"Azerreyl" DYP tərəfindən cərimələnməsinə münasibət bildirdi
Ölkə02 Aprel 2021 14:281153
"Rəhbər vəzifədə olanların sənədləşmələri spesifik aparılır.
Hazırkı rəhbər mənəm. Əvvəlki rəhbərlikdən bəzi avtomobillər var ki, qeydiyyat aparılanda klubumuzun adına rəsmiləşdirilib. Nə cərimə olursa, avtomatik kluba gəlir". Bu fikirləri "Azerreyl" voleybol klubunun prezidenti Famil Xəlilov Dövlət Yol Polisinin (DYP) onlara inzibati protokol tərtib etməsinə münasibət bildirərkən deyib. Funksioner bildirib ki, klubun sabiq işçiləri ilə əlaqələri var və cərimə gələn kimi həmin şəxslərə yönləndirilir: "Cərimələri onların özləri ödəyirlər. Ad çəkmək istəmirəm. Həmişə cərimə olanda yönləndirmişik və ödəyiblər. Kim gecikdiribsə, məhkəməyə verirlər. Biz də özləri ilə əlaqə saxlamışıq ki, vaxtında cərimələrinizi ödəyin, bizim adımıza ləkə gəlməsin. "Azerreyl"in əvvəlki rəhbərliyinin maşınlarında nişanlar yenə də qalıb. Biz məhkəmə ilə də əlaqə saxlamışıq, hüquq-mühafizə orqanlarına da danışmışıq ki, o nömrələri bizim adımızdan çıxartsınlar. Lakin onların sistemində yenə "Azerreyl" gedir. Bu səbəbdən, məhkəmə sənədləri bizim klubumuzun adına gəlir". Xəlilovun sözlərinə görə, avtomobil hansısa əməkdaşın yox, klubun adınadır: "Bilmirəm ya sürücü, ya da özü sürür. Avtomatik yazırlar ki, cərimə "Azerreyl"ə verilir. Orada hüquqi şəxsdir, fiziki şəxs deyil".
Qeyd edək ki, DYP, sorğunu vaxtında cavablandırmağı üçün "Azerreyl"ə protokolun tərtib olunduğunu açıqlayıb. Bu inzibati xətaya görə, 300 manat cərimə nəzərdə tutulub. Tərtib edilən protokol Səbail Rayon Məhkəməsinə göndərilib. İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Rəylər