Əsas səhifəNəqliyyat“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə iclas olub
PAYLAŞ

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə iclas olub

Nəqliyyat 02 Oktyabr 2021 12:53 1789

Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə İşci qrupunun 6-cı iclası keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iclas çərçivəsində iştirakçı ölkələrin dəmir yolu nəqliyyatı üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Cəmiyyət sədri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti və bu istiqamətdə görülən işlərdən danışıb. Bildirib ki, dəhliz yalnız iştirakçı deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər ölkələrin də inkişafında əhəmiyyətli rol oynayacaq, iqtisadi-ticarət əlaqələrini genişləndirəcək.

Cavid Qurbanov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi sayəsində ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açıldığını vurğulayıb, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətli olan beynəlxalq marşrutların inkişaf etdirilməsində ölkəmizin təşəbbüskarlığı və fəal rolundan söhbət açıb. Bu təşəbbüskarlığın təzahürü olaraq dəhlizə beynəlxalq maraq ildən-ilə güclənir.

Tədbirdə “Rusiya Dəmir Yolları” ASC-nin baş direktor müavini Vyaçeslav Pavlovski, “Belarus Dəmir Yolları” Dövlət Birliyi rəisinin birinci müavini Pyotr Dulub, İran İslam Respublikası Dəmir Yollarının ticarət və istismar üzrə vitse-prezidenti Murteza Cəfəri, Finlandiya Dəmir Yolları konserninin (“VR Group LTD”) Rusiyadakı nümayəndəliyinin rəhbəri Vladislav Şepetovski iştirak ediblər. Yığıncağa  onlayn formatda Hindistanın CONCOR konteyner korporasiyasının prezidenti Kalyana Rama da qoşulub.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynovun sədrliyi ilə keçən İşçi qrupun 6-cı iclasının iştirakçıları ötən toplantının qərarlarının icrası və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizindəki daşımaların inkişafı üzrə işlərin gedişatı ilə tanış olublar. Kağız məhsullarının konteynerlərlə Finlandiyadan Hindistana daşınması layihəsinin nəticələrinə baxılıb, mövcud trafik həcmi və Hindistandan Azərbaycan, Rusiya, Belarus və Avropa Birliyi ölkələri istiqamətlərinə konteyner yüklərin cəlb edilməsi perspektivləri, eləcə də AB ölkələrindən konteynerlərin geri yüklənməsi ilə bağlı məsələlər müzakirə olunub. Dəhliz iştirakçıları tərəfindən cəlbedici tarif şərtlərinin yaradılması, gömrük prosedurlarının sadələşdirilməsi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu boyunca konteyner qatarlarının təşkilində elektron məlumat mübadiləsinin tətbiqi, dəhlizin milli hissələrində infrastrukturun inkişafı, Astaradakı (İran) yükləmə terminalının yük potensialının artırılması, Astara-Rəşt və Zahedan-Çabahar dəmir yolu xətlərinin tikintisi və digər mövzular gündəlikdə yer alan əsas məsələlər olub. İclasda Finlandiya Dəmir Yolları konserni (“VR Group LTD”) “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə İşci qrupuna üzv qəbul edilib.

Görüş çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC nümayəndələri ilə İran, Rusiya, Belarus və Finlandiya dəmir yolları təmsilçiləri arasında ikitərəfli görüşlər keçirilib, qarşılıqlı əlaqələrə dair bir sıra məsələlər müzakirə olunub.

İclasın sonunda müvafiq protokol imzalanıb.

Xatırladaq ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb və 21 may 2002-ci il tarixindən qüvvəyə minib. Azərbaycan "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında" sazişə 2005-ci ildə qoşulub.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradacaq.


MƏNBƏ: ady.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020