V6 və L6 motor arasında fərq nədir? Hansı üstündür?
Maraqlı
08 İyun 2021 08:23
1862
Hazırda fotoda gördüyünüz kimi bir çox silindir düzülüş tipləri olsa da ən çox istifadə olunanlar L (sıralı) və V tipli motorlardır. V4 və L8 tipli motorlar demək olar ki, hazırda istehsal edilmədiyi üçün bu gün V6 və L6 fərqindən danışacağıq. 6 silindirli motor istehsal edən şirkətlərin çoxu V düzülüşünü seçsə də Bmw və Volvo Sıralı düzülüşünü seçən marka olaraq öndə gedirlər. Keçək bunların mənfi və müsbət tərəflərinə.
Fotoda solda V6, sağda L6 motor bloku var. Hər ikisi eyni silindir sayında olsalar da V6 motor daha kompaktdır. Yəni L6 motor uzununa olduğu üçün daha çox yer tutur. Salonun geniş olması üçün V6 motor daha idealdır. Üstəlik Turbo və 4x4 sisteminə də V6 motorun kubik dizaynı ona üstünlük verir. Yəni istehsalçı motoru yerinə yerləşdirdikdən sonra ətrafına rahat bir şəkildə əlavə avadanlıqlar yığa bilir. Hətta V8 motorun tutduğu yer belə L6-dan azdır.
Hazırda öndən çəkişli motorlar yayılmağa davam etdikcə Mercedes və Bmw buna ayaq uydurmaq üçün V tipli motoru seçməli oldular. Çünki öndən çəkişli avtomobilə L6 motorun gücünü ötürmək çətin başa gəlir. Buna görə 4x4 sisteminə V6 motor daha uyğundur. V6 motorun Dirsəkli Valı L6 motorun valından 2 dəfə qısa olduğu üçün istehsal xərci az olur, porşenlər valı daha rahat hərəkət etdirir, aşağı dövrlərdə motor daha az gücə düşdüyü üçün daha çox Nm (Nyutonmetr) əldə edir.
L6 motorda porşenlər eyni sırada yerləşdiyi üçün motorda daha az silkələnmə olur. V6 motorda isə Porşenlər dirsəkli vala müəyyən bir bucaq altında birləşdikləri üçün bir qədər titrəmə olur. Buna görə V6 motorlarda porşenlərin bir-biriləri ilə qarşılıqlı hərəkətini tənzimləyən, motora əlavə ağırlıq verən balans mexanizmi olur.
Hansının xərcləri daha azdır? V6 motorda hər iki tərəfdə 2 silindir qapağı, 2 qaz çıxış borusu, 4 ədəd də val vardır. Qayış dəsti də 2 fərqli silindir başına görə qarmaşıq formadadır. Balans mexanizmini də əlavə edəndə görürük ki, V6 motorlar daha çox detala ehtiyac duyur. Buna görə L6 motorlar daha sadə formadadır və motorları daha uzun ömürlüdür. V6 motorda sürtünən və hərəkət edən detal çox olduğu üçün L6 motordan bir qədər az güc əldə edə bilir. Ancaq porşen qolunun qısa olmasına görə V6 motorların gücünü aşağı dövrlərdə daha çox hiss etmək mümkündür. L6 motorun porşen qolu uzun olduğu üçün bir qədər sürətləndikdən sonra gücünü daha çox hiss etdirir. Buna görə L6 motorlar səs olaraq daha sportiv olurlar.
Uzunluğuna görə L6 motorlar gövdədə ağırlıq tarazlanması etdiyi üçün (50/50) avtomobilin yolu daha yaxşı tutmasına və tormozlanma zamanı müsbət reaksiya verməsinə səbəb olur. V6 motorlar isə yığcam xarakterlərinə görə ön hissəyə yaxın olduqları üçün ağırlıq mərkəzini önə doğru çəkir (55/45). Ön çəkən V6 motorlarda isə transmissiya yan üstə yerləşdirildiyi üçün ağırlığı daha da irəli çəkir (60/40) və öndən sürüşmə ehtimalını artırır.
İndi hansı daha üstündür? Mercedes və Jaguar V6 motoru istehsaldan çıxardacağını bildirib. L6 motorlar sarsıntısız işləmə prinsipi, geniş dövr gücü, daha düzgün ağırlıq mərkəzi, daha az xərc tələb etməsi ilə bir neçə addım öndədir. Ancaq Vw bu V6 motoru hələ də istehsal etməyə davam edəcək.
Rəylər