Əsas səhifəMaraqlıBakıda avtomobil bazarında satışlar artsa da, qiymətlər yüksək olaraq qalır
PAYLAŞ

Bakıda avtomobil bazarında satışlar artsa da, qiymətlər yüksək olaraq qalır

Maraqlı 17 İyun 2021 15:35 2691


Ötən ildən pandemiyanın yayılması ölkədə fəaliyyət göstərən ikinci əl avtomobil bazarlarının, müxtəlif avtomobil salonlarının fəaliyyətini dayandırmasına səbəb oldu. Belə olan halda avtomobil almaq istəyənlər daha çox onlayn alqı-satqı platformalarına üz tutdular. Bir müddət sonra isə bu bazar və salonların fəaliyyəti yenidən bərpa edildi. Lakin bununla belə hər ay apardığımız araşdırmalarda avtomobil bazarında dinamikliyin pandemiyadan əvvəlki dövrlə müqayisədə xeyli aşağı olduğunu müşahidə edirdik.

“Report” bu ilin ilk rübündən sonra Azərbaycanın avtomobil bazarında vəziyyətin necə olması ilə maraqlanıb.

Paytaxtda avtomobillərin alqı-satqısı ilə məşğul olan şəxslərdən birinin “Report”a verdiyi məlumata görə bazarda qiymətlər yüksək olaraq qalır:

“Avtomobil bazarında satışlar dayanıb. Səbəb odur ki, qiymətlər çox bahadır. 2000-ci ilə qədər istehsal edilmiş “Mercedes C Class” modellərinin qiyməti 9-15 min manat arasında dəyişir. Bazarda 12-25 min manat aralığında qiymətə “Hundai Sonata”, “Hundai Elantra”lar satılır. “Kia Cerato” modellərinin qiyməti 15-23 min manat arasında olur. Rusiya istehsalı olan avtomobillərin də qiyməti çox yüksəkdir. Bir də görürsən ki, 1985-1986-cı illərin “Vaz-2106” modelini 4 000-5 000 manata satırlar”.

Müsahibimiz alıcıların əsas tələbatının ABŞ-dan gətirilən maşınlara olduğunu bildirib:

“Hazırda əsas tələbat ABŞ-dan gətirilən “Chevrolet Cruze” modelləri və Almaniyanın “Opel” və “Mercedes” avtomobillərinədir. Lakin bunların da satışı elə yüksək deyil. Ümumilikdə bazarda aylardır satılmayan xeyli avtomobil var. “Chevrolet Cruze” modellərinin qiyməti 14-18 min manat aralığındadır. Son vaxtlar gündəmə gələn “katalizator” problemi “Toyota Prius” avtomobillərinin satışını bir qədər dayandırıb. Avtomobil alanlar əsasən dizel mühərrikli və qənaətcil avtomobillərə üz tuturlar”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə son aylarda avtomobil bazarında nisbi canlanma olduğunu qeyd edib:

"Bazarda alqı-satqı əməliyyatları getdikcə artır"

Elməddin Muradlı

Nəqliyyat üzrə ekspert

"Avtomobil bazarı ilə bağlı hazırda müəyyən irəliləyiş müşahidə edilir. Bazarda alqı-satqı əməliyyatları getdikcə artır. Ölkəyə gətirilən avtomobillərin sayında da bir xeyli artım var. Son dövrlər Koreya və Çin istehsalı olan avtomobillərin ölkəmizə gətirilməsi daha geniş yayılır. Çindən əsasən yeni, bir qisim də işlənmiş avtomobillərin, Koreyadan isə ikinci əl avtomobillərin gətirilməsinə üstünlük verilir. Bu istiqamətdə həm fərdi qaydada avtomobil alveri ilə məşğul olan şəxslər, həm də böyük avtosalonlar fəaliyyət göstərir. Çünki qiymətə görə bu cür avtomobillərə tələbat daha çoxdur. Almaniya və Yaponiya istehsalı olan maşınların da ölkəmizə gətirilməsi daha çox Gürcüstan üzərindən həyata keçirilir. Amma son vaxtlar daha çox müşahidə edirik ki, insanlarımız Gürcüstan üzərindən maşın gətirməyə nəinki maraq göstərmirlər, hətta artıq bu bazarın dövrünü bitmiş hesab edənlər də var.

Artıq insanlar birbaşa Almaniya və Yaponiyadan avtomobil gətirirlər. Bu, əslində yaxşı haldır. Çünki Gürcüstanda həm gürcülər, həm də ermənilər müəyyən bazarlar açıb, ən yararsız avtomobilləri tapıb kosmetik dəyişikliklər edərək bazara çıxarırlar. Belə olan halda o maşınların bir çoxu gəlib Azərbaycana çıxır. Bu isə yolverilməzdir. Çünki bizim avtomobil parkımızı bərbad vəziyyətə salır, nəticədə yol-nəqliyyat hadisələrində xəsarət halları daha çox olur".

Ekspert bildirib ki, bazarda müəyyən canlanma olmasına baxmayaraq ümumilikdə pandemiyadan əvvəlki dövrlə müqayisədə satışlar zəifdir:

“Sərt karantin dövrlərində onlayn platformalarda satışa meyl daha çox oldu. Bu gün isə alqı-satqı daha çox ikinci əl avtomobil bazarlarında həyata keçirilir. Amma təbii ki, internet üzərindən alqı-satqı əməliyyatlarında da vəziyyət yaxşıdır. Təəssüf ki, yenə alverçilər real maşın satanları aldadır, onların əlindən daha ucuz qiymətə maşın almağa çalışırlar. Ümumilikdə pandemiyanın təsiri hələ aradan qalxmayıb. Maşın bazarında vəziyyət əvvəlki dövrlərlə müqayisədə hələ ki, aşağıdır. Amma insanlarda alıcılıq qabiliyyəti var”.

“Yeni avtomobillərdən hibridlərə daha çox maraq var. Artıq bir neçə hibrid modeli ölkəmizə gətirilib. Ümid edək ki, gömrük rüsumları azaldılsa, bu tipli nəqliyyat vasitələrinə maraq daha çox olacaq”, - deyə E.Muradlı əlavə edib.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020