Əsas səhifəNəqliyyatAZAL prezidenti Pakistan və Bolqarıstan səfirləri ilə mülki aviasiya sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
PAYLAŞ

AZAL prezidenti Pakistan və Bolqarıstan səfirləri ilə mülki aviasiya sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

Nəqliyyat 14 Mart 2022 17:00 1956

14 mart 2022-ci il, Bakı – Bazar ertəsi, 14 mart tarixində AZAL prezidenti Cahangir Əsgərov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi və Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov ilə işgüzar görüş keçirib.

Pakistanın səfiri ilə görüşdə Azərbaycan ilə Pakistan arasında mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın gündəliyinə dair fikir mübadiləsi aparılıb, həmçinin sərnişin axınının artırılması üzrə perspektiv planlar müzakirə edilib. Tərəflər qeyd ediblər ki, həyata keçirilən əksepidemik tədbirlər COVID-19 ilə bağlı hazırkı vəziyyətin yaxşılaşdırılmasına nail olmağa imkan yaradıb. 

Görüş zamanı ölkələr arasında hava əlaqəsinin bərpasının vacibliyi vurğulanıb. “Pakistan International Airlines” aviaşirkəti bu həftə Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlar yerinə yetirməyə başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.

Cahangir Əsgərov qeyd edib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə stimul verəcək. Səfir Bilal Hayinin sözlərinə görə, müntəzəm reyslərin yerinə yetirilməsi Azərbaycan ilə Pakistan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yeni təkan verəcək.

AZAL prezidenti Cahangir Əsgərovun Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov ilə görüşündə tərəflər arasında ideyalar, proqnozlar, mülki aviasiya sahəsində mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb və iki ölkənin aviaşirkətləri tərəfindən əksepidemik məhdudiyyətlərdən çıxış üçün görülən tədbirlər barədə məlumat verilib. Görüş zamanı Cahangir Əsgərov və Nikolay Yankov Sofiya ilə Bakı arasında aviareyslərin bərpası perspektivlərini müzakirə ediblər.

AZAL prezidentinin sözlərinə görə, Azərbaycanın bütün hava limanlarında beşinci və yeddinci dərəcəli hava məkanı azadlığı tətbiq edilir. Cahangir Əsgərov qeyd edib ki, bu azadlıqlar bütün xarici aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşları heç bir məhdudiyyət qoyulmadan yerinə yetirməyə imkan verir.

Səfir Nikolay Yankovun sözlərinə görə, gələcək qarşılıqlı faydalı və sıx əməkdaşlıq iki ölkə arasında işgüzar və mədəni əlaqələrin inkişafına xidmət edəcək.

 

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020