Əsas səhifəGündəmAzərbaycanda benzin bu halda ucuzlaşa bilər - RƏSMİ AÇIQLAMA
PAYLAŞ

Azərbaycanda benzin bu halda ucuzlaşa bilər - RƏSMİ AÇIQLAMA

Gündəm 03 İyun 2021 11:20 1457
"Azərbaycan gələcəkdə öz imkanları ilə Aİ-95 markalı benzinin qiymətini müəyyən edə bilər".

"Avtoyol.az" xəbər verir ki, bu fikri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Sputnik Azərbaycan"a açıqlmasında deyib.

Azərbaycanda Aİ-95 və Aİ-98 benzinin bahalaşmasına münasibət bildirən SOCAR rəsmisi bildirib ki, gələcəkdə Aİ-95 markalı benzinin istehsalı Azərbacanda da mümkün olacaq: "Hazırda Cənubi Qafqazın yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya işləri davam edir. Modernizasiya layihəsi gələn il başa çatandan sonra bu zavodda həm də Aİ-95 markalı benzinin istehsalı mümkün olacaq. Beləliklə, biz artıq Aİ-95 markalı benzinin təchizatı baxımından idxaldan asılı olmayacağıq və belə hallarda Azərbaycan artıq öz imkanları ilə bu benzinin qiymətini müəyyən edə bilər".

O bildirib ki, "Premium" və "Super" markalı benzinlərin qiyməti artıb: "Bu artım isə dünya bazarlarında neft və neft məhsullarının qiymətinin dəyişilməsi ilə bağlıdır. Çünki "Premium" və "Super" markalı benzinlər Azərbaycanda istehsal olunmur, bu benzin növləri xaricdən idxal edilir. Bu benzinlər xaricdən idxal edildiyinə görə, bu, onu istehsal edən zavod və şirkətlərin müəyyən etdiyi qiymətlərdən asılıdır. Keçmiş dövrdə dünya bazarlarında neftin qiyməti xeyli azalmışdı və pandemiya dövründə bu benzin növlərinin qiyməti Azərbaycanda aşağı düşmüşdü. Belə ki, məsələn, pandemiyadan əvvəl Aİ-95-in qiyməti 1 manat 50 qəpik idisə, pandemiya dövründə hətta 1 manat 10 qəpiyədək düşmüşdü. Bu da bir müddət neft və neft məhsullarının qiymətinin kəskin düşməsi ilə bağlı olub. Daha sonra isə bu benzin növlərinin qiyməti artıb və hazırda dünyada neft və neft məhsullarının qiyməti artmaqdadır. Neftin qiyməti artıq pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Və buna görə də bu benzin növlərinin qiyməti digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yüksəlib".

"Gələcəkdə başqa ölkələrdə bunların qiyməti aşağı düşərsə, Azərbaycanda da aşağı düşə bilər. Artacaqsa, Azərbaycanda da arta bilər. Lakin bu benzin növləri Azərbaycanda o qədər də çox istehlak edilmir. Ölkə daxilində əsas istehlak olunan yanacaq növləri dizel və Aİ-92 markalı benzindir ki, bunlar ölkə daxilində istehsal olunur. Və ölkə daxilində istehsal olunduğuna görə, onların qiymətini dövlət tənzimləyə bilir. Tarif Şurası bunların qiymətini müəyyən edir və ona görə də bu gün onların qiyməti artmayıb, amma Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti artıb", - deyə SOCAR rəsmisi əlavə edib.

Qeyd edək ki, Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzinin qiyməti qalxıb. Belə ki, Aİ-95-in qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98-in qiyməti isə 1,40 manatdan 1,55 manata çatıb.

Xatırladaq ki, Aİ-92 markalı benzinin qiymətini isə Tarif Şurası müəyyən edir. Azərbaycanda yanacağın qiymətinə sonuncu dəfə bu ilin yanvarında dəyişiklik edilib. Yanvarın 4-də Tarif Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması və bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib







Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020