Əsas səhifəÖlkəRayon yollarını açın!
PAYLAŞ

Rayon yollarını açın!

Ölkə 27 Avqust 2020 11:19 994

24 mart 2020-ci il saat 00:00-dan etibarən şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb və məhdudiyyət hələ də qüvvədədir.

Qeyd edək ki, giriş-çıxış ancaq yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti-Zəng Mərkəzi vasitəsilə alınan icazə, eləcə də təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında tənzimlənir. Ənənəvi qaydada rayonlara giriş-çıxış isə mümkün deyil. İctimaiyyətdə və mətbuatda bu məhdudiyyətin aradan götürülməsi ilə bağlı silsilə çağırışlar edilsə də, Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud epidemioloji durumu səbəb gətirərək bu barədə qərar vermir. Qeyd edək ki, pandemiya səbəbindən ölkədə xüsusi karantin rejimi avqustun 31-dək müəyyən edilib.

Rayonlara giriş-çıxışla bağlı qadağaya son verilməlidirmi?

Cebhe.info tanınmış simaların fikirləri ilə maraqlanıb.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid rayonlara giriş-çıxışın açılmasının tərəfdarı olduğunu deyib. Yay mövsümünün bitmək üzrə olduğunu önə çəkən baş redaktor yenə də rayonlara gediş-gəlişin təmin olunması vacibliyini bildirib:

“Operativ Qərargahın 10 gün əvvəl ümidverici açıqlamasına görə düşünürdüm ki, ayın 24-dən sonra rayonlara giriş-çıxış açılacaq. Təəssüf ki, baş vermədi. Hazırda yoluxma sayında da artmalar var. Hər halda karantin rejimi əvvəlki kimi deyil, yumşaldılmalar var. Vacib işi olanlar rayonlara gedib-gələ bilir. Ümumiyyətlə isə o fikirdəydim ki, yay mövsümündə rayonlara gedişi açmaq lazımdır. Əgər Bakının yükünü götürmək istəyiriksə, insanlar rayonlarda, təmiz havada olsunlar. Artıq avqust ayı da yekunlaşır. Bunu yüngülləşdirməyin tərəfdarıyam”.

Jurnalist Əzizə İsmayılova hesab edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşlara bu sərbəstliyi verməlidir:

“Rayonlara yollar mütləq şəkildə açılmalıdır. Artıq yarım ildən çoxdur ki,şəhər əhalisi rayonlara, rayon əhalisi isə şəhərə gələ bilmir. Kifayət qədər bölgələrdən həkimə gəlmək istəyənlər var, amma mümkün olmur. Düzdür, Operativ Qərargah bildirir ki, xəstəliklə bağlı arayışla həkimə gəlmək olar. Amma bu da mümkün olmur. Çox zaman xəstəliklə bağlı arayış ala bilmirlər. Bundan əlavə Bakıya və əksinə sərnişindaşıma ilə bağlı ictimai nəqliyyat məhdudlaşdırılıb. Bölgədə və ya kənddə yaşayanların taksi ilə 35-40 manata gəlib-getmək imkanları yoxdur. Hesab edirəm ki, istənilən halda Operativ Qərargah şəhər və rayon arasındakı yolları açmağa məcburdur. Bir halda ki, virusla yaşamağa məcburuq, müəyyən şərtlər daxilində (maska, sosial məsafə gözlənilməklə) normal həyatımıza qayıtmalıyıq. Bununla yanaşı, Bakıdan rayonlar və əksinə işləyən avtobus sürücüləri var ki, onlar aylardır ki, işsiz qalıblar. Qeyri-leqal yollarla harasa getmək istəyənlərin qarşısını artıq almaq mümkün olmur”.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Elman Nəsirov da sözügedən məhdudiyyətin aradan qaldırılması tələbi ilə çıxış edib:

“Ölkəmizdə karantin rejiminin tələblərinə əməl edilməsi çox vacibdir. Söhbət insanların sağlamlığının qorunmasından gedir. Burada atılan addımlar şəraitə uyğundur. Bu xəstəliyə yoluxma sağalmağı üstələyəcəyi təqdirdə sərt karantin rejimi tətbiq edilir, əksi, yəni sağalanların sayının yoluxanların sayını üstələdikdə isə yumşalma prosesi baş verir. Yumşalmalar da müxtəlif tədbirlərdə öz əksini tapır. Hələ indiyədək bu yumşalmalar rayonlara gediş-gəliş məsələsini əhatə etməyib. Mən özüm də rayona gedirəm, insanlar və seçicilərimlə görüşürəm. Onlar da bu sualı verirlər ki, yollar nə zaman açılacaq? Mən də onlara söyləyirəm ki, bu, yoluxma sayının kəskin aşağı düşməsindən asılıdır. Artıq lehinəyəm ki, növbəti yumşalma mərhələsində rayonlara giriş-çıxışla bağlı məhdudiyyət götürülsün. İnsanlar bu məsələdə yalnız birmənalı mövqe nümayiş etdirirlər. Mən də tərəfdarıyam ki, artıq sözügedən məsələdə optimal qərar verilsin”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu yalnız epidemioloji durumu ağır olan rayonlara gediş-gəlişə məhdudiyyətin qoyulmasını vacib sayır:

“Düşünürəm ki, məhdudiyyət epidemioloji durumu ağır olan rayonlarda, şəhərlərdə, kəndlərdə, hətta məhəllələrdə qalmalıdır. Amma epidemioloji durumu ağır olmayan rayonlara gediş-gəlişə imkan vermək lazımdır. Vətəndaşların müəyyən karantin davranışlarına əməl etməklə sərbəst hərəkətinə mane olmaq olmaz. Bir sözlə, harada virusla bağlı ciddi təhlükə varsa, ora sərt karantinə alınmalıdır. O yerlərdə ki, təhlükə yoxdur, amma karantin rejimi elan olunub, bu, insanların sərbəst hərəkət etmə hüququna qəsd kimi qiymətləndirilir”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sözlərinə görə, rayonlara giriş-çıxışa qadağa qoyulması çox səhv addım idi:

“Kifayət qədər insan rayonlara gedib və ya Bakıya gəlib. Avropanın heç bir ölkəsində karantin müddətində belə qadağa tətbiq olunmayıb. Rayonlar ümumiyyətlə, bağlanmamalı idi. Çünki rayonlar zatən açıqdır”.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020