avtomobili bütün podiumu ələ keçirdilər! 

Bu avtomobilə ciddi tələbatın olduğu bir şəraitdə offrouderin yeni nəslinin buraxılışı barədə düşünmək məntiqə uyğun olardı. Məhz belə də oldu, amma işlər maketin hazırlanmasından uzağa getmədi. Niva avtomobilləri arasında 1987-ci il "konsepti" ən müasir dizayna malik idi, amma həmin dövrdə SSRİ artıq dağılmağa doğru gedirdi və dizaynerlər dərk etməyə başlayırdılar ki, səyləri nəticəsiz qalacaq. 

Konveyerdə olduğu uzun illər ərzində Niva yalnız iki dəfə – 1994-cü və 2009-cu illərdə hiss olunacaq dərəcədə modernləşdirildi. Amma dizayn nöqteyi-nəzərindən bu iki modernləşdirməni hətta restaylinq adlandırmaq da çətindir – onlardan birincisinin gedişində arxa qapının "boyu" kiçildildi və vertikal arxa fənərlər peyda oldu, ikincisinin gedişində isə dönmə işıqları retuşlandı. 2006-cı ildə köhnə avtomobilin Niva adı ümumiyyətlə prays-listlərdən yoxa çıxdı: indi model sadəcə "4x4" adlanır. 

Bu gün Lada 4x4 Rusiyada üç və beşqapılı kuzovla satılır. Model yalnız 83 at gücünə malik dörd silindrli benzin mühərriki ilə təchiz olunur. 2012-ci ilin yekunlarına əsasən offrouderin 54.656 nüsxəsi satılıb ki, bu da AvtoVAZ-ın bütün modelləri arasında beşinci nəticədir. 


avtomobil.az



MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020