Əsas səhifəMaraqlıTurbo motor necə işləyir? Turbo ilə Kompressor arasındakı fərq nədir?
PAYLAŞ

Turbo motor necə işləyir? Turbo ilə Kompressor arasındakı fərq nədir?

Maraqlı 27 May 2021 05:45 2697


Mühərriyin gücü yanma otağında müəyyən bir vaxt intervalında istifadə olunan yanacaq ilə ölçülür. Daha yüksək və düzgün alışma üçün daha çox oksigenə ehtiyac olur. Silindrin içinə nə qədər yanacaq qoya bilsəniz bir o qədər güc və fırlanma anı əldə edirsiniz. Ancaq yanacaq tək başına alışma vermir. Yanacaqla bərabər yanan hava da çox lazımlıdır.

Turbo sistemi daxili yanma mühərriklərdə əvəzsiz qidalama sistemidir, çünki mühərriyi əlavə hava ilə təmin edərək alışmanı gücləndirir, mühərriyə 30-40% əlavə güc verir. Turbin sistemində səsboğucu çıxışından alınan qazlar turbo motordakı turbini çevirir və bu turbin hava pompasını işə salır. İsti hava soyudularaq silindirlərə göndərilir. "Wast Gate" adlı hissə mühərriyə göndərilən havaya nəzarət edərək onun daxilinə həddindən artıq havanın göndərilməsinin qarşısını alır, nəticədə mühərriyi boğulmağa qoymur.

Turbonu yağlamaq üçün onun orta hissəsində yerləşdirilən iki borudan istifadə olunur. Üst boru birbaşa olaraq yağ karterinə bağlı olur. Mühərrik yağı eyni zamanda Turbonun yağlanmasını təmin edir. Aşağı borudan keçən yağ isə yenidən yağ karterinə göndərilir. Daha güclü Turbo mühərriklərdə yağ Turbonu tam soyuda bilmir. Bu zaman mühərriyi soyudan su, giriş-çıxış borusu sayəsində Turbo ilə əlaqələndirilir və əlavə soyutmanı təmin edir. Turbo sistemi, mühərrikdən atılan qazları təkrar yandırdığı üçün ekonomik olur.

Turboya necə qulluq edilməlidir?



Turboya gələn yağ üçün əlavə pompa yoxdur. Yuxarıda qeyd edildiyi kimi yağ karterindən gələn yağla qidalanır və yenidən karterə qaytarır. Turbo 200.000-250.000 arasında dövrlərə çıxa bilir və bu qədər yüksək dövrdə fırlanan birşey üçün yağlanma çox vacibdir. Avtomobili yüksək dövrlərə çıxardıqdan sonra, saxlayıb mühərriyi birbaşa söndürsəniz, Turboya gələn yağ da anidən dayanacaqdır. Bu halda Turbo anidən dayanmadığı üçün, dayanana qədər yağsız işləyəcək və nəticədə Turbonuz vaxtından əvvək aşınacaq. Ona görə də mühərriyi söndürmədən öncə yerində azı 30 saniyə işlədib sonra söndürmək lazımdır. Bu halda yağlanma davam edəcək və heç bir problem olmayacaq. Əlavə olaraq qeyd edim ki, Turbo sistemi mühərriyin yağı ilə qidalandığı üçün, siz mühərrik yağını nə qədər gec dəyişsəniz bir o qədər də ona zərər verəcək, Turbonun ömrü daha da qısalacaq.

Bi-Turbo, Twin-Turbo və Kompressor arasındakı fərq nədir?



Bi-Turbo və Twin-Turbo hərfi mənada 2 ədəd Turbo deməkdir. Bi-Turboda Turbolar ayrı-ayrı açılır, Twin-Turboda isə Turbolar eyni anda açılır. Bəs bunlardan hansı daha güclüdür? İkisi də eyni gücdədir, lakin Bi-Turboda 2-ci Turbo gərəksiz işləmədiyi üçün gec xarab olur. 2 Turbolu sistem 2 qaydada qoşulur.
- Paralel qoşulma
- Pilləli qoşulma (Supercharger + Turbocharger)

Bunlardan ən güclüsü Pilləli qoşulmuş Turbo sistemidir.



Yuxarıdakı şəkildə Paralel qoşulmuş Turbo Sistemi görürsünüz (Bi-Turbo və Twin-Turbo):
Daha çox "V" tipli mühərrikdə istifadə olunur. İşləmə prinsipinə görə Tək Turbolu sistemdən fərqli bir işləmə prinsipi yoxdur. 2 silindir bloku olduğu üçün 2 ədəd Turbo istifadə olunur. Verdiyi güc atmosferik mühərrikdən üstün, pilləli qoşulmuş Turbocharger mühərrikdən aşağıdır.



Yuxarıdakı şəkildə Pilləli qoşulmuş 2 Turbo Sistemi görürsünüz (Pilləli-Mərhələli və Sequential Turbo). Şəkildə gördüyünüz kimi Pilləli qoşulma sistemi aşağı dövrlərdə kiçik Turbonu istifadə edir. Turbo gecikməsi yoxdur ancaq yanacağı çox içir. Yüksək dövrlərdə isə böyük Turbonun sistemə qoşulması ilə Dövr və Güc daha da artır. Paralel qoşulmuş Turbo sistemindən çox üstün və güclü bir sistemdir. Turbo gecikməsi dediyimiz şey qaz pedalına basdığınız zaman mühərriyin maksimum cəldlikdə pedala cavab verməsi ilə ehtiyac duyulan dövrü (Nm) istehsal edə bilməməsidir. Bu problemi aradan qaldırmaq üçün Pilləli Turbo sistemi yaradılmışdır. Beləliklə daha aşağı dövrlərdə də yetərincə təzyiq ehtiyacını qarşılaya bilən, Turbo gecikməsinə imkan verməyən, cəld reaksiya verən, daha kiçik pərlərə sahib turbo işləyir və mühərriyin performansı yaxşılaşır. Dövr yüksələn zaman daha böyük pəri olan Turbo da işə qoşulur və lazım olan təzyiqlə mühərriyi təmin edir. Beləliklə mühərriyin hər dövründə avtomobildən maksimum performans əldə edilir.

Supercharger (kompressor) Nədir?



Digər bir gücləndirici növü isə hərəkət gücünü qayış vasitəsilə mühərrikdən mexaniki olaraq alan bir Superchargerdir. Turbo sistemi olmadan öncə superchargerdən daha çox istifadə edilirdi. Onun ömrü Turboya nisbətən daha çoxdur. Kompressorda səsboğucu qazı ilə əlaqə olmadığı üçün daha aşağı dövrdə daha çox performans göstərə bilir və yağlanmaya ehtiyac duymur. Kompressor ilə Turbo arasında güc müqayisəsi apara bilmərik. Çünki kompressor gücünü dirsəkli valdan aldığı üçün aşağı-yuxarı dövr fərq etmədən işini davam etdirir. Yuxarı dövrlərdə də mühərrik gücü optimum gücünü aşdığı üçün kompressor aşağı dövrlərdə daha güclü sayılır. Turbo isə 2500 dövrdən sonra tam açılır və bütün gücünü mühərriyə verir. Kompressor sistemi həm də səsli işləyir. Amerikan Muscle Car modellərində qaz verən zaman gələn güclü səs məhz supercharger səsidir. Turboya nisbətən daha uzunömürlüdür. Turbo mühərriyi söndürmədən öncə bir qədər gözləmək lazım gəlirdisə, Kompressorda buna ehtiyac yoxdur.

Kompressorun mənfi cəhəti: mühərrik işə düşən kimi kompressor da işə düşdür, hətta neytralda gözləmə anında belə işlədiyi üçün yanacaq sərfiyyatına mənfi təsir edir. Texniki baxımı ucuz da olsa özü bahalı bir detaldır.






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020